22 Dekabr 2024, Bazar

İlk dəfə olaraq Azərbaycanda təşkil olunan birinci Avropa Oyunlarına yekun vurulub. “Bakı-2015” ilk Avropa Oyunları istər təşkilatçılıq, istərsə də idmançılarımızın uğurlu çıxışı baxımından bir daha sübut etdi ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi sözünü deməkdədir.
İlk Avropa Oyunları eyni zamanda Naxçıvan Muxtar Respublikası üçün də yaddaqalan oldu. Belə ki, bu mötəbər idman tədbirində çıxış edən boksçumuz Tayfur Əliyev bürünc medal qazanmaqla adını tarixə yazdırdı. Ötən gün Tayfur Naxçıvana qayıdıb. Avropa Oyunlarının bürünc mükafatçısı Naxçıvan Beynəlxalq Hava Limanında idman ictimaiyyəti, kütləvi informasiya vasitələri nümayəndələri və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sonra Tayfur Əliyev Naxçıvan Üzgüçülük Mərkəzində kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb. Mətbuat konfransından öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov boksçumuzu qazandığı böyük nailiyyətə görə təbrik edib və bu uğuru son illər muxtar respublikada idmana göstərilən qayğının nəticəsi kimi dəyərləndirib. Gənclər və İdman naziri “Bakı-2015” ilk Avropa Oyunlarında bürünc medal qazanmış boksçumuza hədiyyə təqdim edib.

Media nümayəndələrinin suallarını cavablandıran Tayfur Əliyev ilk olaraq Avropa Oyunları zamanı ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Öncə onu qeyd edim ki, birinci Avropa Oyunlarında çıxış etdiyim üçün çox qürurluyam. Çünki bu yarış tarixdə ilk dəfə keçirilir. İllər ötəcək, amma ilk Avropa Oyunları yadda qalacaq, fərqli hislər olacaq. Özümü şanslı sayıram. Çünki Avropada az idmançı mən yaşadığım hisləri keçirdi. Döyüşlərimə gəldikdə isə çıxışımdan çox da razı qalmadım. Mənim üçün Avropa Oyunlarında qazandığım təcrübə daha önəmlidir. İlk dəfə idi ki, böyüklər arasında, özü də belə mötəbər yarışda iştirak edirdim. Həyəcanım çox idi. Bundan sonrakı yarışlarda – dünya çempionatı və Olimpiya Oyunlarında daha yaxşı döyüşəcəm. İstər yarış həyəcanı, istərsə də döyüş taktikası baxımından burada qazandığım təcrübə mənə kömək edəcək”.
Qeyd edək ki, Tayfur Əliyev “Bakı-2015” ilk Avropa Oyunlarında boks yığmamızın heyətində 56 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, 1/8 final mərhələsində Rumıniya boksçusu Nikolae Andreiananı, 1/4 finalda isə Danimarka idmançısı Frederik Yanseni məğlub etsə də, yarımfinalda Rusiya təmsilçisi Baxtovar Nazirova məğlub olaraq bürünc mükafat qazanıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR