23 Dekabr 2024, Bazar ertəsi

 Ulu öndər Heydər Əliyеv: Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir.


 Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində hadisələri mürəkkəbləşdirən səbəblərdən biri də XIX əsrin 20-ci illərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və burada özlərinin dövlətlərini yaratmağa cəhd göstərmələri idi. Rusiya tərəfindən ərazi mübahisələri qızışdırılır və bunları ermənilərin xeyrinə həll etmək siyasəti aparılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycana qarşı irəli sürülən əsassız torpaq iddiası bolşevik hakimiyyəti dövründə də davam etdirilmişdir. Həmin illərdə Azərbaycan ilə Ermənistan arasında mübahisəli ərazilər, əsasən, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.

 1918-ci il may ayında Azərbaycan torpağında yaradılan Ermənistan dövləti 9,8 min kv.km ərazidə yerləşmişdi. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın 7,9 min kv.km ərazisini də öz ərazisinə qatmaq istəyirdi. Bu ərazilər içərisində Naxçıvan məsələsi xüsusilə qabardılırdı. Belə bir uydurma fikir irəli sürülürdü ki, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”. Ermənilərin xülyalarının gerçəkləşməsi üçün bir sıra dövlətlər ona siyasi dəstək verməklə yanaşı, iqtisadi və hərbi yardım da göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətlə əlaqədar o, Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan əhalisi, yerli ziyalılar, Müsəlman Milli Şurası bütün imkanları və qüvvələri ilə erməni daşnaklarına qarşı inadla mübarizə aparırdı. Naxçıvanın erməni işğalına düşməsinə imkan vermir, hər vəchlə Azərbaycanın tərkibində qalmağa çalışırdılar.

