Fevralın 3-də “Ordubad” adlı “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi ilk uçuşunu Naxçıvan Muxtar Respublikasına edib. Naxçıvan Beynəlxalq Hava Limanında yerə enən təyyarədəki “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri yerli hava limanının heyəti tərəfindən qarşılandı.
Sonra təyyarəyə baxış oldu. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov “Arzular layneri” barədə jurnalistlərə məlumat verərək bildirdi ki, “Boeing-787-8” Dreamliner təyyarəsi ən müasir texnologiyalarla təchiz olunub. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Dreamlinerin çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. Təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən hava gəmisi birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. “Arzular layneri”nin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Dreamliner təyyarəsində bir çox elmi nailiyyətlər tətbiq edilib. Beynəlxalq aviasiya təşkilatlarının xüsusi tələbləri nəzərə alınmaqla Azərbaycan Hava Yolları artıq həm uçuş, həm də yerüstü xidmət heyətinin hazırlığına da başlayıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Etibar Hüseynov isə jurnalistlərə açıqlamasında qeyd etdi ki, ilk mərhələdə “Boeing-787-8” Dreamliner ilə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar həyata keçiriləcək. 2015-ci ilin yay mövsümündən etibarən isə bu hava gəmisinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli dedi ki, ölkəmizə gətirilən yeni təyyarələrin ilk uçuşlarını Naxçıvana həyata keçirməsi artıq ənənə halını alıb. Bu, ulu öndərimiz Heydər Əliyevin vətəni olan muxtar respublikanın ölkəmiz üçün çox böyük əhəmiyyətə malik geostrateji məkan olması ilə bağlıdır.
Xəbərlər şöbəsi