Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 15 sentyabr 2014-cü il tarixdə inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun olaraq, 340 vakant yerin tutulması məqsədilə elan edilmiş müsabiqədə iştirak etmək üçün 439 namizəd sənəd təqdim etmişdi. Müsabiqədə müvəffəqiyyət qazanaraq dövlət orqanlarında müvafiq vəzifələrə təyin olunmuş dövlət qulluqçularının fevral ayının 9-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində andiçmə mərasimi keçirilib. 72 nəfər dövlət qulluqçusu and içdikdən sonra andın mətnini imzalayıblar, onlara dövlət qulluqçularının andiçmə vərəqələri təqdim edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daim diqqət mərkəzində saxlayıb, ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri kimi 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanun qəbul edilib. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilib.
Qeyd olunub ki, ölkəmizdə “Dövlət qulluğu haqqında” Qanunun qəbulundan sonra onun icrasını təmin etmək və tətbiqi mexanizmini yaratmaq üçün normativ aktlar qəbul edilib, müxtəlif əsasnamə və qaydalar təsdiq olunub. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, sınaq müddəti ilə staj keçilməsi, dövlət qulluqçularının attestasiyası, icbari sığortası, hakimiyyət səlahiyyətinin icrasına, qulluq stajına, ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınıb, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilib.
Etibar Musayev gənc dövlət qulluqçularının nəzərinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılmasında əsas məqsəd dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının əlavə təhsili, attestasiyası və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərin qanunvericiliklə həyata keçirilməsini təmin etməkdir. Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin qurulmasına səbəb olub.
Komissiya sədri muxtar respublikanın müxtəlif idarə, müəssisə və təşkilatlarında dövlət qulluğuna qəbul edilən gənclərə dövlətçiliyimizin qorunmasında, onlara müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Muxtar MƏMMƏDOV