1988-ci ildən başlanan hadisələr və ya yaddaşlarda əbədi yaşayacaq günlərə qısa ekskurs
Naxçıvanın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq – uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı. Yüzlərlə igidimiz isə şəhidlik zirvəsinə ucaldı. Belə yurd yerlərindən biri ümummilli liderimiz Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək rayonudur.
Məlum hadisələr başlayandan bir qədər sonra – 1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərəyə hücum ediblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Həmin ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atıblar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıblar. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri rayonun yetirmələri olub.
O illəri xatırlayanda ulu öndərin sözləri yada düşür: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Səngərlərdə döyüş gedəndə həyətlərdə təndirlər tüstülənirdi
Rayonun ağsaqqalları, ziyalıları ilə söhbətimizdə 25 il bundan əvvələ yenidən qayıtdıq. Onlar bizim bilmədiklərimizdən danışdılar. Sədərək kənd 2 nömrəli tam orta məktəbdə baş tutan bu söhbət “Dəyirmi masa” arxasındakı söhbətə çevrildi. Sədərək Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Teymur Quliyev:
– O ağır günlərdə səngərlər bizim daimi evimizə çevrilmişdi. Bu “evlər”də müharibə ömrü yaşadıq. Ancaq işimizin haqq işi olduğunu bilirdik. Ona görə də düşmən qabağında bütün sədərəklilər mərdliklə dayandılar.
Teymur müəllim bir məqamı xatırlamaqla söhbətinə davam edir:
– Sədərək hadisələrini izləmiş bir jurnalist kənddə bəzi həyətlərdən tüstü qalxdığını görüb. Fikirləşib ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Əsl həqiqətdə isə o vaxt Sədərəkdə qadınlar səngərdə döyüşən igid eloğullarımıza təndir çörəyi bişirirdilər. Bu, insanların torpağa bağlılığının ən yüksək nümunəsidir. Yaxşı ki, bugünkü gənclərin bu ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Qadir Rəhimov da ağır günləri gözləri ilə görüb. O deyir ki, güllə səslərindən qulaq tutulan, mərmi yağışından həyət-bacaları dağılan Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər “Qeyrət qalası”nı qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini yəqin edərək yerlərində oturdular. Sədərək belə qorundu. Bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, əkib-becərməyinə, əkib-becərmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.
Rayon Təhsil Şöbəsinin əməkdaşı, “Tərəqqi” medallı Əmir İbrahimov söhbətə qoşulur:
– O vaxt rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər sədərəklilərin səngərinə çevrilmişdi. İlk düşmən gülləsinə tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Hələ məktəbə də getmirdilər. Sədərəklilərin güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əliyeva:
– Bəhs olunan hadisələr başlayanda 9 yaşım var idi. O illəri uşaq kimi xatırlayıram. Və bu gün dərs dediyim şagirdlərə aşılamağa çalışıram ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə həmişə qalib gəlib. Sədərək hadisələri ilə bağlı dərs prosesində, məktəbdənkənar və sinifdənxaric məşğələlərdə söhbətlər aparırıq, inşa-yazı və rəsm müsabiqələri keçiririk. Onu da qeyd edim ki, aidiyyəti fənlərin proqramlarında da bu mövzuya kifayət qədər yer ayrılıb. Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu gün məktəbin bütün müəllimləri bu işdə fəallıq göstərirlər. Odur ki, Sədərəyin məktəbyaşlı ən kiçik şagirdindən tutmuş yuxarı sinif şagirdlərinə qədər hamı Sədərək döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş eloğullarımız haqqında ətraflı məlumatlara malikdirlər.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov:
– 25 il bundan əvvəl baş verənləri unutmayan sədərəklilərə hərtərəfli dövlət qayğısı hamımızı ürəkdən sevindirir. Ulu öndərimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər də dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar. Bu gün qovuşduğumuz bu işıqlı həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın heç vaxt sönməyəcək ziyası sərhəd bölgəsini daha xoş sabahlara aparır.
“Dəyirmi stol” arxasındakı söhbətdə Sədərəyin hərtərəfli dövlət qayğısı əhatəsində olmasından geniş danışıldı. Söhbət iştirakçıları düşmənə gözdağı olan bu yurd yerinin bu gün müasir rayona çevrilməsindən ağızdolusu bəhs etdilər.
Muxtar MƏMMƏDOV