Mayın 6-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə idmanın inkişafını diqqətdə saxlamış, bu sahədə ardıcıl tədbirlər görülmüşdür. Azərbaycanın bütün bölgələrində idman kompleksləri, meydançalar tikilib istifadəyə verilmiş, idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Hazırda ulu öndərin müəyyənləşdirdiyi idman siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Ölkəmizdə idman yeni inkişaf mərhələsinə yüksəlmiş, Azərbaycan dünyanın nüfuzlu idman mərkəzinə çevrilmişdir. Yaradılan müasir idman infrastrukturu, idmançıların dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında uğurlu çıxışları və qazandıqları qələbələrin nəticəsidir ki, Azərbaycan bu il ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Azər Zeynalov bu münasibətlə bütün idmançıları təbrik etmiş, naxçıvanlı idmançılara Avropa Oyunlarında uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı daim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun himayəsi, diqqət və qayğısı əhatəsindədir. Artıq muxtar respublikada da beynəlxalq idman yarışlarının keçirilməsi və bu yarışlarda naxçıvanlı idmançıların uğurlar qazanması ənənə halını almışdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının sağlam mübarizə şəraitində keçəcəyinə əminliyini bildirmiş və yarışı açıq elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışları olmuşdur.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının görüşlərinə start verilmişdir. Qeyd edək ki, çempionatda 15 çəki dərəcəsində 126 idmançı mübarizə aparır. İki gün davam edəcək yarışlarda qalib gələn idmançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Şərq qapısı”