22 Dekabr 2024, Bazar

Avropa məkanına inteqrasiya etməklə ümumavropa xəzinəsinə özünün əvəzsiz töhfələrini verən Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını keçirməklə qitə miqyasında Azərbaycan standartlarını yaradır.
Birinci Avropa Oyunları təkcə adıçəkilən qitənin deyil, bütün dünyanın idman tarixində mühüm bir hadisədir. Müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan Respublikası bu oyunları yüksək səviyyədə təşkil etməklə Avropa ölkə­lərinə də nümunə göstərmiş oldu. Bundan sonra yüz il keçsə də, bütün Avropa, dünya bu həqiqəti etiraf edəcək, gələcəkdə Avropa Oyunlarının hər açılış mərasimində bu oyunların ilk keçirildiyi məkan kimi Odlar yurdu Azərbaycanın adı çəkiləcəkdir.
Bu gün ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də tarixi uğurlar qazanılır. Təsadüfi deyil ki, respublikamız birinci Avropa Oyunlarında həm də qızıl medal qazanan idmançıların sayına görə seçilir. Azərbaycan idmançıları bu günədək keçirilən yarışlarda 14 qızıl, 7 gümüş və 14 bürünc medal qazanmaqla ön sıralarda yer alırlar. Bu, ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Hər an dövlətimizin qayğısını hiss edən idmançılarımız müxtəlif olimpiadalarda, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandıqları medalların sayını ilbəil artırırlar.

Bu gün Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Son 20 il muxtar respublikanın idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması qədim diyarımızda beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. Muxtar respublikada bu gün olimpiya-idman komplekslərinin, üzgüçülük mərkəzlərinin, şahmat mərkəzinin, uşaq-gənclər şahmat məktəblərinin, uşaq-gənclər idman məktəblərinin, Stend və Sportinq Atıcılıq Mərkəzinin, eləcə də stadionların, idman zallarının və sadə idman qurğularının, 12 idman federasiyasının fəaliyyət göstərməsi Naxçıvanda idmanın inkişafı üçün əsaslı zəmin yaradır. Son illər 40-a yaxın idman obyektinin istifadəyə verilməsi, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zallarının yaradılması isə bu sahəyə göstərilən diqqətin nəticəsidir.
2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanıblar. Bunun davamı olaraq, “Bakı-2015” birinci Avropa Oyunlarında idmançımız Tayfur Əliyev boks yarışlarında yarımfinal mərhələsinədək irəliləyərək qızıl medal uğrunda mübarizəsini davam etdirir. Böyük azarkeş kütləsinin dəstəyi ilə yarış meydanına çıxaraq rəqiblərini məğlub edən boksçumuz həm də yaşına görə diqqətləri üzərinə cəlb edir. Belə ki, birinci Avropa Oyunlarının boks yarışlarının ən gənc döyüşçüsü 17 yaşlı həmyerlimiz Tayfur Əliyevdir. İndiyədək keçirdiyi qarşılaşmalar isə belə deməyə əsas verir ki, boksçumuz qızıl medal qazanacaq idmançılar arasında real namizədlərdən biridir.
Bundan başqa, digər həmyerlimiz, Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyev bürünc medal qazanıb və birinci Avropa Oyunlarını üçüncü pillədə başa vurub.

 Rauf ƏLİYEV

Azərbaycan tarix yazır
Avropanın yaddaşına,
Əbədidir bu tarixim –
Qobustanın yazısıtək.
Odlar yurdu od paylayır
yaxın, uzaq ölkələrə,
Qürur duyur oğlu, qızı –
sinəsinə sığmır ürək.

Torpağım zər, suyum atəş,
Günəş doğur Xəzərimdən,
Gecə-gündüz Atəşgahda
yanan atəş ürəyimdi.
İlk Oyunun məşəlini
əllərində tutana bax,
Od xalqımın Günəş eşqi,
sönməz arzu-diləyimdi.

Mən dünyaya barış əli
uzadıram min illərdir,
Beş qitədə məşəl kimi
yandırıram ürəyimi.
Günəş nurlu, məhəbbətli
ürəyimi səhər-axşam
Qaldırıram başım üstə
bir əbədi məşəl kimi.

Gördü dostum, düşmənim də –
mən güclüyəm, qüdrətliyəm,
Şimşəkləri parçalayıb,
sərt dağları yara bildim.
Yollarıma daş düzənin,
çəpər çəkib, sədd çəkənin
Arzusunu, istəyini
ürəyində qoya bildim.

Mənim yolum haqq yoludur –
istəyimə çatmaq üçün
Ulduzları bircə-bircə
dərib Yerə gətirərəm.
Yerdən qaya qaldıraram,
od alaram sudan, daşdan,
Boz çöllərə həyat verib,
gül-çiçəklər bitirərəm.

Babalarım min illərdir
Qobustanda əl-ələdir,
Ulu xalqım, bu birliyin,
həmrəyliyin pozulmasın!
Azərbaycan barış deyir
saf ürəklə Yer üzünə
Bu şüarı siz dünyanın
yaxasından Aytək asın!

Azərbaycan tarix yazır –
yüz il, min il ötsə belə
Tarixin daş yaddaşında
yaşayacaq adım mənim!
Qoca tarix özü şahid –
bundan sonra hər diyarda
Anılacaq adım mənim,
yaşayacaq odum mənim!

Asim YADİGAR

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR