22 Dekabr 2024, Bazar

Düzgün tərbiyə almış vətənpərvər gəncliyin yetişdirilməsi və sağlam milli şüurun formalaşması xalqın xoşbəxt gələcəyinin təminatı deməkdir. İnsanın istər maddi, istərsə də mənəvi baxımdan ideal formalaşması üçün, ilk növbədə, ona fiziki sağlamlıq lazımdır. Deməli, sağlam gələcəyin əsası idmandan başlayır. Məşqçi amili idmanda mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasında idmana, idmançılara, həmçinin məşqçilərə göstərilən qayğı yüksək səviyyədədir. 

Milli idman növlərindən olan güləşin muxtar respublikada qədim ənənəsi var. Belə ki, dünənimizdən bizə miras qalan bu idman növü xüsusi qayğı ilə və bu günümüzə kimi yaşadılıb, öz potensialını itirməyib. Təbii ki, güləşin zəmanəmizə kimi gəlməsində əsas rolu onu təbliğ edən məşqçilər oynayıb. Bu məşqçilərdən biri də ömrünü güləşə həsr edən Kamaləddin İsmayılovdur.
Kamaləddin müəllimlə söhbətimizə güləşin onun həyatında hansı dəyişik­liklərə səbəb olduğu barədə başladıq: “Güləş mənim üçün bir idman növü olmaqla yanaşı, həm də böyük mirasdır, milli dəyərdir. Azərbaycanda bu növün qədim tarixi var. Biz gənc olarkən güləşin sirlərini öyrənməklə kifayətlənmirdik, eyni zamanda bu növün tarixi barədə məlumatlar əldə edirdik. 12 yaşımdan etibarən bu sahəni seçmişəm və heç vaxt da peşman olmamışam. Peşəkar karyeram ərzində dəfələrlə yeniyetmə, gənc və kişilər arasında Naxçıvan çempionu olmuşam. Həmçinin yeniyetmələr arasında “Azərbaycan çempionu” adını qazanmışam. Hərbi xidmətdə olduğum müddətdə yenə də bu idmanla məşğul olmuşam və Ukraynada hərbçilər arasında keçirilən birinciliyin qalibi olmuşam”.

Peşəkar idmançı kimi karyerası zəngin olan Kamaləddin İsmayılov artıq 34 ildir ki, məşqçi kimi fəaliyyət göstərir: “Karyeramı başa vurduqdan sonra məşqçi kimi milli idman növünün sirlərini həvəsi olanlara öyrətməyə başladım. 80-ci illərin əvvəllərindən etibarən məşqçilik etməyə başlamışam. O gündən etibarən yalnız bir məqsədim olub: muxtar respublikada güləşin inkişafına, kütləviləşməsinə töhfələr vermək. Qismən də olsa, buna nail oldum, yetirmələrim dəfələrlə ölkə çempionu adını qazandı və beynəlxalq arenalarda Azərbaycanın bayrağını dalğalandırmağa müvəffəq oldular”.
Azərbaycanda qadın güləşi dedikdə ilk ağlına gələn insan Kamaləddin müəllimdir. Çünki ölkədə qadın güləşinin yaradılması məhz veteran idmançımızın adı ilə bağlıdır: “1998-ci ildən başlayaraq qadın güləşinin inkişafı üçün ölkə ərazisində təbliğata başladıq və ilk dəfə olaraq Naxçıvanda qadın güləşinin əsasını qoyduq. Artıq 2000-ci ildə bu, öz bəhrəsini verməyə başladı və 20-dən çox qadın güləşçi ilə məşqlərimizi davam etdirirdik. Bir neçə il sonra isə Azərbaycanda qadın güləşi ilə məşğul olanların sayı artmağa başladı və ölkə ərazisində geniş vüsət aldı”.
Muxtar respublikada güləşin inkişafı üçün səy göstərən Kamaləddin İsmayılov digər idman növlərinin də kütləviləşməsi üçün müəyyən addımlar atıb: “2000-ci illərin əvvəllərində Naxçıvanda ilk dəfə bədii gimnastikanı kütləvi idman növü kimi təbliğ etməyə başladıq. O vaxt uşaqların bu idman növünə marağı həddindən artıq çox idi. Bir çox idmançımız müəyyən uğurlardan sonra milliyə dəvət aldı ki, onlardan biri də Humay Qafar­ovadır. Çox sevindirici haldır ki, Humay Qafar­ova hazırda bu sahənin inkişafı üçün Naxçıvanda çalışır”.
“Güləşçi olmaq istəyən kəs, ilk növbədə, bütün diqqətini bu sahəyə yönəltməlidir”, – təcrübəli veteran idmançımız belə deyir. O, gənclərin güləşi sevmələri üçün öz tövsiyələrini də verməyi unutmadı: “Güləş idman növü olmaqla yanaşı, həm də mətinlik, ədalətlilik aşılayan fiziki hərəkətlər məcmusudur. Güləşçi olmaq, bu sahəni sevmək iradə, cəsarət tələb edir. Sevindirici haldır ki, bu gün muxtar respublikada bu növə maraq həddindən artıq çoxdur”.
“Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunan Kamaləddin İsmayılov bu adı daim doğrultmağa çalışacağını da qeyd etdi. Veteran güləşçi milli idman növünə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirdi: “Muxtar respublika rəhbəri idmana xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, Naxçıvan idmançıları yollandıqları hər bir yarışın favoriti hesab olunurlar. Buna görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. Həmçinin qeyd edək ki, bu diqqət və qayğıdan lazımınca yararlanmağa çalışan muxtar respublika Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin güləşçilər üçün yaratdığı şərait də biz məşqçilərin ürəyincədir”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR