Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ictimai yerlərdə qurulan monitorlarda yerli və əcnəbi vətəndaşların maarifləndirilməsi məqsədilə videoçarxların nümayişinə başlanılıb.
Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsinin müdiri Aysel Əliyevanın verdiyi məlumata görə, xidmətin əməkdaşları tərəfindən HD formatda 2 videoçarx hazırlanıb. Videoçarxlarda qanunsuz miqrasiyanın yolverilməzliyi və fəsadları, qanuni miqrasiyanın faydaları, miqrantların yaşadığı yer üzrə qeydiyyatının vacibliyi məsələləri öz əksini tapıb. Bundan başqa, muxtar respublikada olmaq, yaşamaq, əmək fəaliyyətinin qanuniləşdirilməsi üçün hər bir əcnəbi vətəndaşın Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsinin vacibliyi də videoçarxlarda yer alıb.
Şöbə müdiri onu da bildirdi ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı ilk gündən etibarən miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik nümayiş etdirib. Ötən müddətdə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə xidmətin əməkdaşları muxtar respublikanın müxtəlif bölgələrinə ezam olunur, maarifləndirici tədbirlər keçirilir. Bundan başqa, sərhəd-keçid məntəqələrində elektron məlumat köşkləri yerləşdirilib. Bu köşklər üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara münasib olan birində “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər görülüb.
Səbuhi HÜSEYNOV