23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Özəl Universitetində “20 Yanvar yaddaşlardan silinməyən tarixdir” mövzusunda keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor çıxışında qeyd edib ki, 20 Yanvar tariximizə faciəvi günlərdən biri kimi düşsə də, əslində, bu gün xalqımızın qəhrəmanlıq tarixinin bir parçasıdır. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir.
Sonra “XX yüzilliyin 80-90-cı illərində Azərbaycanda ictimai-siyasi vəziyyət – 20 Yanvar” mövzusunda universitetin Ümumi tarix kafedrasının dosenti Vaqif Hüseyn­ovun, “20 Yanvar Azərbaycan ədəbiyyatında” mövzusunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Rafiq Babayevin, “Qanlı yanvar hadisələri dünya mətbuatında” mövzusunda həmin kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmməd­ovanın məruzələri dinlənilib. Məruzələrdə qeyd edilib ki, təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha ucadan bəyan etdi.

SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciə ilə nəticələndi. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları o müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Sonra universitetin tələbələri 20 Yanvar faciəsinə həsr olunan şeirləri bədii qiraət ediblər. Qanlı yanvar haqda slayd nümayiş etdirilən konfransın sonunda fakültələrdə yaradılmış 20 Yanvar hadisələri ilə bağlı sərgilərə baxış olub.

*   *   *

Naxçıvan Müəllimlər İnstitutunda da 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
İnstitutun kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyevin 20 Yanvar hadisələri haqda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş bu cinayəti pisləyib, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderin təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq Yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirin sonunda şəhidlərin xatirəsinə həsr olunmuş slayd nümayiş etdirilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını və azad yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu ağrılı-acılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Ancaq əfsuslar olsun ki, başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk siyasi-hüquqi qiymət verildi.
Tədbirdə şuranın əməkdaşlarından Səbuhi Hüseynov, Yəmən Rzayeva, Ceyhun Məmmədov, Eyvaz Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 1990-cı ilin 20 Yanvarı elə şanlı tarixdir ki, qərinələr, əsrlər keçsə də, xalqımızın yaddaşından silinməyəcək, həmişə yad ediləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR