Yanvarın 18-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş konsul Əli Əlizadə çıxış edərək faciə barədə ətraflı məlumat vermiş, 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq, qürur və şərəf günü olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, yanvarın 19-dan 20-nə keçən gecə qurbanlar verən Azərbaycan xalqı milli azadlıq və istiqlal uğrunda mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir. Həmin dövrdə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələrində bəyanatla çıxış edərək etiraz səsini ucaltmış, hadisəni törədənləri ifşa etmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndərin bu cəsarətli addımı dəhşətli terror aktının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, SSRİ hakimiyyətinin və mərkəzi mətbuatın hadisə ilə bağlı həqiqətləri ört-basdır etməyə çalışmasının qarşısının alınmasında, ən əsası isə xalqımızın öz azadlıq ideyalarını daha böyük əzmlə nümayiş etdirməsində mühüm əhəmiyyətə malik olmuşdur.
Əli Əlizadə 20 Yanvar faciəsinin törədilməsinin, əslində, Ermənistanın işğalçılıq siyasətinin həyata keçirilməsi üçün zəmin yaratmaq məqsədinə xidmət etdiyini bildirmiş, ermənilərin Azərbaycanla yanaşı, zaman-zaman İran və Türkiyədə də terror hadisələri törətdiklərini diqqətə çatdırmışdır.
Mərasimdə Baş Konsulluğun əməkdaşları da çıxış edərək 20 Yanvarı Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsi kimi dəyərləndirmiş, bu hadisəyə həsr olunmuş şeirlər səsləndirmişlər.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuş, iştirakçılara xalqımızın başına gətirilən faciə və soyqırımları əks etdirən əyani vəsaitlər paylanmış, hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Anım tədbirində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyi, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
20 Yanvarla bağlı Baş Konsulluq tərəfindən hazırlanmış məqalələr İranın “Dəniz” və “Nəvid-e Azərbaycan” qəzetlərinin internet səhifələrində yerləşdirilmişdir.
“Şərq qapısı”