22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində birinci Avropa Oyunlarının bürünc mükafatçısı, həmin ali məktəbin Bədən tərbiyəsi və idman ixtisası üzrə I kurs tələbəsi, gənc boksçu Tayfur Əliyevlə görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə gənc boksçu Tayfur Əliyevin “Tərəqqi” medalı ilə təltif olunması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Tayfur Əliyevə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalını təqdim etməsi ölkədə idmanın inkişafına və gənclərə göstərilən böyük diqqət və qayğının bariz ifadəsidir. Rektor gənc yaşında qazandığı bütün bu yüksək nailiyyətlərə görə rəhbərlik etdiyi ali təhsil ocağının çoxsaylı kollektivi adından Tayfur Əliyevi təbrik edib.
Universitetin müəllimi, boks üzrə idman ustası, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevin ali təhsil ocağındakı ixtisas müəllimi Valeh Əlixanov 4 yaşından boksla məşğul olan gənc boksçunun bu günə qədər qazandığı idman uğurlarına nəzər salıb, keçirdiyi yarışlar haqqında məlumat verib. Bildirilib ki, Tayfur Əliyev “Bakı-2015” ilk Avropa Oyunlarında boks yığmamızın heyətində kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Birinci Avropa Oyunlarının bürünc mükafatçısı, tələbə Tayfur Əliyev 2015-ci ilin oktyabr ayında Qətər Əmirliyində keçiriləcək dünya çempionatında iştirak edəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev qələbə sevincini bölüşüb, ona dəstək olanlara minnətdarlığı­nı bildirib: “Cənab Prezidentimiz İlham Əliyevin Danimarka idmançısı Frederik Yansenlə keçirilən ikinci görüşümü şəxsən izləməsi mənə ayrı bir güc, enerji, stimul verdi. Azərbaycan Respublikası Prezidentinin yarışlardan sonra qaliblərlə görüşməsi və bizi təltif etməsi idmançılarımıza göstərilən böyük qayğının təzahürü idi. Dövlətimizin idmançılara göstərdiyi yüksək qayğıdan bəhrələnərək bundan sonrakı yarışlarda, həmçinin “Rio-de-Janeyro- 2016” Olimpiya Oyunlarında Azərbaycan bayrağının dalğalanması üçün mübarizə aparacağam”.
Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Bakı-2015” ilk Avropa Oyunlarında bürünc medal qazanmış gənc boksçuya pul mükafatı və hədiyyə təqdim edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR