Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan şəhərindəki idman zallarında dezinfeksiya işləri aparılıb. Bu tədbir ilk olaraq İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi və Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin idman zallarında həyata keçirilib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bizimlə söhbətində bildirdi ki, bu cür tədbirlər mütəmadi olaraq həyata keçirilir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında müxtəlif idman zalları fəaliyyət göstərir. Biz Səhiyyə Nazirliyi və rayonların Gigiyena və Epidemiologiya mərkəzləri ilə birgə tez-tez dərmanlama işləri aparırıq. Məqsəd isə idmançılarımızı yoluxucu xəstəliklərdən qorumaq və onların daha təmiz idman zallarında məşqlər etməsini təmin etməkdir.
Dezinfeksiya işləri ötən gün Şərur rayonunda da aparılıb. Belə ki, rayon Gənclər və İdman İdarəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin birgə həyata keçirdiyi dezinfeksiya işləri ilk olaraq Şərur Rayon Olimpiya-İdman Kompleksində aparılıb. Daha sonra Gənclər və İdman Nazirliyinin balansında olan idman zallarında dezinfeksiya işləri həyata keçirilib.
Ceyhun Məmmədov