23 Dekabr 2024, Bazar ertəsi

Bu rubrikada biz müasir Naxçıvanın inkişaf tarixindən bəhs edəcəyik. Qədim Naxçıvana xəyali səyahət edəcək, müasir Naxçıvanın keçdiyi intibah yoluna nəzər salacağıq. Rubrikanın ilk yazısı “Qədim Nəqşi-cahana müasir baxış” adlanır.
Rəvayət edirlər ki, dağların qoynunda, təbiətin ən sərt, ciddi iqliminin hökm sürdüyü “Naksuana” adlı bir torpaq varmış.
Tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri, Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmiş Naxçıvan şəhərinin 5 minillik şəhər mədəniyyəti tarixi vardır.
Orta əsr ərəb və farsdilli mənbələrdə bu torpağın adı “Nəşavə”, “Nəqçuan” (Nəxçuan, Nəxçuvan, Nəxçəvan) şəkillərində işlənmişdir.
Bu yerlər çox-çox qədimlərdən insan məskəni olub. Henrix İohann Hübşman “Naxçıvan” toponimini Nuh Peyğəmbərlə bağlı “Dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə, “Naxçıvan” toponimi “törəyiş yeri” anlamını verməkdədir. Həm türk, həm də əcnəbilərin marağını özünə cəlb edən bu diyar tarixdən müasir dövrümüzədək diqqət mərkəzində olmuşdur.
Naxçıvan – qədim və sirli diyar… Əsrarəngiz gözəlliyin, sərt təbiətin, səmimi insanların məskəni, Nuh yurdu.
Bu nurlu diyarda inkişafın yeni zirvələrini yaşadıqca xəyalən keçmişə qayıtmalı olursan. Və keçmişlə indini müqayisə edəndə, inkişafı təhlil edəndə təəccüblənirsən; düşünürsən: hardan, hara…

Tarixən hökmdarların cəng meydanına çevrilən, həmçinin bir çox dövlətin mədəniyyət mərkəzi kimi şöhrət qazanan Naxçıvan qədim abidələri, nekropolları, qayaüstü rəsmləri ilə şanlı tariximizin salnaməsini özündə barındırır.
Qədim Naxçıvanın tarixi xeyli kəşməkəşli olub. Coğrafi mövqeyinə görə Naxçıvan əsrlər boyu yadellilərin hücumuna məruz qalıb, dövrün qüdrətli ordularının çəkişmələrinə şahidlik edib. Sərvəti dəfələrlə dağılan bu qədim yurd yenidən var olmağın bir yolunu tapıb. Tarixi mənbələr sübut edir ki, Naxçıvanın xilafətə daxil edilməsi bölgədə islamlaşma prosesinin başlamasına səbəb olub. Mərkəzi Asiyadan Kiçik Asiyaya axın edən Səlcuq türkləri 1064-cü ildə Naxçıvanı tutaraq burada ərəb təsirinin yayılmasının qarşısını alıb, türk-islam mədəniyyətinin formalaşmasına təkan veriblər.
Naxçıvanda ta qədimdən zərbxanalar olub. Burada neçə-neçə hökmdarın adına sikkələr kəsilib.
...Sonra Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin (1136-1225) əsasını qoyub və Şəmsəddin Eldənizin bölgəyə hakim olması ilə Atabəylər dönəmi, Eldənizlər dövrü başlayıb. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilir. 1136-cı ildən 1175-ci ilədək bu dövlətin paytaxtı olan və sürətlə inkişaf edən şəhər iqtisadi və hərbi əhəmiyyətə malik idi. Bu illər ərzində Naxçıvan çiçəklənmə dövrünü yaşayıb.
Sonralar Naxçıvan Xarəzmşahların, Hülakülərin, Çobanilərin, Cəlairilərin, Qaraqoyunlu, Ağ­qoyunlu, Səfəvi, Osmanlı və sair dövlətlərin hakimiyyəti altına düşüb. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisi müstəqil xanlıqlara parçalanıb, bunlardan biri də Naxçıvan xanlığı olub.
Təəssüf ki, XIX əsrin ilk illərindən başlayaraq Azərbaycan Rusiya-İran ordularının döyüş meydanına çevrilib, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinə əsasən, dövlətlər arasında bölünən torpaq sonralar separatçı və terrorçu ermənilərin təcavüzünə məruz qalıb.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda çoxlu sayda tarixi abidələr mövcuddur. Naxçıvan həm də XII yüzillikdə yaşayıb-yaratmış məşhur memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin vətənidir. Onun Naxçıvan şəhərində inşa etdiyi Yusif Küseyir oğlu (1162) və Möminə xatın türbələri (1186) memarlıq tarixində özünəməxsus mövqeyə malik olan Naxçıvan memarlıq məktəbinin əsasını təşkil edir.
Tarixi abidələrinin sayına görə Ordubad şəhəri 1977-ci ildə qoruq-şəhər elan olunub. Kəskin kontinental iqlimə malik regionda nadir relyef formalarından Haçadağ, Əshabi-Kəhf, Sirab, Nəhəcir ekstruziv (vulkanik) günbəzləri maraqlı təbiət abidələridir. Təbiət bu yerlərə əsrarəngiz gözəlliklər bəxş edib.
Rəvayətvari bir girişlə başlasaq da, sadaladıqlarımızın hamısı tarixi həqiqətdir, reallıqdır. Tarixin ağır sınaqlarından mərdliklə çıxmış qədim yurd yeri Naxçıvan bu gün inkişafının zirvəsini yaşayır.
Naxçıvan Muxtar Respublikası bu günə qədər, xüsusilə 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə, ümumilikdə, ölkəmizin iqtisadi-siyasi həyatında müstəsna rol oynayıb. Zaman keçdikcə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişafyönümlü hadisələr burada yeni mərhələnin də başlanmasına imkan verib, burada bir çox ilklərə imza atılıb.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, qədim yurdun ərazi bütövlüyü və təhlükəsizliyi naminə gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib.
Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvan bu gün tarixinin əsl intibah dövrünü yaşayır, hər sahədə böyük nailiyyətlər qazanır. Beləcə, tarixin sınaqlarından uğurla çıxan Naxçıvanın keçmişi kimi, gələcəyi də şanlı yazılır.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR