Tarixi keçmişimizə və görkəmli şəxsiyyətlərin fəaliyyətinə işıq tutan muzeylər milli irsin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə muxtar respublikamızda fəaliyyət göstərən muzeylərə mərkəzi icra hakimiyyətləri orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının ekskursiyaları artıq bir ənənə halını almışdır.
Yanvarın 31-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Heydər Əliyev Muzeyində olmuşlar. Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış və 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvandakı Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey ümummilli liderin sağlığında fəaliyyətə başlamışdır.
Muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanmışdır. Hazırda muzeydə 4500-dən çox eksponat vardır. İndiyədək muzeyi 250 mindən çox tamaşaçı ziyarət etmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Heydər Əliyev Muzeyində olmuşlar. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin kollektivləri Açıq Səma Altında Muzeydə, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri isə Ədəbiyyat Muzeyində olmuşlar.
Qeyd edək ki, yanvarın 31-də muxtar respublikanın rayonlarındakı idarə, müəssisə və təşkilatların əməkdaşları da müvafiq olaraq rayon mərkəzlərində yerləşən Tarix-Diyarşünaslıq muzeylərini ziyarət etmişlər.
Xəbərlər şöbəsi