Ermənistanın daşnak rəhbərliyi isə Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. Ermənistan hökuməti bildirirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və Naxçıvan rayonundan imtina edərsə, o da, öz növbəsində, Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bu təklifi rədd edərək qədim Azərbaycan torpaqları olan Naxçıvan və Culfa ərazilərinin dərhal sovet qoşunları tərəfindən tutulmasını və Azərbaycana birləşdirilməsini təkidlə tələb edirdi.
Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci il iyulun 28-də Naxçıvan şəhəri tutuldu. İyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və başqaları daxil oldular.
1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilirdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də “mübahisəli vilayətlər” elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi.
1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edilirdi. Bolşevik Rusiyası bu yolla Ermənistanda Sovet hakimiyyəti qurulması üçün zəmin hazırlamaq, ermənilərin rəğbətini qazanmaq istəyirdi.
Ermənistan SSR yaradıldıqdan sonra Azərbaycan ərazisinə iddialar daha da artdı. 1920-ci il noyabrın 30-da AK(b)P MK Siyasi və Təşkilat bürolarının birləşmiş iclasında N.Nərimanovun verdiyi bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılmış şəkildə dərc olunması erməni iddialarının daha da artmasına səbəb oldu. N.Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini təklif etmiş və demişdi ki, “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur”.
Qərarda da, N.Nərimanov çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı. Qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə edilmişdi: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi sovet Ermənistanının ayrılmaz ərazisidir”. Bu sözlər, ola bilsin, diplomatik mülahizələrə görə, Q.Or­conikidze, S.Kirov və onların həmfikirləri tərəfindən ora daxil edilmişdi. Həmin fikir ermənilərin yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda “Azad Sünik hökuməti” təşkil etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi.
N.Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı. 1920-ci il dekabrın 2-də Aleksandropolda (Gümrüdə) Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Həmin müqaviləyə əsasən, türk generalı Veysəl Ünüvar özünü müvəqqəti fövqəladə komissar elan etdi, öz dəstələri ilə Şərur da daxil olmaqla Ermənistanla sərhəd məntəqələrini tutdu. Nəticədə, 1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyannamə ilə çıxış edərək Naxçıvanın müstəqilliyini tanıdığını elan etdi.
Naxçıvanda əhalinin narazılığı get-gedə artırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Naxçıvana göndərildi. Naxçıvanda, Ordubadda, Şərurda və başqa yerlərdə Naxçıvanın Ermənistana verilməsinə qarşı böyük mitinqlər keçirilirdi. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasını tələb edirdilər. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdı.
Naxçıvan əhalisinin böyük əksəriyyətinin bir neçə illik inadlı mübarizəsi və rəy sorğusunun nəticəsi Naxçıvanın ərazi statusunu həll etdi. Rusiya tərəfi Naxçıvanın əhalisinin iradəsi ilə hesablaşaraq və eləcə də Azərbaycan bolşeviklərinin millətsevər hissəsinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Behbud ağa Şahtaxtinskinin əməyini xüsusilə qeyd etməliyik. Onun RSFSR XKS-nin sədri V.İ.Leninə yazdığı 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və teleqramlarda, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilmiş səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri çatdırmış, təklif və mülahizələrini bildirmişdi.
Behbud ağa Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyədən gələn nümayəndə heyəti ilə də danışıqlar aparılırdı. Danışıqlarda bir sıra məsələlərlə yanaşı, Naxçıvan məsələsi də müzakirə olunurdu. Naxçıvan məsələsinin həm Siyasi Büroda, həm də Türkiyə-Rusiya danışıqlarında müzakirə edilməsi onun ədalətli həllinə kömək göstərdi. 1921-ci il martın 16-da Naxçıvanla bağlı iki mühüm qərar qəbul edildi. RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təklifini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikasının yaradılması haqqında qərar qəbul etdi. Həmin gün Türkiyə-Rusiya müqaviləsi də imzalandı. Bu müqavilənin üçüncü bəndinə əsasən, Naxçıvan vilayəti muxtar ərazi statusu alırdı.
Ötən əsrin 20-ci illərində Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri həll etmək lazım gəlirdi. Razılığa əsasən, belə bir konfrans Qars şəhərində keçirildi. Qars konfransı 1921-ci il sentyabrın 26-da başladı, oktyabrın 13-də müqavilə bağlanması ilə sona çatdı. Konfransda Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Bu müqavilə ilə Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirildi və bundan sonra bu məsələyə baxılmayacağı qərarlaşdırıldı. Naxçıvan Respublikasının sərhədləri belə müəyyən edildi: “Üçbucaq təşkil edən zonada yerləşən Naxçıvanın ərazisi Urmiya kəndindən başlayan düz xətt boyunca Arazdəyən stansiyasına qədər, yenə də düz xətt boyu qərbi Daşburun dağına (3142 m), suayırıcı xətlə şərqi Daşburun dağından (4108 m) keçib Cəhənnəm dərəsi ilə bulaqdan (cənub) keçib, suayırıcı xətt üzrə Bağırsaq dağından (6607 və ya 6587 m) keçmiş İrəvan dairəsi və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi boyunca 6629 m yüksəkliyindən Kömürlü dağa (6839 və ya 6930) və oradan (3080) yüksəkliyindən Sayat dağı (7868) Qurdqulaq kəndi və Həməsür dağına (8160), 8022 yüksəklik Quru dağa (10282) və bundan sonra keçmiş Naxçıvan qəzasının inzibati sərhədi daxilində müəyyən edilmişdi”.
Beləliklə, RSFSR hökumətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı mübarizələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyə hökumətinin obyektiv mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyasi xadimlərin diplomatik səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.
1921-ci il aprelin 4-də Naxçıvan SSR İnqilab Komitəsi təşkil olundu və həmin ilin sonunda Naxçıvan respublikasında sovetlərə seçkilər keçirildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in Birinci Sovetlər Qurultayı oldu. Qurultay diyarda sovet və təsərrüfat quruculuğuna dair mühüm qərarlar qəbul etdi. Naxçıvan İnqilab Komitəsi ləğv olundu, Naxçıvan İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti yaradıldı.
1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxdı. Əsasnamədə deyilirdi: “Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın”. 1922-ci ilin noyabrında V.İ.Leninin sədrliyi ilə RK(b)P MK Siyasi Bürosu Naxçıvan Muxtar Respublikası yaradılmasının zəruriliyi haqqında qərar qəbul etdi.
1923-cü il yanvarın 21-də AK(b)P Mərkəzi Komitəsi RK(b)P Zaqafqaziya Ölkə Komitəsi Rəyasət Heyətinin 18 yanvar 1923-cü il tarixli qərarına əsasən, Naxçıvan MİK və XKS-ni ləğv etdi və Naxçıvan diyar İcraiyyə Komitəsini yaratdı. 1923-cü il fevralın 27-də Naxçıvan Diyar Sovetlər Qurultayında Naxçıvan SSR-in Naxçıvan ölkəsinə çevrilməsi qərara alındı. Diyarı idarə etmək üçün 17 üzvdən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi yaradıldı. Həmin il dekabrın 31-də Azərbaycan SSR MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qəti qərar qəbul etdi.
1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. Dek­retdə deyilirdi:
1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin.
2. Naxçıvan SSR haqqında Əsasnaməni hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə müddətində həmin layihəni hazırlasın.
Komissiyanın hazırladığı Əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olundu.
Bununla bərabər, muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlandı və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan Muxtar Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”.
Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının statusu müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilmişdir. Yeni Konstitusiyada “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayrılmaz hissəsi” hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmış və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, eləcə də SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda daim Naxçıvanın hərtərəfli tərəqqisi, muxtariyyət statusunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirindəki nitqində Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
1990-1993-cü illərdə çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yubileyinin qeyd olunması, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir.
Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü ilin 9 fevralında Sərəncam imzalamışdır. Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilmişdir. Naxçıvanın üçüncü intibahı dövründə muxtariyyətin dördüncü ali təntənəsinin qeyd olunmasını da məhz cənab İlham Əliyevin imzası təsdiq etdi. Azərbaycan Prezidenti­nin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunmuşdur.
1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmiş, yeni iş yerləri yaradılmış, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənmiş, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlanmış, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılmışdır. Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmamışdır.
Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Ötən dövr ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Artıq Naxçıvan Ümumi Daxili Məhsul istehsalını 2 milyard 391 milyon manata çatdıran, il ərzində 800 milyon manatdan çox həcmdə sənaye məhsulu istehsal edilən, kənd təsərrüfatının sürətlə inkişaf etdiyi, enerji və ərzaq təhlükəsizliyi tam təmin olunan, yüzlərlə təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün binalar tikilən, əhalisinin gəlirləri sürətlə artan, rifah halı günü-gündən yaxşılaşan, on minlərlə iş yeri yaradılan, demək olar ki, bütün yolları yenidən qurulan, ən müasir istehsal müəssisələri istifadəyə verilən muxtar respublikadır.

Bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR