22 Dekabr 2024, Bazar

Yaxud biz niyə idman edirik?

 “İdman cəmiyyətin ayrılmaz hissəsidir”, “İdman sağlamlığın rəhnidir”, “İdman gənclərin gələcəyidir” kimi deyimlər artıq bütün dünyada şüara, devizə çevrilib. İdmanın siyasi aləmdə də rolunun böyük olduğunu nəzərə alsaq, o zaman bu sahəni müasir dövrümüzün öndə gedən sahəsi adlandıra bilərik. İdeal cəmiyyətin formalaşmasında müstəsna rol oynayan idmana başlamazdan öncə insan qarşısında iki yol olur: bu sahəyə hobbi kimi yanaşmaq, yaxud bu sahədə peşəkar olmaq. Təbii ki, hər iki amil özündə bir çox məqamları birləşdirir. Hobbi kimi idmanla məşğul olmaq, sadəcə, insanı müəyyən xəstəliklərdən qoruyur, onu gümrah, sağlam ruhda saxlayır. Peşəkar kimi bu sahəni seçmək isə təkcə insanın özünü yox, eyni zamanda cəmiyyəti maraqlandırır: onun uğuru ölkənin tanınmasında bilavasitə rol oynayır.

Hər kəs idman etməyi bacarır, lakin edilən idmanın mahiyyətini anlayan müasir cəmiyyətimizdə çoxluq təşkil etmir. Düzdür, Braziliyanın tanınmış klinikasının mütəxəssislərinin apardığı araşdırmadan sonra məlum olub ki, bu sahə ilə məşğul olanların cəmi 30 faizə qədəri 35 yaşdan yuxarıdır. Deməli, idman daha çox uşaq, yeniyetmə və gənclər arasında populyardır. Bəs bu təbəqənin insanları etdikləri idmanın mahiyyəti barədə nə bilirlər? Yenə aparılan tədqiqatlardan nəticə: 100 min uşaq, yeniyetmə və gəncin qatıldığı sorğudan sonra belə qənaətə gəlinib ki, hələ də dünyada idman sahəsində maarifləndirmə siyasəti düzgün aparılmır. Biz idmanı niyə sevirik? Bax müasir dövrün idman həyatında ən çox qarşılaşdığımız bu sual çoxları üçün qaranlıq qalmaqdadır. Əslində, bunun çox sadə cavabı var: maariflənmək.

