Şahbuz rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib. 20 şahmatçı yarışda İsveçrə sistemi ilə 8 turda qüvvəsini sınayıb. Yarış başlamazdan əvvəl rayon Təhsil Şöbəsinin əməkdaşı Sahib Hüseynov, Gənclər və İdman İdarəsinin məsləhətçisi İdris Qəhrəmanov çıxış edərək ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından, ölkəmizin sürətli inkişafından söhbət açıb və iştirakçılara uğurlar arzulayıblar.
Yarışın nəticələrinə görə, birinci yerə Nuray Quluzadə, ikinci yerə Vüsal Cabbarov, üçüncü yerə isə Hüseyn Hüseynli layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yarış Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti