And yerimiz, qürur mənbəyimiz
Naxçıvan şəhərində bir ünvan var. O ünvan ki, bizim and yerimiz, həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlərimiz bu ünvanı özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzarlığa – Şəhidlər xiyabanına çeviriblər.
Düz 25 il bundan öncə igid eloğullarımız bir daha sübut etdilər ki, “Torpaq – uğrunda ölən varsa, Vətəndir”. Bu amal uğrunda ölümün gözünə dik baxmaq üçünsə insanın qanında azadlıq eşqi, azadlıq duyğuları alovlanmalıdır. Damarlarında axan qan onları doğma yurda bağlamalıdır.
O Qanlı yanvar qırğınını törədənləri tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki o müdhiş gecədə azğınlaşmış, heç bir mənəvi siması olmayan imperiya bütün iç üzünü göstərdi. Ancaq Azərbaycan xalqının iradəsini, əzmini qıra, azadlıq eşqini söndürə bilmədi. O gün sovet imperiyasının təpədən dırnağa müasir hərbi texnika ilə silahlanmış, azğınlaşmış ordusu fövqəladə vəziyyət elan olunmadan azadlıq istəyən, torpağını, yurdunu canından əziz sevən günahsız bir xalqın üstünə yeridildi. Avtomatlardan, pulemyotlardan yağış kimi güllələr yağdırıldı: Bakı gülləbaran edildi. Nə uşağa, nə qocaya, nə də qadına aman verildi. Guya bununla xalqın gözünün odunu alacaq, onun azadlıq əzmini qıracaqdılar. Lakin imperiyanın şovinist rəhbərləri və respublikamızda onların buyruğu ilə oturub-duran manqurt “havadarları” bir məsələni unutmuşdular.
Unutmuşdular ki, bu xalqın Vətəni öz canından artıq sevən milyonlarla övladları var. Və onlar yüksək amalları uğrunda özlərini ölümün ağuşuna atmağı, şəhidlik zirvəsinə yüksəlməyi bacarırlar.
Ölümün gözünə dik baxan belə Vətən övladlarının qəhrəmanlığı bizi müstəqilliyə, azadlığa qovuşdurdu. Daim ehtiramla, böyük minnətdarlıq hisləri ilə xatırlanan şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır. Müxtəlif yaşlarda əbədiyyətə qovuşan igid soydaşlarımız onları görənlərin yaddaşlarında da bu yaşlarda qalıblar. Onlar xalqımıza müstəqilliyimizlə yanaşı, həm də müqəddəs and yerləri – Şəhidlər xiyabanları “bəxş” etdilər. Bu xiyabanlardakı məzarlarda uyuyanlar dünya durduqca qədirbilən xalqımız tərəfindən böyük ehtiram və sonsuz məhəbbətlə yad ediləcəklər.
Budur, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanındayam. Bu ünvan artıq minlərlə insanın ziyarətgahına çevrilib. İctimaiyyətin nümayəndələri, kiçikdən tutmuş böyüyədək hər kəs Şəhidlər xiyabanına üz tutur, Vətənimizin bütövlüyü uğrunda öz canlarını fəda etmiş bu qəhrəman oğulları ehtiramla anırlar. Xiyabandakı Ana heykəlinə baxıram. Mənə elə gəlir ki, bu gün o ana buraya gələn ziyarətçilər qarşısında daha əzəmətlə və qürurla dayanıb. Başını dik tutub şəhid anası. Və buna da haqqı var. Çünki o, Vətəni, torpağı, azadlıq uğrunda əbədilik zirvəsinə ucalmış şəhidimin anasıdır. Onun böyütdüyü oğul düşmənə sipər olub. Bu oğul gənc nəslə örnəkdir. Qəhrəmanlıq məktəbinin gör neçə yetirməsi uyuyur burda – fəxarət yerimiz, qürur mənbəyimiz Şəhidlər xiyabanında.
Hava soyuqdur. Amma məzarlardan boylanan şəhid şəkilləri, o şəkillərdəki çöhrələrdə əks olunan Vətən məhəbbəti qəlbimizi, ruhumuzu isidir; ayaqlarımızı ana torpağa daha möhkəm basmağa çağırır. Başımı qaldırıb səmaya baxıram. Göy üzü tərtəmizdir. 1990-cı illərdəki qara buludlardan əsər-əlamət yoxdur. Bu həm də gələcəyə nikbin baxışımızın ifadəsidir. Üçrəngli bayrağımız astaca dalğalanır. Bu isə qələbəyə aparan yoldur. Ana heykəli öz əzəmətilə sanki xiyabana gələnlərə “övladlarımızı yad etdiyiniz, onların əziz xatirəsi qarşısında baş əydiyiniz üçün sağ olun. Nə qədər ki belə igidlərimiz var, Vətən basılmayacaq”, – deyir. Bu məzarlar dünyaya gələn yeni nəsillərə onların qəhrəmanlığından danışacaq, bu günlərin qədrini bilməyi tövsiyə edəcək, ürəklərdəki Vətən yanğısını, yurd sevgisini sönməyə qoymayacaq.
Sara ƏZİMOVA