22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol üzrə Naxçıvan Muxtar Respublika turnirinə dünən yekun vuruldu.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi turnirin final qarşılaşmasında “Araz-Naxçıvan” və “Dinamo” futbol komandaları üz-üzə gəldilər.
Naxçıvan Muxtar Respublika Stadionunda gərgin idman mübarizəsinə şahidlik edən azarkeşlər oyun ərzində 5 qol izlədilər. İlk hissəyə hücumlarla başlayan “Araz-Naxçıvan” Tağı Seyidovun dublu sayəsində rəqibi iki dəfə mərkəzə dəvət etdi. Maraqlısı odur ki, “qırmızı-ağlar” oyunun 70 dəqiqəyə yaxın müddətini azlıqda keçirdilər. Sərt oyun nəticəsində hakim Elşad Əliyevi meydandan kənarlaşdırdı. Bu, görüşdə son qırmızı vərəqə olmadı. Belə ki, referi ikinci hissədə də hər iki komandadan bir futbolçunu meydandan çıxardı. Lakin ruhdan düşməyən komandalar ikinci hissədə daha baxımlı oyun sərgilədilər. Əvvəlcə “Araz-Naxçıvan”ın heyətində Əsgər Əsgərov hesab arasındakı fərqi 3 topa çatdırdı. “Dinamo” bu qollardan birinin əvəzini çıxsa da, sona 10 dəqiqə qalmış qapısında daha bir qol gördü və meydanı 1:4 hesablı məğlubiyyətlə tərk etdi.

Bununla, “Araz-Naxçıvan” komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol üzrə Naxçıvan Muxtar Respublika turnirinin qalibi oldu.
Mükafatlandırma mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Burada olimpiya-idman kompleksləri, üzgüçülük, şahmat, stend və sportinq atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb. “Bu gün futbol üzrə muxtar respublika turnirində gənc futbolçuların sərgilədiyi baxımlı oyun bizdə xoş təəssürat yaratdı”, – deyən nazir turnirdə iştirak edən bütün futbolçuları təbrik etdi.
Sonra turnirin mükafatlandırma mərasimi oldu. Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev turnirin qalibi olan “Araz-Naxçıvan” futbol komandasına kuboku təqdim etdi.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR