Naxçıvan Muxtar Respublikasında keyfiyyətə nəzarət infrastrukturunun inkişafı, standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi istiqamətləri üzrə fəaliyyətin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2014-cü ildə fəaliyyətini gücləndirmiş, dövlət proqramlarının qarşıya qoyduğu vəzifələr, sessiya və müşavirələrdə verilmiş tapşırıqlar uğurla icra olunmuşdur.
Komitənin müvafiq işçi qrupları tərəfindən elektrik, qaz və su sayğaclarının istismar müddətinə, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinə, təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinə, tikinti sektorunda, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər aparılmışdır. Standartların tələblərinə uyğun olmayan 57039,05 manat dəyərində məhsul satışdan çıxarılmış, 30911,45 manat dəyərindəki məhsul məhv edilmiş, 23097,2 manat dəyərindəki məhsul təsərrüfatda yem məqsədilə aid strukturlara təhvil verilmiş, 3030,4 manat dəyərindəki məhsul isə istehsalçı və idxalçı müəssisələrə geri göndərilmişdir.
Komitənin 2014-cü il üzrə iş planına uyğun olaraq, keyfiyyətin idarə olunması istiqamətində 12 təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirilmiş, 11 təsərrüfat subyektində nöqsanlar aşkar olunaraq operativ qaydada aradan qaldırılmışdır. Bundan başqa, 425 istehsal müəssisəsində müşahidə xarakterli monitorinqlər aparılmış, 303 istehsal müəssisəsinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edilmişdir. İl ərzində muxtar respublikada unun dəmir mineral tozu ilə zənginləşdirilməsi və çörəyin çəkisi nəzarətdə saxlanılmışdır.
Zəruri təhlükəsizlik tədbirləri çərçivəsində aidiyyəti orqanlarla birlikdə qaz cihazlarının satışını həyata keçirən 27 ticarət obyektində monitorinqlər aparılmışdır. 22 ticarət obyektində uyğunluq sertifikatı və Azərbaycan dilində istifadə təlimatı olmayan, təhlükəsizlik sistemləri ilə təmin olunmayan qaz cihazları aşkar olunaraq satışı qadağan edilmişdir. Təkrar monitorinqlər zamanı 6 ticarət obyekti tərəfindən çatışmazlıqların aradan qaldırıldığı müəyyən edilmiş, 16 ticarət obyektində 208 ədəd mətbəx üçün qaz pilətəsi, 95 ədəd qazla işləyən təcili su qızdırıcısı, 1 ədəd qaz sobası və 31 ədəd qaz ocağı olmaqla, cəmi 335 ədəd qaz cihazı satışdan çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını diqqətdə saxlamışdır. Belə ki, 2014-cü ildə 810 ədədi ərzaq, 2450 ədədi qeyri-ərzaq olmaqla, 3260 ədəd məhsula uyğunluq sertifikatı verilmişdir. 139 müəssisəyə istehsal etdiyi sabit keyfiyyətli 260 adda məhsulu AZS Milli Sertifikatlaşdırma Sisteminin “Uyğunluq nişanı” ilə nişanlamaq hüququ verilmişdir. Həmçinin standartlaşdırma fondunun zənginləşdirilməsi məqsədilə 59 ədəd yeni təsdiq olunmuş dövlət standartı, 2 ədəd dövlət standartına edilmiş dəyişiklik, 11 ədəd dövlətlərarası standart, 10 ədəd türk standartı, 1 ədəd təsnifat, dövlət qeydiyyatından keçmiş 10 ədəd texniki şərt və 2 texniki şərtə edilmiş dəyişiklik, Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən 24 ədəd beynəlxalq standart, 30 ədəd Avropa standartı və 1 ədəd Rusiya Federasiyası milli standartı fonda daxil edilmiş, 6 dövlət standartı ləğv edildiyindən fonddan çıxarılmışdır.
Komitə metrologiya xidməti üzrə də fəaliyyətini gücləndirmiş, 1325 təsərrüfat subyektində 63 min 330 ədəd (12388 ədədi dövlət, 50942 ədədi qeyri-dövlət sektoru üzrə) ölçmə vasitəsi müqayisəli yoxlamadan keçirilmişdir. Bəhs olunan dövrdə komitəyə ixtira, faydalı model, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi üzrə 133 müraciət daxil olmuşdur. Hazırda bunların ekspertizası davam etdirilir. 134 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən 225 halda qanunsuz reklam üsullarından istifadə hallarının qarşısı alınmışdır. Əmtəə nişanlarının mühafizəsinə dair 67 ədəd şəhadətnamə və sənaye nümunələrinin mühafizəsinə dair 9 ədəd patent verilmişdir. 35 laboratoriyada akkreditasiya işləri aparılmış və sertifikatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollektivi 2015-ci ildə də verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində səylə çalışacaq, əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti