23 Dekabr 2024, Bazar ertəsi

36 il bundan əvvəl, 1979-cu il fevralın 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – “İslam İnqilabı Günü” kimi qeyd olunur.

Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq genişlənir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərləri Azərbaycanla İran arasındakı münasibətlərin əsasını qoymuşdur. 1993-cü ildə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra isə Azərbaycan-İran dövlətlərarası münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır.

Azərbaycan-İran əlaqələrinin inkişafında ölkə prezidentlərinin rəsmi səfərləri mühüm əhəmiyyət kəsb edir. 2014-cü il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasında rəsmi səfərdə olmuş, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei və İran Prezidenti Həsən Ruhani ilə görüşmüşdür. Bundan başqa, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 2014-cü il noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir. Hər iki səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutan memorandumlar imzalanmışdır.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələr də uğurla inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasının qonşu vilayətlərinə səfərləri, İran İslam Respublikasının yüksək vəzifəli dövlət rəsmilərinin Naxçıvana səfərləri dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirən amillərdir. Ali Məclis Sədrinin İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərinə səfərləri çərçivəsində iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memorandumların imzalanması əməkdaşlığın perspektivləri baxımından əhəmiyyətli olmuşdur.
Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasındakı münasibətlər qarşılıqlı rəsmi və işgüzar səfərlər və səfər zamanı keçirilən görüşlərlə daha da möhkəmlənir. Müxtəlif sahələri əhatə edən bu cür əməkdaşlıq səfərləri 2014-cü ildə də davam etdirilmişdir. Ötən il 14-15 mart tarixlərində İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpur, 26-27 may tarixlərində İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, ok­tyabrın 23-də Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşlər keçirmiş, əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunmuşdur.
1996-cı ildən ötən müddətdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığa dair 4 saziş, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni əməkdaşlığa dair 5 saziş, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ilə iqtisadi və mədəni əməkdaşlığa dair 4 saziş imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu günədək imzalanmış əksər sazişlərdə Naxçıvana aid xüsusi müddəalar öz əksini tapmış, yaxud sazişlər birbaşa Naxçıvan Muxtar Respublikasına aid olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış dörd sazişin hamısı – “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi barədə Protokol”, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublikasının Yol və Nəqliyyat Nazirliyi arasında “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) -Culfa (İran İslam Respublikası) yeni avtomobil körpüsünün inşa edilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilməsi haqqında Memorandum” Naxçıvan Muxtar Respublikasına aid olmuşdur. Bundan başqa, 2010-cu il fevral ayının 17-də Azərbaycan və İran hökumətləri arasında imzalanmış Enerji və Nəqliyyat Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumunda Naxçıvan Muxtar Respublikasının nəqliyyat və enerji sahəsi ilə bağlı müvafiq maddələr öz əksini tapmışdır.
2004-cü ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının ödənilməsinə dair Azərbaycanla İran arasında imzalanmış “Təbii qaz mübadiləsi üzrə müqavilə”nin icrası nəticəsində 2005-ci ilin noyabr ayından muxtar respublikaya mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır.
Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının digər bölgələri ilə quru yol nəqliyyatı əlaqəsi hal-hazırda İran ərazisi vasitəsilə həyata keçirilir. 2007-ci ilin avqust ayında imzalanmış memoranduma əsasən, həmin ilin noyabr ayından başlayaraq İran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə müntəzəm avtobus reysləri işləyir. Bağlanmış müqavilələrə əsasən, 2011-ci ilin oktyabr ayından Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə avtobus marşrutu fəaliyyət göstərir.
Nəqliyyat əlaqələrinin inkişafında Araz çayı üzərində körpülərin tikilməsi də mühüm əhəmiyyətə malikdir. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt körpüsü tikilərək istifadəyə verilmişdir. Həmçinin Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, Culfa-Culfa yeni avtomobil körpüsü inşa edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd-buraxılış məntəqələri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması gediş-gəlişi kifayət qədər sadələşdirmişdir. Bundan başqa, 2014-cü il sentyabrın 20-dən etibarən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində və Naxçıvan Beynəlxalq Hava Limanında ölkəmizə səfər edən İran vətəndaşlarına sadələşdirilmiş qaydada viza olmayan birdəfəlik giriş icazələrinin verilməsinə başlanmışdır.
Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın bölgələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq da inkişaf edir. Hazırda Naxçıvanda qızıl balıq yetişdirilməsi sahəsində fəaliyyət göstərən sahibkarlar İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən olan sahibkarlıq subyektləri ilə əməkdaşlıq edirlər.
İran İslam Respublikası ilə qurulan iqtisadi münasibətlər sahibkar­lıq subyektlərinin qarşılıqlı əlaqəsində də özünü göstərməkdədir. Muxtar respublikanın sahibkarları dəvət əsasında İran İslam Respublikasında keçirilən sərgilərdə iştirak edərək istehsal etdikləri məhsulları nümayiş etdirirlər. 2013-cü ilin 27-30 aprel tarixlərində muxtar respublika sahibkarları Tehran şəhərində keçirilən “Birinci İran İslam Respublikası ixracat potensialı” sərgisində, 2014-cü il 27-30 may tarixlərində Təbriz şəhərində keçirilən “8-ci beynəlxalq gül və bitki, bağçılıq və təsərrüfat alətləri sərgisi”ndə iştirak etmişlər. Həmçinin Naxçıvanda fəaliyyət göstərən sahibkarların ötən il noyabrın 13-də Bakıda keçirilmiş “Azərbaycan-İran Biznes Forumu”nda iştirak etməsi muxtar respublikanın İran İslam Respublikası ilə iqtisadi əlaqələrinin uğurlu inkişafından xəbər verir.
Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə təhsil sahəsində də əlaqələri inkişaf etdirilir. Naxçıvan Dövlət Universiteti İran İslam Respublikasının Tehran və Təbriz universitetləri ilə müxtəlif tarixlərdə imzalanmış müqavilələr əsasında əməkdaşlıq edir. 2012-ci ildə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Pəyame Nur Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti muxtar respublikada olmuş, Naxçıvan Dövlət Universitetində, Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüşlər keçirilmişdir. 2014-cü il aprelin 18-də isə İran İslam Respublikasının Təbriz Tibb Elmləri Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti muxtar respublikada səfərdə olmuşdur.

Azərbaycan-İran əlaqələri ortaq dəyərlərə və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR