“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı qədim Naxçıvan şəhərindəki Şahmat Mərkəzində çox yüksək səviyyədə keçirildi. Yarışın nəticələri media və internet vasitəsi ilə bütün dünyaya çatdırıldı. Dünyanın istənilən ölkəsindən beynəlxalq festivalın gedişini izləmək mümkün oldu. Mənim fikrimcə, artıq ənənə halını alan beynəlxalq şahmat festivallarının yüksək səviyyədə təşkil olunması ilə diqqəti cəlb edən Naxçıvan təcrübəsi bir çox ölkələrə nümunədir.
Bu fikirləri “Şərq qapısı” qəzetinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov dedi.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti qeyd etdi ki, Naxçıvanda beynəlxalq şahmat festivalları keçirildiyi zaman bütün tanınmış şahmatçılar bura sevinclə gəlirlər. Çünki Naxçıvandakı qonaqpərvərlik, beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyəti, təşkilatçılıq çox yüksək səviyyədədir. Bura qonaq gələn bütün şahmatçılar üçün hər cür şərait yaradılır.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkili üçün mən Naxçıvan Muxtar Respublikasının rəhbərinə minnətdarlığımı bildirmək istəyirəm. Beşinci dəfədir, keçirilən bu festival artıq ənənə halını alıb və hər dəfə də biz festivalın yüksək səviyyədə keçirilməsinin şahidi oluruq”, – deyən Kirsan İlyumjinov bildirdi ki, yarışda 12 ölkədən 350-dən çox şahmatçının iştirak etməsi də qeyd olunanları təsdiq edir. Tanınmış şahmatçıların qarşılaşdığı festivalda həm də azyaşlılar arasında şahmat yarışının keçirilməsi çox müsbət haldır.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti vurğuladı ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan şahmata qayğı siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan bu il Şahmat üzrə Dünya Kubokuna və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir. Bu, Azərbaycanın dünyada idman, şahmat ölkəsi kimi tanınması, beynəlxalq tədbirlərin keçirildiyi əzəmətli məkana çevrilməsi ilə sıx bağlıdır.
Rauf Əliyev