Ötən həftə Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı keçirilib.
Ölkə birinciliyində Naxçıvan güləşçiləri də qüvvələrini sınayıblar. Çempionatda iştirak edən 10 pəhləvanımız uğurlu çıxışları ilə diqqəti cəlb edib.
76 kiloqram çəki dərəcəsində yunan-Roma güləşi üzrə mübarizə aparan Rüfət Güləliyev həlledici qarşılaşmaya kimi bütün rəqiblərini məğlub edib. Final qarşılaşmasında pəhləvanımız Mingəçevir şəhərinin təmsilçisi Cavanşir Qasımovla qarşılaşıb. Üstünlüyü əldən verməyən güləşçimiz bu qarşılaşmada da qalib gələrək Azərbaycan çempionu adını qazanıb.
50 kiloqram çəki dərəcəsində mübarizə aparan digər yunan-Roma güləşçimiz Elvin Kərimov finala kimi irəliləyib. Lakin həlledici qarşılaşmada “ROİL” idman klubunun güləşçisi Həsən Məmmədliyə məğlub olan pəhləvanımız Azərbaycan çempionatında gümüş medala sahib çıxıb.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan Afin Mustafayev isə ölkə birinciliyini beşinci yerdə başa vurub.
Sonda qalib idmançılarımıza diplom və medallar təqdim olunub. Güləşçilərimiz Azərbaycan yığma komandasının heyətinə daxil ediliblər.
Ceyhun Məmmədov