XX əsrin əvvəlində müstəqilliyimizə gedən yol 1918-ci il 31 mart soyqırımından, həmin əsrin sonunda isə əbədi müstəqilliyimizə aparan yol 1990-cı ilin 20 Yanvar faciəsindən keçdi. Bu iki qanlı tarix göstərdi ki, tarixi dövlətçilik ənənələrinə malik xalqımızı dövlət müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, onun haqq səsini boğmaq mümkün deyil. Sinələrini imperiya ordusu qarşısında sipər edən oğul və qızlarımız öz istəklərinə qovuşdular. Dəhşətli 20 Yanvar faciəsindən sonra Azərbaycan imperiya buxovlarından azad olaraq müstəqilliyini bərpa etdi.
Yanvarın 20-də saat 1200-də Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilib.
Xəbərlər şöbəsi