Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2014-cü il 17 yanvar tarixli iclasının qərarı ilə 2014-cü il üçün tədbirlər planı təsdiq olunmuş, icrası nəzarətdə saxlanılmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilmişdir.
Bu sahədə görülən işlərin nəticəsidir ki, 2014-cü ildə Müsadirə Edilmiş Narkotik Vasitələri, Psixotrop Maddələri və Onların Prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 19 qram 21 milliqram heroin, 42 qram 178 milliqram həşiş qatranı, 192 qram 771 milliqram tiryək, 7 kiloqram 615 qram 785 milliqram qurudulmuş marixuana, 1 kiloqram 388 qram çətənə kolu, 6 qram 871 milliqram “Metafetamin”, 25 qram 54 milliqram “Metodon”, ümumi çəkisi 29 qram 737 milliqram olan 513 ədəd “Fenobarbital” preparatı yandırılaraq məhv edilmişdir. Həmçinin qanunsuz dövriyyədən ümumi çəkisi 703 qram 926 milliqram olmaqla, 41 qram 65 milliqram heroin, 206 qram 431 milliqram tiryək, 382 qram 83 milliqram marixuana, 48 qram 307 milliqram həşiş, 26 qram 40 milliqram “Metadon”, habelə psixotrop maddə hesab olunan 6 qram 901 milliqram “Metafetamin” və ümumi çəkisi 29 qram 737 milliqram olan 513 ədəd “Fenobarbital” həbləri aşkarlanaraq götürülmüşdür.
Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində muxtar respublikanın hüquq-mühafizə orqanları tərəfindən də ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən il Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 5 cinayət hadisəsi və 9 inzibati fakt aşkar edilərək 6 qram 996 milliqram tiryək, 252 milliqram heroin, 7 qram 724 milliqram həşiş qatranı, 82 qram 467 milliqram qurudulmuş marixuana, 500 ədəd “Fenobarbital” qanunsuz dövriyyədən çıxarılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da muxtar respublikaya qeyri-qanuni yollarla narkotik maddələrin gətirilmə kanallarının və bu işdə iştirak edən şəxslərin aşkar olunması, onların fəaliyyət dairəsinin müəyyənləşdirilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirmişlər. Nəticədə, 8 cinayət faktı üzrə 40 qram 813 milliqram heroin, 20 qram 451 milliqram həşiş qatranı, 168 qram 544 milliqram qurudulmuş marixuana, 6 qram 901 milliqram çəkisi olan 380 ədəd “Metafetamin” və 13 ədəd “Fenobarbital” həbləri aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən də narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilmiş və 2014-cü ildə 3 cinayət faktı üzrə aşkar edilmiş 20 qram 132 milliqram həşiş, 191 qram 675 milliqram tiryək, 131 qram 12 milliqram qurudulmuş marixuana qanunsuz dövriyyədən çıxarılmışdır. Hesabat dövründə müvafiq orqanlardan icazə sənədi olmayan 31904 ədəd psixotrop tərkibli dərman preparatlarının muxtar respublikaya gətirilməsinin qarşısı alınmışdır.
2014-cü ildə narkomaniya ilə əlaqədar Naxçıvan Muxtar Respublikası məhkəmələrinin icraatında 16 nəfər barəsində 12 cinayət işi olmuş, cinayət işlərinə baxılaraq təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. 4 nəfər barəsində 4 cinayət işi isə 2015-ci ilə qalıq qalmışdır. Bundan başqa, məhkəmələr tərəfindən 9 nəfər barəsində 9 inzibati xəta üzrə işə baxılmış və nəticələndirilmişdir. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatına narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı apelyasiya qaydasında 8 nəfər barəsində 4 cinayət işi daxil olmuş, 3 iş baxılaraq nəticələndirilmiş, 1 iş 2015-ci ilə qalıq qalmışdır.
Narkomaniyaya qarşı mübarizə tədbirlərinin sırasında maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının Təhsil, eləcə də Gənclər və İdman nazirlikləri tərəfindən bu məsələ diqqətdə saxlanılmış, zərərli vərdişlərin qarşısının alınması məqsədilə tədris müəssisələrində maarifləndirmə işləri aparılmış, müxtəlif bilik və idman yarışları təşkil edilmiş, gənclərin idman məktəblərinə və federasiyaların məşqlərinə cəlb edilməsi yolunda tədbirlər davam etdirilmişdir. Ümumiyyətlə, 2014-cü il ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan orqanlar tərəfindən əsas diqqət profilaktik tədbirlərin həyata keçirilməsinə, gənclərin kütləvi idman və mədəni tədbirlərə cəlb edilməsinə yönəldilmişdir. Nəticədə, yetkinlik yaşına çatmayanlar və ya qadınlar arasında narkotiklərlə bağlı cinayət və inzibati məsuliyyətə cəlb edilən olmamış, muxtar respublikanın təhsil müəssisələrində narkotik vasitələrdən istifadə faktı aşkarlanmamışdır.
Naxçıvan Muxtar Respublikasının
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası