Bu kənd indi müasir qəsəbə görkəmindədir
Ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında mühüm rol oynamış böyük şəxsiyyətlərin vətəni kimi tanınan Kəngərli rayonunun Şahtaxtı kəndi muxtar diyarımızın ən qədim yurd yerlərindən biridir. Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri bu yaşayış məntəqəsini də əhatə edib. Ayrı-ayrı vaxtlarda bu kənddə yeni obyektlər tikilərək istifadəyə verilib.
Bu gün Şahtaxtı qəsəbə görkəmindədir. Müasirliyə qovuşan bu yurd yerinin bu günü haqqında sadə bir kənd ailəsinin üzvləri ilə həmsöhbət olduq. Bir-iki saatlıq söhbət bizdə xoş təəssüratlar yaratdı. Gördük ki, qonağı olduğumuz ailə üzvləri dövlətimizin bu gün həyata keçirdiyi siyasəti ürəkdən dəstəkləyirlər.
Zəkiyyə nənənin söhbəti
Kənd sakinlərinin mehribanlıqla “nənə” deyə müraciət etdikləri Zəkiyyə xanım ömrünün səkkizinci onilliyini başa vurmaqdadır. Gözünü dünyaya bu kənddə açıb. Burada doğulub boya-başa çatıb. Bütün ömrünü zəhmətdə keçirib. Çoxları üçün kişi peşəsi sayılan dəmiryolçu peşəsində çalışıb. Bu gün də gümrahdır. Yaddaşına da söz ola bilməz. Onunla yaşadığı evdə görüşdük. Oğlu Azadi Rzayev mühasibdir. Gəlini Çiçək Əlizadə kənd tam orta məktəbində müəllim işləyir. Nəvələri Çilənay və Nilufər Rzayevalar Naxçıvan Dövlət Universitetində, adını daşıdığı Zəkiyyə isə kənd tam orta məktəbinin IX sinfində təhsil alırlar. Çay süfrəsi arxasında şirin bir söhbət başlayır. Söhbətə elə Zəkiyyə xanım özü körpü salır:
– Çox çətin günlərimiz olub indiki dövrə çatanacan. Çörəksiz də, işıqsız da qalmışıq. Qışın şaxtalı günlərində evin küncündə qurulmuş peçə odun tapmadığımız vaxtlarımız da olub. Bir qarın ac, bir qarın tox günlər də yaşamışıq. Lakin dözmüşük. Bu gün dönüb dünənə baxanda gözlərimə inanmıram. Hərdən kənd içinə çıxıram. Gördüklərimdən, vallah, heyrətə gəlirəm. Nəvələrimə deyəndə ki, a bala, Şahtaxtı neçə illər bundan irəli gördüyüm kənd deyil, – inanmırlar. Düzü, onları qınamıram da. Çünki onlar kəndin çətin günlərini xatırlamırlar .
Zəkiyyə nənə evin pəncərəsindən görünən böyük ticarət mərkəzini göstərir:
– Bir vaxtlar belə dükanı böyük-böyük şəhərlərdə tikərdilər. İndi ən ucqar kəndlərdə də tikirlər. Özü də tək dükan deyil, bərbərxanası da var, qız-gəlinlər üçün ayrıca otağı da. Ondan başqa da 2 dükanımız var. Daha rayon mərkəzinə getməyə ehtiyacımız yoxdur. Şükür bu günümüzə, oğul. Gərək bu günlərin qədrini bilək. Qeydinə qalaq o tikilənlərin. Onları tikdirənlərin zəhmətini unutmayaq. Belə işlər görmək böyük xeyirxahlıqdır və savab əməldir.
Bu anda Zəkiyyə nənənin gəlini Çiçək müəllimə otağa daxil olur. Xoş gəldin edir. Gətirdiyi çayı, mürəbbələri stolun üstünə düzür. Qayınanasından söhbəti davam etdirmək üçün icazə istəyir. Razılıq alıb kənddə yeni binada fəaliyyət göstərən məktəb haqqında danışır:
– Şahtaxtı kəndində tarixən təhsilə güclü maraq olub. Kənd məktəbini bitirən məzunlar arasında çoxlu alim yetişib. Görkəmli akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın adını daşıyan bu məktəb 5 akademikin, onlarla professor və dosentin orta təhsil aldıqları ünvandır. Məktəbimizin köhnə binada yerləşməsi təhsilin səviyyəsinə mənfi təsir göstərirdi. Bu nəzərə alınaraq 2005-ci ildə kənddə yeni məktəb binası tikildi. Bəzən köhnə məktəbimizlə indiki məktəbi göz önünə gətirirəm. İndiki məktəb binası, burada yaradılan şəraitlə köhnə məktəb arasında müqayisəyəgəlməz fərqlər var. 594 şagird üçün nəzərdə tutulmuş binada müəllimlərimiz yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Məktəbin görkəmli alimin adını daşıması, 2007-ci ildə ölkə başçısı cənab İlham Əliyevin bu təhsil ocağında olması, müəllimlərlə səmimi söhbət etməsi, tövsiyə və tapşırıqlarını verməsi kollektivimizin məsuliyyət hissini daha da artırıb.
Çiçək müəllimə Şahtaxtinskilər nəslinə böyük hörmət və ehtiramın ifadəsi olan Şahtaxtinskilər Muzeyinin istifadəyə verilməsindən də qürurla danışır. Bu muzeyin şahtaxtılı məktəbli və gənclərin vətənpərvər ruhda formalaşdırılmasında mühüm rol oynadığını xüsusi vurğulayır.
Ailənin tələbə övladları Çilənay və Nilufərin də baxışlarında kənddə görülən işlərə minnətdarlıq və sevinc hisləri duyuruq. Onları da eşitmək istəyirik. Bacılar yüksək balla ali məktəblərə qəbul olunduqlarının başlıca səbəbini muxtar respublikada, konkret olaraq, elə Şahtaxtı məktəbində yaradılmış şəraitlə əlaqələndirirlər.
Zəkiyyə nənə deyir ki, nəvələrinin belə firavan bir zamanda yaşadıqlarını, təhsil aldıqlarını görəndə onun da yaşamaq, Şahtaxtının bundan da yaxşı günlərini görmək istəyi güclənir.
İstəyirik ki, ona bu arzusunun çin olacağına inamımızı bildirək, elə onda evin qapısı döyülür, içəri bir qadın daxil olur. Bizimlə lap köhnə tanış kimi hal-əhval tutur. Zəkiyyə nənənin, digər ailə üzvlərinin kefini soruşur. Zəkiyyə nənə bizi onunla tanış edir:
– Qonşumuz Ruqiyyədir.
Öyrənirik ki, Ruqiyyə İmranova ömrünün doqquzuncu onilliyini yaşayır. Tez-tez öz gənclik rəfiqəsi Zəkiyyə Rzayeva ilə görüşürlər, ötən günlərə qayıdırlar, keçmiş xatirələrini birgə xatırlayırlar. Gəlişimizin məqsədini bilən Ruqiyyə İmranova da doğma kəndi Şahtaxtıda görülən işlərdən razılığını bildirir:
– İrəli günlərdə bir balaca nasazlamışdım. Üz tutdum xəstəxanaya (2010-cu ilin dekabr ayında Şahtaxtı kəndində istifadəyə verilən həkim ambulatoriyası). Necə gözəl şərait yaradıblar. Həkimləri də sağ olsunlar. Buraya gələnlərə “can” deyib qəbul edir, “can” deyib yola salırlar. Adam xəstələndiyini də unudur.
Bu səmimi və mehriban ailə ilə sağollaşıb ayrılırıq. Təəssüratlarını uzun müddət yaşayacağım söhbətə
Kənd mərkəzində
əlavə çalarlar qatılır.
Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Qazıbəyov deyir ki, Şahtaxtının simasına füsunkar görkəm gətirən belə kompleks quruculuq işləri muxtar respublikada kəndlə şəhər arasında olan fərqin aradan qaldırılması istiqamətində görülən işlərin nəticəsidir. Bu gün Şahtaxtı gömrük-keçid məntəqəsindən keçərək Naxçıvana gələn qonaqlar da bu kənd yaşayış məntəqəsində həyata keçirilən quruculuq tədbirlərini görür, diyarımızda dinamik xarakter almış inkişaf və tərəqqinin şahidi olur, onlarda muxtar respublikamız haqqında yüksək və xoş təəssüratlar yaranır.
İcra nümayəndəsi bildirir ki, “Kənd mərkəzi” adlanan sosial obyektlər muxtar respublikada mahiyyət və məzmunca yeni layihələrdir. Son illər regionumuzun ən ucqar yaşayış məntəqələrində belə, kənd mərkəzləri inşa olunub istifadəyə verilir. Belə mərkəzlərdə kənddə fəaliyyət göstərən təşkilatlar yerləşdirilir. Bu da onların birlikdə fəaliyyətinə şərait yaradır. Bundan istifadə edən kənd adamlarının vaxtı da hədər yerə itmir. Şahtaxtı kəndində istifadəyə verilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Burada kitabxana, polis sahə və baytarlıq məntəqələri, rabitə evi, ATS, icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi fəaliyyət göstərir.
Onu da öyrənirik ki, uzunluğu 7 kilometr, eni 9 metr, asfalt örtüyünün qalınlığı isə 7 santimetr olan Qıvraq-Şahtaxtı yolu da yenidən qurulub.
Şahtaxtılılar kəndin tarixi şəxsiyyətləri və tarixi ilə qürur duyurlar
Kəndə gəlmişkən Şahtaxtının adını tarixi mənbələrdə yaşadan görkəmli şəxsiyyətləri, elə yaşayış məntəqəsinin öz tarixi və adının etimologiyası ilə maraqlanıram. Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zal Rüstəmov bu barədə məlumat verir:
– Görkəmli dövlət xadimi Əziz Əliyevin, dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevanın bir vaxtlar yaşadıqları Şahtaxtı həm də Şahtaxtinskilər nəslinin ata-baba yurd yeridir. Bu gün kəndin tarixinə nəzər salsaq, zəngin materiallarla üz-üzə qalarıq. Jurnalist-tədqiqatçı Elxan Şükürlü “Şahtaxtı sirri: “Taxt” sahibi “Şah” kim olub?! İki məskunlaşma dövrü keçən bu kəndin maraq və heyrət dolu tarixi...” adlı yazısında bildirir ki, Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə.Ələkbərov tərəfindən aparılan arxeoloji qazıntılar zamanı təsdiqini tapıb. Bu qazıntılar zamanı müəyyənləşdirilib ki, Şahtaxtı hələ bizim eradan əvvəl VI-IV minilliklərdən başlayaraq intensiv yaşayış olan, eradan əvvəl II minillikdən isə ətrafı qala divarları ilə möhkəmləndirilmiş yaşayış məskəni olub. Kəndin adı ilə bağlı tədqiqatçının söylədiyi bəzi məqamlar da maraqlıdır. Belə ki, E.Şükürlü bu adın etimologiyasının bir neçə versiyasını üzə çıxarır. Bizcə, həmin versiyalar içərisində AMEA-nın müxbir üzvü Adil Bağırovun yerli əhali arasında yayılan bir versiya ilə üst-üstə düşən fikri daha dəqiqdir. Həmin versiya ondan ibarətdir ki, kəndə bu ad Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Kəndin adının həm xalq, həm də elmi etimologiyasını verən Adil Bağırov bildirir ki, xalq etimologiyasında “Şahtaxtı” sözü “Şahın taxtı”, “Şahın oturduğu yer” mənasında işlənir. Elmi etimologiyada isə bu, “hündür, uca yer” anlamındadır. A.Bağırov öz fikrini belə əsaslandırır ki, Əlincəqala zirvəsində olan düzənliyə də Şahtaxtı deyilir.
* * *
Yuxarıda bildirdik ki, Şahtaxtı həm də Şahtaxtinskilər nəslinin ata-baba yurd yeridir. Bu nəsil Naxçıvanın, eləcə də Azərbaycanın adını tarixə yazıb, Şahtaxtı isə bu nəslin adını əbədiləşdirib. Budur, hər gün onlarla insanın üz tutduğu Şahtaxtinskilər Muzeyindəyik. Hər bir eksponat böyük bir nəslin xeyirxahlıq missiyasından soraq verir.
Muzeyin direktoru Ramiz Şükürovun dediyinə görə, buraya təkcə Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərindən deyil, paytaxt Bakı şəhərindən, xarici ölkələrdən də qonaqlar gəlir. Muzey yaradılarkən burada 285 eksponat olub. Hazırda eksponatların sayı 400-ə yaxındır.
Şahtaxtıdan, Rzayevlər ailəsindən, digər kənd sakinlərindən aldığım təəssüratları olduğu kimi ifadə edə bilmədim. Buna görə oxucular məni qınamasınlar. Müasir Azərbaycan kəndinin nümunəsi olan bu qədim və şöhrəti ölkəmizə yayılan kəndin sakinlərinin söhbətləri, sözün həqiqi mənasında, məni də qürurlandırdı. Aldığım təəssüratları, insanların dövlətimizə minnətdarlıq dolu söhbətlərini çox istərdim ki, oxucular özləri yaşasınlar və eşitsinlər. Çünki bu kənd muxtar respublikadakı inkişaf və tərəqqimizin kiçik modelidir. Bunu görməyə dəyər.
Muxtar MƏMMƏDOV