Enerji təhlükəsizliyi hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın bütün ərazisi dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur. Elektrik enerjisinin 24 saat fasiləsiz verilişinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlər 2015-ci ilin yanvar ayı ərzində də davam etdirilmişdir.
Ötən ay ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 37 milyon 555 min 850 kilovat-saat elektrik enerjisi daxil olmuş, tələbat yerli istehsal hesabına ödənilmişdir. Son illər yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində muxtar respublikada elektrik enerjisi tələbatdan artıq istehsal olunur. Bu da muxtar respublikanın ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Yanvar ayı ərzində muxtar respublikadan İran İslam Respublikasına 4 milyon 228 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür.