23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Duzdağ” otelində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı dönüş yarandı. Ulu öndərin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gəncliklə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si Gənc­lər Günü elan edildi.

“Bu gün dövlətin apardığı gənc­lər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib”, – deyən Azad Cabbarov bildirib ki, muxtar respublikada da gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və saymaqla bitməyən digər obyektlər tikilərək, yaxud əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, bu gün dövlət gənclər siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Bunun nəticəsində gənclər muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha da fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artırılır. Bu gün gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı, dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.
“2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib, Gənclər Fondunun fəaliyyəti təmin olunub. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır”, – deyən Məmməd Babayev əlavə edib ki, muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir.
Sonra muxtar respublikanın ictimai həyatında fərqlənən gənclər mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib. Tanınmış müğənnilər Günel Məhərrəmova və Günay İbrahimlinin ifa etdikləri musiqi nömrələri gənclərə xoş anlar yaşadıb.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR