22 Dekabr 2024, Bazar

İdmançılarımız üçün yaradılan şərait nəticəsində son illər əldə edilən uğurlar, qazanılan nailiyyətlər bir-birini əvəzləməkdədir. Hər ay Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının təşkil etdikləri yarışlar və turnirlər yeniyetmə, gənc idmançıların püxtələşməsi ilə nəticələnir. Geridə qoyduğumuz may ayını idman ayı hesab etmək olar.

 Böyük idman tədbirlərinin ev sahibi – Naxçıvan

May ayı idman sahəsində keçirilən bir çox böyük tədbirlərlə yadda qalıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış, turnir və tədbirlərdə 3000-ə yaxın yeniyetmə və gənc iştirak edib. İlk belə böyük tədbir ayın əvvəlində Naxçıvan Şahmat Mərkəzində keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 12 ölkədən 359 şahmatçı qüvvəsini sınayıb ki, onlar arasında muxtar respublikanın 80 zəka sahibi də vardı. Sevindirici haldır ki, şahmatçılarımızdan Kamil Rzayev, Həsən Rəhimov, Toğrul Həsənzadə, veteranlar arasında Zakir İsmayılov, 8 yaş (oğlanlar) qrupunda Zahid Allahverdiyev, 10 yaş (oğlanlar) qrupunda Sadiq Qarayev, 10 yaş (qızlar) qrupunda Zərrin Məmmədli, 12 yaş (qızlar) qrupunda isə Aysel Dünyamalıyeva mükafatçılar sırasına düşə biliblər.
May ayında Naxçıvan daha bir mötəbər turnirə ev sahibliyi edib. Belə ki, mayın 7-də Şərur Rayon Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə Azərbaycan çempionatı keçirilib.

İndividual, kollektiv və beynəlxalq yarışlar

Keçirilən beynəlxalq festivalla yanaşı, Gənclər və İdman Nazirliyi ilə federasiyalar ay ərzində müxtəlif növlərdə yarışlar təşkil ediblər. May ayının ilk günlərində İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş boks üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. 13 çəki dərəcəsində rinqə 150-dən çox dəri əlcək sahibi çıxıb.
Ötən ay İlham Əliyev adına Olimpiya-İdman Kompleksi boksçularımızla yanaşı, güləşçilərin və kikboksinqçilərin də ixtiyarında olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə muxtar respublika çempionatında 120, kikboksinq üzrə turnirdə isə 200-ə yaxın idmançı iştirak edib.
Qeyd olunan dövr ərzində idmansevərlər karate-do üzrə muxtar respublika açıq birinciliyinə, yüngül atletikanın kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında muxtar respublika turnirinə və velosiped yürüşü üzrə birinciliyə şahidlik ediblər. Bu yarışlarda 800-ə yaxın yeniyetmə və gənc qüvvəsini sınayıb.
Daim diqqət mərkəzində saxlanılan paralimpiyaçılar arasında idmanın dörd növü üzrə muxtar respublika birinciliyini isə xüsusi qeyd etmək lazımdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarışda 100-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.
İndividual növlərlə yanaşı, may ayında komanda tərkibli yarışların sayının çox olması diqqətdən yayınmayıb. Naxçıvan Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş paintball üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublika birinciliyində 7 komandada 42 idmançı, kişilər arasında voleybol üzrə muxtar respublika turnirində 8 komandada 96 voleybolçu və basketbol üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika turnirində 8 komandada 96 basketbolçu iştirak edib ki, bu da son aylar kollektiv idmana olan marağın artması kimi səciyyələndirilir.
İdmançılarımız ölkədaxili və beynəlxalq yarışlarda da bir sıra uğurlar qazanıblar. Bakı şəhərində Uşaq-gənclər idman məktəblərinin yeniyetmələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Azərbaycan çempionatında Naxçıvan idmançıları da iştirak ediblər. Onlar arasında ən yaxşı nəticəni 73+ kiloqram çəki dərəcəsində Abdulla İsmayılov göstərib. İdmançımız yalnız həlledici qarşılaşmada məğlub olaraq ikinci­liklə kifayətlənib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri isə Gürcüstan Respublikasının Tbilisi şəhərində (WSKU) Dünya Şotakan Karate Birliyinin təşkil etdiyi karate-do üzrə dünya çempionatında uğurla çıxış ediblər. Qonşu ölkəyə 2 idmançımız yollanıb ki, onların da hər ikisi Naxçıvana medallarla qayıdıb. Belə ki, karateçilərimizin iştirak etdiyi çempionatda 8 yaş qrupunda Rəşid Süleymanov (iki üslubda) ikinci və üçüncü yerlərə, 9 yaş qrupunda Günay Süleymanova isə iki üslubda birinci yerə layiq görülüblər.
May ayının son günlərində isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin (1999-2000-ci illər təvəllüdlü) Naxçıvan Muxtar Respublika spartakiadası keçirilib. 5 idman növü – yüngül atletika, uzununa tullanma, stolüstü tennis, şahmat və basketbol üzrə keçirilən spartakiadada 8 komandada 348 idmançı iştirak edib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR