“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuşdu. Ona görə də ümummilli liderimizə və onun doğulub boya-başa çatdığı qədim, doğma Naxçıvana sonsuz sevgimi ifadə etmək üçün festivalın qalibi kimi qazandığım kuboku Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə hədiyyə etdim.
Bu sözləri “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qalibi, Bakı şahmat məktəbinin yetirməsi Eltac Səfərli dedi.
“Naxçıvanda keçirilən beynəlxalq festivalda artıq ikinci dəfədir, iştirak edirəm. Keçən il ikinci yerə çıxa bildim, bu il isə daha böyük əzmkarlıq göstərərək birinci yeri qazandım. Əminəm ki, bu festivalda iştirak edən hər bir şahmatçı qaliblər sırasına düşməsə belə, Naxçıvandan xoş təəssüratlarla ayrılıb. Çünki mən hər dəfə şahmat bayramının daha yüksək səviyyədə təşkil olunduğunun şahidi oluram”, – deyən Eltac Səfərli beynəlxalq şahmat yarışının yüksək səviyyədə təşkili üçün dərin minnətdarlığını bildirdi.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qalibi vurğuladı ki, 5 ildir, keçirilən beynəlxalq şahmat festivalı bir daha muxtar respublikanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəyə malik olduğunu nümayiş etdirdi. Naxçıvan festivalların yüksək səviyyədə təşkili ilə dünyanın məşhur, tanınmış şahmatçılarını cəlb edə bilib.
Rauf Əliyev