Muxtar respublika gömrük orqanlarına xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin birinci mərhələsi – test imtahanı keçirilib. Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən imtahanda 162 namizəd iştirak edib.
Qeyd edək ki, müsabiqədə iştirakla bağlı ərizələrin qəbulu və namizədlərin qeydiyyatı elektron qaydada həyata keçirilmişdi. Elektron ərizə ilə müraciət müddətində 298 nəfər qeydiyyatdan keçmişdi. Müraciətlərin dəyərləndirilməsi nəticəsində qeydiyyatı “Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydaları”na və müəyyən olunmuş tələblərə uyğun gələn 206 namizədə müsabiqədə iştirak üçün dəvət göndərilmişdi.
Test imtahanı gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqə komissiyasının iştirakı ilə keçirilib. Sual kitabçaları üç variantda hazırlanıb və hər birində 100 sual yer alıb. Sualların cavablandırılması üçün namizədlərə 2 saat vaxt verilib.
Cavab kartlarının yoxlanılması namizədlərin iştirakı ilə aparılıb və nəticələr dərhal açıqlanıb.
Onu da qeyd edək ki, gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilən müsabiqənin növbəti mərhələsinə yalnız test imtahanında müvəffəqiyyət qazanan namizədlər buraxılacaqlar. Müsahibə mərhələsində namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmaları müəyyən ediləcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti