23 Dekabr 2024, Bazar ertəsi

Sabaha uzanan yol...

Sərhəd bölgəsi Sədərək rayonunun qış fəslində özgə büsatı var. Erkən payızda səpilmiş taxıl bir boy cücərib və qış yuxusuna gedib. Şumlanıb arata qoyulmuş əkinlər sanki ağır yükünü yerə qoymuş adam kimi dincini alır. Yarpaqları tökülmüş bağ-bağçalardan quşların səs-sədası kəsilmir. Qışlama dövrü bəslənilən sürülər, naxırlar bolluq-bərəkət timsalı kimi ötüb-keçənlərdə məmnunluq doğurur. Beləcə, qışın soyuğuna qəribə bir hərarət qatan bu mənzərələri seyr edə-edə rayon mərkəzi Heydərabad qəsəbəsinə çatırıq. Burada insan əli ilə yaradılmış gözəlliklərin əlvan çalarları ilə rastlaşırıq.

Sədərək rayonunun bu il 25 yaşı tamam olur. Bu müddət ərzində sürətlə inkişaf edib, iqtisadi cəhətdən yüksəlib, abad və yaraşıqlı rayonlardan birinə çevrilib. Bu yurd yerinin işgüzar, əməksevər adamları var. Aylar, illər uğurla yola salınır.
Tarixə çevrilən 2014-cü il də Sədərək rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatında dərin və unudulmaz izlər qoyub. Son illər, sözün həqiqi mənasında, əsl intibah dövrünü yaşayan Sədərək ölkə Prezidenti­nin və Ali Məclis Sədrinin davamlı, əhatəli qayğı və diqqəti sayəsində sürətli inkişaf yolu keçib, gözəl bir yurda çevrilib. Bölgənin dünəni ilə bu gününü müqayisə edib diqqətçəkən yenilikləri möcüzə adlandıranlar da az deyil.
Təbii ki, heç bir möcüzə baş verməyib. Qəbul edilən dövlət pro­qramları və bu layihələrin icrası üçün dövlət səviyyəsində görülən genişmiqyaslı tədbirlər, yaradılan imkanlar, güclü maliyyə dəstəyi muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Sədərəkdə də yeniləşməni zərurətə çevirib, nəticə etibarilə, rayonun gözəlləşən siması ilə paralel surətdə əhalinin dolanışıq səviyyəsi, həyat şəraiti də xeyli yaxşılaşıb.

Rayonda yeni infrastruktur layihələrin uğurlu icrası, suvarma suyuna və içməli suya olan tələbatın ödənilməsi, sosialyönümlü obyektlərin tikilib istifadəyə verilməsi və sair bölgə əhalisi arasında razılıq və minnətdarlıq hissi doğurur.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov yola saldığımız 2014-cü ilin başlıca yekunlarından söz açaraq deyir:
– Son illər muxtar respublikamızda gedən intensiv inkişaf prosesi rayonumuzdan da yan keçməyib. 2014-cü ildə iqtisadiyyatın bütün sahələrində müsbət irəliləyişlər baş verib. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir. Məhsul istehsalının həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişləndirilib. Bir sözlə, 2014-cü ili yüksək göstəricilərlə yola saldıq. Sabaha uzanan bu yol biz sədərəkliləri daha xoş günlərə aparır.

Yeni obyektlər sərhəd bölgəsini daha da gözəlləşdirib

Sədərəyin indiki büsatını görəndə inana bilmirsən ki, yaxın keçmişdə bu yerlər müharibənin törətdiyi ürəkgöynədən ərazilər olub. İllər sübut etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursu ən doğru seçilmiş yoldur. Bu yolu yenilməz sədaqətlə, müasir dövrün inkişaf prinsiplərinə uyğun yaradıcılıqla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan qısa bir zamanda bütün dünyanı heyran qoyan inkişaf səviyyəsinə yüksəldi. Ölkənin artan iqtisadi qüdrəti sayəsində bütün regionlarla bərabər, cəbhə bölgələrinin də siması dəyişib. Bu sırada Sədərəyin yeri tamam başqadır...
Düşmənlə təmas xəttinin iki addımlığında yerləşən Sədərək bənzərsiz yaraşığı, xoş növrağı ilə, sözün gerçək mənasında, düşmənə gözdağına çevrilib. Bu, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, muxtar respublikanın hər qarışını gülüstana döndərən muxtar respublika rəhbərinin qurub-yaratmaq əzminin məntiqi nəticəsidir. Bu bölgədə adama xoş gələn ən üstün cəhət isə odur ki, daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər ağac, gül-çiçək Vətənə gerçək sevginin canlı təzahürüdür. Burada iş xatirinə iş görmək istəyən yoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, görülən hər bir iş candan, könüldən görülür.
Sədərək rayonunun inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Elə “Muxtariyyət ili”ndə də abadlıq, quruculuq işləri yüksək ahənglə davam etdirilib. Keçən ilin yanvar ayında əsaslı təmir olunan və yenidən qurulan Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Rayonda tikinti-quruculuq işləri bununla məhdudlaşmayıb. 2014-cü ildə 1500 hektar sahəni suvarmaq üçün Araz çayından qidalanan Şir arxının üzərində yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti, rayon Təhsil və Torpaq şöbələri üçün inzibati binalar da ötən ilin quruculuq ərməğanlarındandır.
Sədərəkdə ən mühüm layihələrdən biri də içməli su və kanalizasiya sisteminin qurulmasıdır. Bu, rayon sakinlərinin çox böyük razılığı ilə qarşılanıb. Rayon ərazisində sahilbərkitmə işləri də davam etdirilir.
Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa olunub. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.

Artım, yüksəliş

Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi Sədərəyin uğurlarını şərtləndirən başlıca amillərdir.
Sədərək rayonunda 2014-cü ildə də qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib. Bunu ötən ilin statistik rəqəmləri də təsdiqləyir.
2014-cü ildə əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 1,5 faiz artaraq 4 milyon 318,4 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 7,7 faiz artaraq 13 milyon manata yüksəlib. Tikinti-quraşdırma işlərinin həcmi 20 milyon 952,1 min manata, əsas kapitala yönəldilən investisiyalar 22 milyon 931,7 min manata çatıb.
İl ərzində rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olanlardan 112 nəfəri daimi işlə təmin edilib.

Yaradılan şərait müqabilində rayon təşkilatları öz işini necə qurur?

Suala bir neçə təşkilatın timsalında aydınlıq gətirmək istəyirik. İlk olaraq, bölgədə təhsilin səviyyəsinə nəzər salaq. Sədərəkdə 4 tam orta məktəb, 4 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Bu təşkilatlarda çalışanlar mühüm bir vəzifəni yerinə yetirdiklərini unutmurlar. Onlar sərhəd bölgəsində böyüyən uşaqlara hərtərəfli bilik verməklə yanaşı, şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsini, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmalarını diqqət mərkəzində saxlayırlar. Ötən tədris ilində 4 məktəbdən 35 nəfər məzun ali məktəb tələbəsi adını qazanıb.
Yəqin ki, 20 il əvvələ kimi Sədərəkdə yeni səhiyyə ocağının tikilib-tikilməyəcəyi ilə bağlı rəy sorğusu keçirilsəydi, rayon sakinlərinin böyük əksəriyyəti “tikilməyəcək” sözünün altından xətt çəkərdi. Bu rəyi formalaşdıran mühüm səbəblərə görə onları qınamaq da olmazdı. İndi isə xəyal kimi görünənlər gerçəyə çevrilib. Sədərək kəndinin mərkəzindəki rayon Mərkəzi Xəstəxanasının binası ən müasir tələblərə cavab verir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Bu şəfa ocağının görüntüsü uzaqdan diqqəti cəlb edir, içərisində xəstələrin müalicə olunması üçün hər cür şərait yaradılıb. Bu da əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına imkan verib. Yeri gəlmişkən onu da deyək ki, vaxtında həyata keçirilmiş tədbirlər nəticəsində rayonda sanitar-epidemioloji vəziyyətin sabit saxlanılması nəzarətə götürülüb və il ərzində xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb.
Ötən il rayonda mədəniyyət müəssisələrinin fəaliyyəti daha da gücləndirilib, sahənin maddi-texniki bazası möhkəmləndirilib, kitabxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışıblar. Mədəniyyət və Turizm Şöbəsinin müəssisələrində fəaliyyət göstərən ansambl və özfəaliyyət kollektivləri rayon səviyyəli tədbirləri öz maraqlı konsert proqramları ilə rövnəqləndiriblər.
Əhalinin rabitə xidmətindən istifadəsini yaxşılaşdırmaq məqsədilə 2014-cü ildə xeyli iş görülüb, genişzolaqlı internet istifadəçilərinin sayı artaraq 300-dən yuxarı olub.

Torpağın bərəkət təknəsi

Sədərək kənd təsərrüfatı rayonudur. Bölgənin məhsuldar torpaq sahələri, iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirməyə imkan verir. Aqrar sahədə işin səmərəli təşkili, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi torpaq mülkiyyətçilərinin xeyli uğurlar qazanmasına səbəb olub. Keçən ilin əvvəlində 209 nəfər buğda istehsalçısına 133 min 930 manat yardım verilib.
2014-cü ilin məhsulu üçün 3574 hektar sahədə əkin aparılıb. Rayonda daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ölkə­nin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verməyə çalışan torpaq mülkiyyətçiləri ötən il 2130,2 hektar sahədən 6146 ton “sarı kəhrəba” tədarük ediblər. Hektarın orta məhsuldarlığı 28,9 sentner olub. Qazanılan yüksək nəticə sədərəkliləri “Kənd təsərrüfatı ili”ndə də bol məhsul yetişdirməyə ruhlandırıb.
Digər bitkiçilik sahələri üzrə çəkilən zəhmət də hədər getməyib. Keçən il 1815,4 ton kartof, 4877,5 ton tərəvəz, 102 ton paxlalı, 437 ton dən qarğıdalı, 44,3 ton günəbaxan, 2124,1 ton bostan məhsulları istehsal olunub.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” Sədərək rayonunda da uğurla icra edilir. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən bu dövlət proqramında qarşıya qoyulan tələblərin maksimum şəkildə icrası üçün münbit ərazi mövcuddur və əlverişli iqlim, eləcə də su təminatı baxımından rayonun potensialı və imkanları genişdir. Son iki ildə burada bağların yaradılması və ixtisaslaşdırılmasına, yerli şəraitə uyğunlaşdırılmasına, məhsuldar meyvə-tərəvəz, üzüm növlərinin çeşidlərinin bərpa edilməsinə xüsusi diqqət yetirilir. Barverən bağlardan ötən il 485 ton meyvə və 1175 ton üzüm tədarük edilib.
Göründüyü kimi, sərhəd bölgəsinin fədakar insanları düşmənlə üz-üzə doğma yurdda ocaq yandırır, zəmi göyərdir, məhsul yetişdirir, əzəmətli sosial obyektlər, möhtəşəm imarətlər ucaldırlar.
Bir sözlə, 2014-cü il sədərəklilərin yaddaşına layiqli əmək nailiyyətləri ili kimi həkk olunub. Heç şübhəsiz, dövlətin böyük diqqət və qayğısı ilə 2015-ci ildə onlar daha böyük layihələrə və uğurlara imza atacaqlar.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR