Kəngərli rayonu 2004-cü ildə yaradılıb. Çox qısa bir müddət ərzində rayon mərkəzi olan Qıvraq qəsəbəsində bütün infrastruktur qurulub. Bir zamanlar çöllük və boş ərazilərdən ibarət olan sahələr indi bir-birindən yaraşıqlı inzibati binaların, gözəl park və istirahət mərkəzinin yerləşdiyi, rahat yolların çəkildiyi məkana çevrilib.
Kəngərli rayonu 1 qəsəbə və 10 kəndi özündə birləşdirir. Ötən dövr ərzində burada bütün sahələri əhatə etməklə xeyli iş görülüb. Rayon mərkəzi ilə kəndləri birləşdirən bütün avtomobil yolları təmir olunub. Yurdçu kəndi istisna olmaqla, bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb. Həyata keçirilən quruculuq tədbirləri “Muxtariyyət ili”ndə də uğurla davam etdirilib. Məsələn, Kəngərli Rayon Mərkəzi Xəstəxanası və Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra, rayon mərkəzində yerləşən hərbi hissədə Təlim-Tədris Mərkəzi, Qarabağlar kəndində yeni xidmət mərkəzi və Böyükdüz kəndində istixana kompleksi isə tikilərək ötən il istifadəyə verilib.
Rayon mərkəzində ötən ildən tikintisi aparılan Uşaq-gənclər şahmat məktəbi, Elektrik Şəbəkəsi, Təhsil və Torpaq şöbələri üçün yeni binalarda inşaat işləri, demək olar ki, yekunlaşıb. Hazırda isə Qıvraq qəsəbəsində ticarət mərkəzinin tikintisi davam etdirilir.
Rayonda aparılan genişhəcmli quruculuq-abadlıq işləri sakinlər tərəfindən də sevinclə qarşılanır. Qarabağlar kənd sakini Abbasəli Nəcəfovun dediklərindən: “Qarabağlar kəndi rayonun ən böyük kəndlərindəndir. Kənddə iki tam orta məktəb var. Biri əvvəl, biri isə bu yaxınlarda əsaslı təmir olunaraq istifadəyə verildi. Kənddə idarəetmə qurumları üçün bir müddət bundan əvvəl bina tikilib istifadəyə verilib, bu yaxınlarda isə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb. Kəndimizdəki yollar əsaslı təmir olunub, asfalt salınıb. Eyni zamanda asfalt salınan yolların kənarlarındakı hasarlar da dövlət vəsaiti hesabına tikilib. Muxtar respublikamızın böyük kəndlərindən olan Qarabağlar kəndi heç zaman bu qədər genişhəcmli quruculuq işlərinin şahidi olmayıb”.
Qıvraq qəsəbə sakini Rauf Əliyev isə rayon mərkəzində görülmüş işləri belə dəyərləndirir: “10 il bundan əvvəl Qıvraq kəndinin qəsəbə olacağını, burada rayon mərkəzi yaradılacağını heç kim təsəvvür edə bilməzdi. Sovetlər dövründən hər kəs Qıvraq kəndini, əsasən, burada yerləşən hərbi hissəyə görə tanıyırdı. İndi isə yeni inzibati binalar, rahat yollar, gözəl park və mədəniyyət müəssisələri Qıvraq qəsəbəsini rayon mərkəzi kimi tanıdır. Hətta burada yerləşən hərbi hissədə belə, köhnədən əsər-əlamət qalmayıb. Yeni əsgər yataqxanası, yeməkxana, Təlim-Tədris Mərkəzi və digər hərbi təyinatlı binalar, eləcə də hərbi hissənin ətrafında aparılmış abadlıq tədbirləri buranın mənzərəsini xeyli dəyişib. Azərbaycanın müxtəlif bölgələrindən övladlarını ziyarətə gələn əsgər valideynləri də bu gözəlliklərdən həmişə ağızdolusu danışırlar. Qəsəbəmiz haqqında, burada yerləşən nümunəvi hərbi hissə haqqında bu fikirləri eşitmək bizim üçün çox xoşdur”.
Bu fikirləri rayonun bütün yaşayış məntəqələrində yaşayan sakinlərin dilindən eşitmək olar. İndi isə rayonda müxtəlif sahələrin inkişafına ötən ilin göstəriciləri ilə nəzər salaq. Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Kəngərli rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi qarşıya qoyulmuş əsas hədəflərdəndir. Buna görə də hər il rayonda əkin sahələri artırılır, meliorativ tədbirlərin həyata keçirilməsində mütərəqqi üsullardan istifadəyə daha çox üstünlük verilir. 2014-cü ildə rayonda əkin sahələrinin və yaşıllıqların suvarılması üçün 3320 metrdən artıq yeni suvarma boru xətləri çəkilib. Rayon ərazisindəki bulaq və axar sulardan suvarma məqsədilə istifadə etmək üçün onların suyu Qarabağlar, Xok, Çalxanqala və Yurdçu kəndlərində olan göllərə yönəldilib. Ötən il rayonda 4598 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 11 min 894 ton məhsul, o cümlədən 2647,2 hektar sahədən 6548 ton buğda, 1629,8 hektar sahədən 4424 ton arpa, 321 hektar sahədən 922 ton dənli-paxlalılar, 98 hektar sahədən 452 ton qarğıdalı, 113 hektar sahədən 299,5 ton günəbaxan, 214 hektar sahədən 2854,7 ton kartof, 293 hektar sahədən 3572 ton tərəvəz, 179 hektar sahədən 2180,2 ton bostan məhsulları, meyvə bağlarından 4476 ton meyvə, üzüm bağlarından 475 ton üzüm yığılıb.
Ötən il rayon ərazisində 10 hektar yeni bağ salınıb, 13 hektar ərazidə meşəbərpa işləri aparılıb, 8600 ədəd meyvə, 800 ədəd meşə, 280 ədəd dekorativ ağac, 5200 ədəd gül kolu əkilib.
Məşğulluq məsələlərinin həlli istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər Kəngərli rayonunda da əsas həllivacib məsələlərdən olub. Xüsusilə bu məqsədlə təşkil olunan əmək yarmarkaları işaxtaran vətəndaşların işlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. 2014-cü ildə rayon Məşğulluq Mərkəzində 246 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, 237 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Bəhs olunan dövr ərzində 4 dəfə əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 104 nəfər vətəndaş daimi işlə təmin edilib.
“Muxtariyyət ili” rayonda təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafı ilə də əlamətdar olub. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 334 məzundan 1 nəfəri “Qızıl”, 1 nəfəri “Gümüş” medala layiq görülüb. Məzunlardan 102 nəfər müxtəlif ali, 25 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunan məzunların 14 nəfəri 500-700 intervalında bal toplayıb. 27 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Kəngərli Rayon Mərkəzi Xəstəxanası binasının yenidən qurulması rayonda səhiyyə xidmətinin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Ötən il əhalinin tibbi müayinədən keçirilməsi, habelə yaşayış məntəqələrində səhiyyə maarifi tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılıb.
Kəngərli rayonunda 1 mərkəzləşdirilmiş kitabxana sistemi və 11 kənd filialı, 1 uşaq kitabxanası, 5 kənd mədəniyyət evi, 5 kənd klubu, 2 musiqi məktəbi, 2 muzey fəaliyyət göstərir. Rayon ərazisində 9 dünya, 39 ölkə, 39 yerli əhəmiyyətli olmaqla, 87 tarixi-memarlıq və arxeoloji abidə mövcuddur. Ötən il rayonda xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar olaraq, folklor kollektivlərinin repertuarının zənginləşdirilməsi, eləcə də mədəniyyət müəssisələri tərəfindən bayram günlərində və digər əlamətdar günlərdə mədəni-kütləvi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə təşkil olunmuş “İstedadlar sorağında” muxtar respublika baxış-müsabiqəsində rayon Mədəniyyət Evinin “Gülümhey” folklor qrupu və uşaq yallı kollektivi diplomlara layiq görülüb.
Bəli, Kəngərli rayonu muxtar respublikamızın ən gənc rayonu olmasına baxmayaraq, regionun digər bölgələri kimi, özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi bu qədim Kəngərli yurduna da öz töhfələrini verməkdədir. Yeni qədəm qoyduğumuz “Kənd təsərrüfatı ili” inanırıq ki, rayonda kənd təsərrüfatı sahələrindən əlavə, digər sahələrin də inkişafına geniş imkanlar açacaq. Bu təsərrüfat ilində hər kəsə uğurlar!
Səbuhi HƏSƏNOV