23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açıb. Yeni Azərbaycan Partiyası rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Orxan Məmmədov mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, ölkəmizin hərtərəfli inkişafı bu günün gənclərindən daha çox asılıdır. Bu, bir faktdır ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində cəmiyyəti təhlükələrə sürükləyən siyasi-iqtisadi, mənəvi-ide­oloji böhranlar üzündən respublikamızda gənclər siyasəti tamamilə unudulmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Ümummilli liderimiz bu siyasətin əhəmiyyətini vurğulayaraq deyirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Müstəqil respublikamıza rəhbərlik etdiyi on il müddətində ulu öndərimiz gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialdan tam şəkildə istifadə olunması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Hakimiyyətə qayıdışından az sonra – 1993-cü ilin sentyabr ayında Milli Məclisdə gənc­lərlə görüşməsi, onların problemləri ilə maraqlanması ümummilli liderimizin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, gənclərə rəğbət və qayğısının göstəricisi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev 1995-ci ilin martında respublika gəncləri ilə növbəti görüşündə də onların sağlam ruhda və əsl vətəndaşlar kimi yetişmələri üçün əlindən gələni edəcəyini bir daha bəyan etdi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda isə ölkə Prezidentinin təşəbbüsü ilə hər üç ildən bir belə forumların keçirilməsi qərara alındı. Daim Azərbaycan gənclərinin qayğıkeşi və himayədarı olmuş ulu öndərin 1 fevral 1997-ci ildə imzaladığı Sərəncamla hər il fevral ayının 2-si “Gənc­lər Günü” kimi qeyd olunur.
Bildirilib ki, ulu öndərin başladığı strateji xətti ardıcıl və yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərə geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirir.
Vurğulanıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da gənclər siyasəti uğurla həyata keçirilir. Muxtar respublika gənclərinin mükəmməl təhsil alması, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsi, elmi-texniki yeniliklərə mükəmməl yiyələnməsi, idmanın müxtəlif növləri ilə məşğul olması, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və bu istiqamətdə həyata keçirilən digər tədbirlər gənclər siyasətinin əsasını təşkil edir. Bu diqqət və qayğının nəticəsidir ki, gənclərimiz cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Dadaşov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının aparıcı təlimatçısı Mirkərim Seyidov və gənc partiya üzvü Xəyalə İsmayılova çıxış edərək müstəqil respublikamızda əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bəhrələrindən danışıblar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova, Yeni Azərbaycan Partiyası rayon təşkilatı idarə heyətinin üzvləri İbrahim Hənifəzadə, Yeganə Məmmədova, Nüsrət Həsənov və Vaqif Cabbarov çıxış edərək gəncləri bayram münasibətilə təbrik ediblər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Elman MƏMMƏDOV

*   *   *

Dünən “Naxçıvan” Universitetində 2 fevral – Gənclər Günü ilə bağlı “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda diskussiya keçirilib.
Diskussiyada universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov çıxış edərək bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənc­lərin əlindədir.
Ölkəmizə rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsində misilsiz xidmətlər göstərib. Ümummilli liderimiz gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Məhz həmin gənclər indi müstəqil Azərbaycanın inkişafı naminə mütəxəssislər kimi fəaliyyət göstərirlər.
Diqqətə çatdırılıb ki, ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənc­lərinin forumları keçirilib. Forumlarda ulu öndərin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatlar qarşısında mühüm vəzifələr qoyulub.
Diskussiyada tələbələr arasında mövzu ilə bağlı fikir mübadilə­si aparılıb, Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR