23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 30-da Özbəkistanın podrobno.uz portalında müəllifi Temir İsaev olan “Naxçıvan Azərbaycanın sarsılmaz qalasıdır” sərlövhəli yazı dərc olunmuşdur. Məqalədə Naxçıvanın tarixi və müasir inkişafı haqqında ətraflı məlumat verilir. Maraqlı olacağını nəzərə alaraq məqalənin tərcüməsini qəzetimizin bugünkü nömrəsində oxuculara təqdim edirik.

X alqın qədimliyinin göstəricisi onun yaratdığı maddi-mədəniyyət abidələridir. Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ta qədimdən tarixçi və mədəniyyətşünasların diqqət mərkəzində olmuşdur. Min illər ərzində bu diyarda yaradılmış çox zəngin mədəni irs dünya mədəniyyət xəzinəsinə daxil olmuşdur. Elmi axtarışlar sübut edir ki, Azərbaycan bəşəriyyətin formalaşdığı mərkəzlərdən biri olsa da, onun çox zəngin tarixi hələ də dünya ictimaiyyətinə çatdırılmamışdır.
Naxçıvan Azərbaycanın ayrılmaz hissələrindən biridir. Qədim Naxçıvan torpağı ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngindir. Bunlar arasında ilk insan məskənləri olan mağaralar, ən qədim yaşayış məskənləri, ilkin şəhərlərin qalıqları, möhtəşəm qalalar və içqalalar vardır.

Tarix gec-tez hər şeyi, necə deyərlər, yerbəyer edir. Azərbaycanın Naxçıvan regionu sivilizasiyanın yayılmasının əsas mərkəzləri sırasına daxildir. Görkəmli memar Əbubəkr oğlu Əcəmi Yusif Küseyiroğlu və Möminə xatın məqbərələri kimi gözəl memarlıq abidələrini qoyub getmişdir. Naxçıvan Azərbaycan xalqının vətənidir və tarixin bütün dövrlərində Azərbaycanın bir hissəsi olaraq qalmışdır. Lakin bu gün Naxçıvan xəritədə ana Vətəndən ayrı düşmüş ada kimidir. Xəritəyə nəzər saldıqda belə nəticəyə gəlmək olar ki, ədalətsiz bölüşdürmə bu ərazidən yan keçməyibdir.
Tarix elmi Naxçıvana, hər şeydən öncə, Kür-Araz mədəniyyətinə məxsus insan məskənlərinin sosial-iqtisadi strukturu ilə şərtlənən cəmiyyət kateqoriyası kimi baxır.
Naxçıvanın ilkin şəhərləri Cənubi Qafqaz, Yaxın Şərq və Ön Asiya arasında ticarət əlaqələrində mühüm rol oynamışlar. Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi şəraiti imkan vermişdir ki, hələ ən qədim Daş dövründə bu ərazidə insanlar məskunlaşsınlar. Çoxlu sayda karst mağaraların mövcudluğu buna şərait yaradırdı.
XII-XIV əsrlərdə Naxçıvan şəhəri təkcə Azərbaycanın deyil, həm də Yaxın Şərqin mühüm inzibati-siyasi, sənət, ticarət və mədəni mərkəzlərindən biri olmuşdur. Naxçıvan çox zəngin tarixə malik Azərbaycanın tarixi vilayətlərindən biridir. Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanması 1918-1921-ci illərdə müxtəlif xarici amillər və geosiyasi vəziyyətin təsiri altında regionda baş vermiş hadisələrin nəticəsində mümkün olmuşdur. Muxtariyyət statusu bu diyarın sonrakı taleyində çox mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikasının yaranması çox mürəkkəb siyasi şəraitdə Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi.
XX əsrin əvvəlləri, xüsusən də 1918-1920-ci illər Naxçıvan üçün çox ağır illər olmuşdur. Naxçıvan məsələsi müxtəlif ziddiyyətli geosiyasi maraqların toqquşma nöqtəsinə çevrilmişdi.
Zəhmətkeşlərin çoxlu sayda xahiş və istəklərini nəzərə alaraq, Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz hissəsi elan etdi. Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə 1921-ci ilin əvvəlində keçirilən ümumxalq səsverməsində diyar əhalisinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyətinin lehinə səs verdi. Bu məqsədə real şəkildə çatmaq üçün Moskvanın razılığını almaq lazım idi.
Öz növbəsində, Türkiyə isə Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət verilməsinə zəmanət tələb edirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun prinsipial mövqeyi və onun Mos­kvada apardığı danışıqlar Kremlin bu problemə olan mövqeyini dəyişdi və nəticədə, Naxçıvanın Azərbaycanın tərkibində statusu təsdiq olundu. Naxçıvanın muxtariyyət statusu Moskvada Türkiyə və Rusiya arasında imzalanmış müqavilə ilə təsdiq olundu. 13 ok­tyabr 1921-ci il tarixdə RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə arasında Qars müqaviləsi imzalandı ki, bununla da, Naxçıvanın ərazisi və sərhədləri bir daha dəqiqləşdirildi. Bu beynəlxalq sənədlərin altında Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan öz imzalarını qoymuşlar. Muxtariyyət statusu Naxçıvan diyarına milli əlamətlərə görə deyil, daxili və xarici amillərin əsasında, onun coğrafi və geosiyasi vəziyyətinə görə verildi. Naxçıvan Muxtar Respublikası anklav kimi yaradıldı.
Qısa tarixi dövr ərzində Naxçıvan Muxtar Respublikası dövlətçilik və demokratikləşdirmə işində əlamətdar uğurlar qazandı, bütövlükdə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə diqqətəlayiq rol oynadı. Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etməyə nail oldu. 1990-cı ilin əvvəllərində muxtar respublika tam iqtisadi blokadaya alınmışdı ki, bu da siyasi böhranı dərinləşdirirdi. Naxçıvanlılar növbədənkənar sessiya çağırılmasını tələb edirdilər. Muxtar respublika Ali Sovetinin 17 noyabr 1990-cı il tarixdə işə başlayan birinci sessiyası milli oyanış və siyasi dirçəlişin zəfəri oldu. Sessiyada muxtar respublikanın dövlət rəmzləri müzakirə olundu və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi bərpa edilməsi qərara alındı.
Siyasi təqiblərə görə 22 iyul 1990-cı il tarixdə Heydər Əliyevin Moskvadan qayıtması muxtar respublika əhalisində gələcəyə ümidlər doğurdu, regionu Ermənistanın işğalından xilas etdi. 3 sentyabr 1991-ci il tarixdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Muxtar respublika Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda müstəqil, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atdı.
12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Yeni Konstitusiyada Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlət statusu aldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1995-ci il tarixdə keçirilmiş birinci sessiyasında Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Onun rəhbərliyi altında muxtar respublika blokada şəraitində əhəmiyyətli uğurlar qazandı.
Son 10 ildə müasir və müstəqil Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikası da öz inkişafının yeni mərhələsini yaşayır. Bu inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində 1162 tarixi-mədəni abidə mövcuddur. Bunlardan 58-i dünya, 455-i respublika və 649-u isə yerli əhəmiyyətli abidələrdir.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvan şəhərinin 12 kilometrliyində İlanlıdağ və Nəhəcir dağı arasında təbii mağarada yerləşən ziyarətgahdır. Bu ad ərəb dilindən tərcümədə “mağara əhli” deməkdir. “Qurani-Kərim”in 18-ci surəsi olan “əl-Kəhf”in (“Mağara”) 9-27-ci ayələrində 7 gənc haqqında danışılır. Allahsızları tərk etməli olan bu gənclər mağarada sığınacaq tapır və 300 ildən artıq orada yatırlar. Bu hadisələr bəzi dəyişikliklərlə Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapır.
Uzun illər bu hadisəni gah xristianlıqla bağlayır, gah da cavanlar yatan mağaranı Kiçik Asiyada, Fələstində və hətta dünyanın digər ölkələrində axtarırdılar. Ədəbiyyatda Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarasının adı çəkilmirdi.
Lakin son illər aparılmış tədqiqatlar sübut edir ki, “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarası Naxçıvanın ərazisində yerləşir. Mağaranın qurtaracağındakı məscidin mehrabında bir yazı vardır. 145 x 35 sm ölçülü mərmər lövhənin üzərində “Qurani-Kərim”in 18-ci surəsi olan “əl-Kəhf”in (“Mağara”) 9-12, 17, 18-ci ayələri həkk olunmuşdur. Lövhədən bir az sağda başqa bir yazı da vardır. Orada belə deyilir: “Xeyirxah işlərin hamisi Heydərqulu xanın varisi, Naxçıvan diyarının hökmdarı Şükrullah xan Kəngərli təbii şəraitdən xələl görmüş lövhənin yenisi ilə əvəzlənməsi qərarına gəldi. Bu qərarın yerinə yetirilməsi Molla Mustafanın oğlu Məhəmməd Xatib Naxçıvaniyə həvalə olundu ki, o da bu işi 1190-cı ilin səfər əl-müzəffər ayında başa çatdırdı”.
Əshabi-Kəhfdə bərpa işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlandı. Bu haqda ziyarətgahın girişindəki lövhədə belə bir məlumat vardır: “Əshabi-Kəhfdə bərpa işlərinə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı və himayəsi ilə başlanılmışdır”. Bərpa işləri nəticəsində Əshabi-Kəhfə aparan 12 kilometrlik asfalt yol çəkilmiş, yolboyu ağaclar əkilmiş, məscid tikilmişdir. Buranı dünyanın bir çox ölkələrindən gələn zəvvarlar, turistlər ziyarət edirlər.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı son 10 ildə

İqtisadiyyatın yüksəlişi, sosial tərəqqi, mədəni dirçəliş – bunlar Naxçıvan Muxtar Respublikasının son illərinin tarixi reallıqlarıdır. Son 10 ildə muxtar respublikada makroiqtisadi göstəricilər artmışdır. Real olaraq iqtisadiyyat 12,5 dəfə, dövlət büdcəsi 11,7 dəfə artmışdır. İqtisadiyyata 3 milyard 704 milyon manat həcmində sərmayə qoyulmuşdur. Sənaye sahəsində, kənd təsərrüfatında, tikinti və nəqliyyat sektorlarında böyük irəliləyişlər baş vermişdir.
2012-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Sement Zavodunun açılışı olmuşdur. Burada istifadə olunan xammal – əhəngdaşı, dəmir gili, kvars, gips Naxçıvan Muxtar Respublikasındakı yataqlarda çıxarılır. Bu zavodda istehsal olunan məhsul Avropa İttifaqının keyfiyyət nişanına layiq görülmüşdür.
Təbii mineral su olan məşhur “Badamlı”nı istehsal etmək üçün Naxçıvan şəhərində müasir texnoloji standartlara əsaslanan yeni zavod tikilmişdir. Zavodda Fransanın “Sidel” şirkətinin avadanlıqları quraşdırılmışdır. Qazlı və qazsız mineral su alıcılara şüşə və plastik qablarda çatdırılır.
2010-cu il oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvanda daha bir zavodun – “Gəmiqaya” Daş Məmulatları Kompleksinin açılışında iştirak etmişdir. Bu kompleks travertin və mərmər istehsalı üzrə ixtisaslaşmışdır. Burada Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılmışdır.
Muxtar respublikada inşaat materiallarına olan ehtiyacı ödəmək üçün 2 aprel 2013-cü il tarixdə Kommersiya Cəmiyyətləri İtti­faqı tərəfindən mühüm əhəmiyyətə malik “Cahan İnşaat” Sənaye Kompleksi istismara verilmişdir.
Muxtar respublikadakı istehsal müəssisələrindən biri də Naxçıvan Avtomobil Zavodudur. Almaniya, İtaliya və Belçika istehsalı olan avadanlıqlar quraşdırılmış zavodda minik maşınları və mikroavtobuslar buraxılır.
Naxçıvan Muxtar Respublikası regionda elektrik enerjisi ixracatçısıdır. Muxtar respublikada bu uğurlara 87 meqavat gücündə olan modultipli elektrik stansiyalarının, Heydər Əliyev Su Anbarı üzərində tikilmiş su elektrik stansiyasının açılışından sonra nail olunmuşdur.
2003-cü ildə Azərbaycan və İran arasında Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində yeni körpünün tikilməsi haqqında memorandum imzalanmışdır. 2005-ci ildə tikinti işlərinə başlanılmış, 17 oktyabr 2007-ci il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə körpünün açılışı olmuşdur.
Naxçıvanda hava limanının yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2002-ci ilin oktyabrında Naxçıvan Hava Limanının bərpasına başlanıldı və ən müasir standartlara cavab verən aeroport yaradıldı. Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından ölkənin digər şəhərləri ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə müntəzəm uçuşlar həyata keçirilir.
2008-ci ilin martında muxtar respublikadakı magistrallardan biri olan Naxçıvan-Sədərək avtomobil yolunun tikintisinə başlanıldı.
5 oktyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Naxçıvan-Culfa magistral avtomobil yolu açıldı. O, Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında və bütövlükdə Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkənin ərazi bütövlüyünü və bundan sonrakı tərəqqisini təmin etmək üçün hər cür şərait yaradır.

Temir İsaev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR