23 Dekabr 2024, Bazar ertəsi

Tikinti sektoru muxtar respublika iqtisadiyyatının vacib sahələrindən biri kimi böyük inkişaf yolu keçmiş və artıq öncül sahələrdən birinə çevrilmişdir. İstər muxtar respublikanın paytaxtında, istərsə də rayon, kənd və qəsəbələrində fərdi yaşayış evləri də daxil olmaqla ictimai və dövlət əhəmiyyətli binaların inşası və yenidən qurulması ildən-ilə sürətlənir. Tikinti obyektləri texnogen və təbiət təsirləri baxımından hər zaman potensial təhlükə mənbəyi olduğundan onların dayanıqlılıq və etibarlılığının təmin edilməsi qarşıya prioritet vəzifə kimi qoyulmuşdur. Son zamanlar tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” tikinti-quraşdırma işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, tikinti fəaliyyətinin bütün subyektlərinin, habelə yerli icra hakimiyyəti orqanlarının qarşısında böyük vəzifələr qoyur. Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektlərin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu bütün növ tikintilərə dövlət nəzarətini həyata keçirir. Muxtar respublika ərazisində hündür mərtəbəli yaşayış binalarının, təhsil, səhiyyə, istehsalat, mədəni-məişət və sosial təyinatlı obyektlərin tikinti zamanı xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı müvafiq məsuliyyət səviyyələri müəyyən olunub və onların tikintisi üçün mütləq icazə alınmalıdır. Tikinti işlərinin başlanılması obyektin layihə-smeta sənədlərinin hazırlanması, müvafiq dövlət orqanları ilə razılaşdırılması, layihələrin dövlət ekspertizasından keçirilməsi və qanunvericiliyin digər tələblərinə riayət olunması ilə mümkündür. Sifarişçi tikinti işlərinin aparılmasına icazə almaq üçün yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Yeni qaydalara əsasən, yerli icra hakimiyyəti orqanı sənədlərin tamlığını təmin etdikdən sonra tikinti layihələrini ekspertizadan keçirilməsi üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə göndərir. İdarə sifarişçi ilə bağlanmış müqavilə əsasında 20 gün müddətində tikinti layihələrinin ekspertizasını keçirir və müvafiq rəy verilir. Bunun əsasında yerli icra hakimiyyəti orqanı ekspertiza rəyini nəzərə alaraq, 3 ay müddətində tikintiyə icazənin verilməsi və ya verilməməsi barədə qərar qəbul edir, 3 gün müddətinə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə tikintiyə dövlət nəzarətinin aparılması üçün rəsmi məlumat verir. Hər bir tikinti obyektinə dövlət nəzarəti Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən hazırlanmış “Tikintidə Dövlət Nəzarəti Jurnalı” əsasında aparılır. Tikinti subyektləri tikinti-quraşdırma işlərini müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirməlidirlər. Tikintiyə dövlət nəzarəti obyekt istismara tam hazır olanadək aparılır. Əvvəllər tikintisi başa çatdırılmış obyektlərin istismarına rəy verilməsi üçün bir çox dövlət qurumlarının nümayəndələrindən ibarət dövlət qəbul komissiyası yaradılırdı və bu da işi mürəkkəbləşdirirdi. Lakin bu prosedur hazırda çox sadələşdirilib. Belə ki, sifarişçi “Tikintinin istismarına icazənin vahid forması” üzrə tələb olunan tikinti sənədləri ilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə müraciət edir, tikintiyə baxış keçirildikdən sonra onun istismara hazır olması barədə məlumat verilir və “İstismara hazırlıq aktı” tərtib edilir. Sifarişçi, podratçı, layihəçi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nümayəndəsi tərəfindən akt imzalanıb möhürlərlə təsdiq edilir. Bu akt əsasında yerli İcra Hakimiyyəti orqanının başçısı obyektin istismarına icazə sənədini təsdiqləyir. 

Bu gün muxtar respublikada ictimai və yaşayış binalarının tikintisi ilə yanaşı, vətəndaşlar tərəfindən fərdi yaşayış evlərinin tikintisi də geniş vüsət almışdır. Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı prosedur xeyli sadələşdirilmişdir. Belə ki, əvvəllər fərdi evlərin tikintisi üçün yerli İcra Hakimiyyətindən icazə tələb olunurdusa, yeni Qaydalara əsasən, bu, məlumatlandırma icraatı ilə əvəz edilmişdir. Vətəndaş ona məxsus torpaq sahəsində özunə fərdi yaşayış evi tikmək istəyirsə, o, qeyd olunan parametrləri nəzərə almaqla, yəni mərtəbələrin sayı 3, aşırımı 6 metr, hündürlüyü 12 metrdən çox olmayan evin layihəsini layihəçi tərəfindən hazır­ladaraq ərizə ilə yerli İcra Hakimiyyəti orqanına təqdim edir. Yerli İcra Hakimiyyəti orqanı 3 ay müddətində layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olub-olmadığını yoxlayır, əgər layihəyə heç bir irad bildirilmirsə, vətəndaş tikinti işlərinə başlaya bilər. Tikinti işlərinin başlanması ilə bağlı yerli İcra Hakimiyyəti orqanı 3 gün ərzində Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə məlumat verir. Bundan sonra idarə təqdim olunmuş layihə üzrə tikintinin aparılmasına nəzarət edir.

Muxtar respublikada tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi üzrə təsdiqlənmiş yeni Qaydalar tikintidə təhlükəsizliyin təmin olunmasına, insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək amillərdən qorunmasına xidmət edən dövlət sənədidir.

Vüqar KAZIMOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR