Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya- İdman Kompleksində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yeniyetmələr arasında karate-do üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın açılış mərasimində çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb.
Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi milli ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini, yarışın baş hakimi Nəriman Quliyev yarış iştirakçılarına uğurlar arzulayıb və yarışın qaydaları haqqında idmançıları məlumatlandırıb.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 yaş qrupunda 50 idmançı mübarizə aparıb. 8-9 yaş qrupunda Rəşid Süleymanov, 10-11 yaş qrupunda Vüsal Seyidov, 12-13 yaş qrupunda Murad Ələkbərov, 14-15 yaş qrupunda isə Sərcan Məmmədov qaliblər sırasına yüksələrək yaşıdları arasında I yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.
Xəbərlər şöbəsi