Futbol üzrə dünya və Avropa çempionatlarında hər zaman favorit kimi göstərilən Fransa və İngiltərə millilərinin uğursuz oyunlarında futbol ulduzu Zinəddin Zidana “uğursuzluğun, sizcə, səbəbi nədir?” sualı ünvanlanır. Fransalı keçmiş futbolçu buna çox sadə, eyni zamanda düşündürücü tərzdə cavab verir: “Bizim vaxtımızda futbolu başla oynayırdılar, indiki futbolçular yalnız ayaqdan istifadə edirlər”. İdman sahəsində savadsızlıq mütləq mənada uğursuzluğa səbəb olacaq. Uşaq və ya yeniyetmə idman sahəsində uğur qazanmaq üçün, ilk növbədə, təhsilə meyilli olmalıdır. Daha təhsildə uğursuz olub, idmanla məşğul olmağa məcbur idmançı müasir dövr üçün keçərsizdir. Yəni idmançıya fiziki güclə yanaşı, bu gücü istifadə etməyə savad da lazımdır.
Hazırda Naxçıvan Muxtar Respublikasında idman sahəsində uğur qazanmaq üçün müasir tələblərə cavab verən idman kompleksləri, idman zalları fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi isə bu sahənin kütləvi hal alması üçün müəyyən tədbirlər həyata keçirir. Bəs uğur qazanmaq üçün nə çatmır? Burda güc idmanla peşəkar kimi məşğul olanların üzərinə düşür. Edilən idmanın mahiyyəti, yaxud məşğul olduğu növ haqda bilgisi olmayan uşaq, yeniyetmə və ya gənc, sözsüz ki, təhsildən də uzaqdır. İdman sahəsində uğur qazanması üçün onu, ilk olaraq, təhsilə yönləndirmək lazımdır. Çünki idmana səriştəsiz yanaşan gənc həm bu sahəni, necə deyərlər, “gözdən salır”, həm də gələcək cəmiyyət üçün sağlam beyinli gənc kimi formalaşmır. Odur ki, Naxçıvanda savadlı idmançıların yetişdirilməsinə ciddi diqqət yetirilir.­
Bu gün “İdmanı niyə edirik?” sualının mahiyyətini öz övladına olduğu kimi aşılaya bilməyən valideyn sabahımız üçün səriştəli olmayan gənc formalaşdırır. Uşaqların idman sahəsində uğursuz çıxışının əsas səbəbkarlarından biri də valideynlərdir. Niyə? Əvvəla onu qeyd edək ki, valideyn övladının istəyindən fərqli olaraq, onu özünün arzu etdiyi idman növü ilə məşğul olmağa vadar edir. Alimlərin apardığı araşdırmadan sonra məlum olub ki, kiminsə diktəsi ilə idman növünü seçən gəncin həyatında boşluq yaranır və bu boşluq onu gələcəkdə cəmiyyətin mənfi üzvünə çevirir. Yaxud valideyn öz istəyi ilə övladının idman seçiminə qarışmaqla yanaşı, onun savadsız bir fərd kimi formalaşmasında da rol oynayır. Artıq “onsuz da oxumayacaq, heç olmasa, idmanla məşğul olsun” kimi geridə qalmış düşüncələrdən uzaq olmağın vaxtıdır. Unudulmamalıdır ki, hər bir valideyn gələcək cəmiyyət üçün şəxsiyyət yetişdirir və bu şəxsin savadlı-savadsız olmağı ailə mühitindən asılıdır.
Digər tərəfdən, bəzən valideyn uşağın idman sahəsində qazandığı uğurları görsə də, onu bu sahədən soyutmağın yollarını da yaxşı “bacarır”. Artıq peşəkar idmana qədəm qoyan uşaq və ya yeniyetmə tez bir zamanda bu sahədən ayrılmaq məcburiyyəti ilə üzləşir və təhsilə yönləndirilir. Əslində, bu, bir şəxsin həyatı üçün atılan ən kobud addımdır. Valideyn övladını idman sahəsinə cəlb edərkən onu təhsildən tamamilə ayırmamalıdır ki, gələcəkdə övladı istər idman, istərsə də təhsil sahəsində uğur qazana bilsin. Uşağı və ya yeniyetməni təhsildən uzaqlaşdırmaqla idmanda uğur qazanmaq mümkün deyil. Müasir dövrümüzdə dünya arenalarında uğur qazanan idmançıların karyeralarına baxmaq kifayət edir ki, onların təhsilə nə qədər önəm verdiklərini görək.
“Biz niyə idman edirik?” sualına başqa cür yanaşanlar da az deyil. Bir anlıq situasiyanı başqa yöndə dəyərləndirək. “Qonşudan qalma dala” deyimi artıq idman sahəsinə də “sıçrayıb”. Bəziləri üçün övladını idmana aparmaq, onu idman etməyə vadar etmək heç də cəmiyyətə sağlam fərd təqdim etmək anlamına gəlmir. Bu, sadəcə, kiminsə bəhsinə girmək və ya gözdən pərdə asmaqdır. Adətən, valideyn gücünə idmanla məşğul olmağa məcbur olan uşaqlarda psixoloji vəziyyət heç də ürəkaçan olmur. Onlarda müəyyən müddətdən sonra özündən razılıq, təhsilə laqeyd yanaşma, digərlərini özündən aşağı səviyyədə görmək kimi mənfi hallar baş qaldırır.
Hər şey qədərində yaxşıdır. Ənənəyə sadiq qalmaq və birbaşa məsələyə doğru yöndən toxunmaq isə hər bir valideynin borcudur. Sağlam ruhun formalaşmasında insan vücudunu idmansız təsəvvür etmək mümkün olmadığı qədər, idmanı da təhsilsiz təsəvvür etmək qeyri-mümkündür. Təhsil uğuru olmayan uşaq və ya yeniyetmələri məcbur qalıb idmana cəlb etmək idmanı gözdən salmaqdır.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR