İlk dəfə olaraq Azərbaycanda təşkil olunacaq Birinci Avropa Oyunlarının başlamasına az bir zaman qalıb. “Bakı-2015” Birinci Avropa Oyunlarında çıxış edəcək idmançılar artıq son təlim-məşq toplanışlarını keçirirlər. Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək boks üzrə milli komandamız da Avropa Oyunlarına hazırlıqlarını davam etdirir. Sevindirici haldır ki, ilk Avropa Oyunlarında Naxçıvan boksçusu Tayfur Əliyev də iştirak edəcək. Dəri əlcək sahibimiz hazırda Azərbaycan millisi ilə birgə Meksikanın paytaxtı Mexiko şəhərində təlim-məşq toplanışındadır. “Avropa Oyunlarına hazırlıqlarımız davam edir. Artıq yarışın başlamasına az bir müddət qalıb və bütün diqqətimizi təlimlərə yönəltmişik. İlk Avropa Oyunlarında tarixə düşmək, uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Məqsədim Azərbaycan bayrağını bu mötəbər idman yarışında dalğalandırmaqdır”, – deyən Naxçıvan boksçusu Tayfur Əliyev may ayının 25-dək Meksikada təlim-məşq toplanışında olacaq.
Artıq okeanın o tayında boksçumuz bir neçə sparrinq döyüşü keçirib və rinqi qələbələrlə tərk edib.
Ceyhun Məmmədov