Faciələrimiz məhz güclü ordumuz olmadığı üçün baş verib
Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümünü qeyd edir. Reallıq budur ki, əgər həmin illərdə biz müstəqil bir dövlət olsaydıq, 1990-cı ildə də Silahlı Qüvvələrimiz bugünkü kimi yüksək döyüş hazırlığına malik olsaydı, nə 20 Yanvar, nə də Xocalı faciələri baş verərdi. Ona görə də biz qürurla deyə bilərik ki, əldə etdiyimiz çoxsaylı nailiyyətlərin ən birincisi tökülən qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizdir. Biz qürurla deyirik ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan, qorunub saxlanılan müstəqil Azərbaycanın bu gün qüdrətli ordusu var. Dövlətimizin, dövlətçiliyimizin, Vətənimizin qarantı olan qüdrətli Azərbaycan Ordusu...
Ümumiyyətlə, təkcə bu gün deyil, dünya dövlətçilik tarixi yaranandan bəri ordu, silahlı qüvvələr, müdafiə sistemi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki bütün dövrlərdə işğalçı da olub, torpağını işğaldan təmizləmək istəyənlər də. Yəni güclü ordu formalaşdırmaq istəyənlərin biri hərbi yürüşləri nəzərdə tuturdu, digəri isə həmin yürüşlərdən müdafiə olunmağı. Biz həm də bununla fəxr edə bilərik ki, milli dövlətçilik tariximizdə ordumuz həmişə Vətənimizi müdafiə etmək missiyasını yerinə yetirib. XX əsrin əvvəlində əldə etdiyimiz dövlət müstəqilliyi illərində də, indiki müstəqillik dövrümüzdə də Azərbaycan Ordusu daim sülhə, əmin-amanlığın qorunmasına xidmət edib, ölkə ərazisinin işğaldan azad edilməsi naminə yaradılıb və formalaşdırılıb.
Tarixə nəzər salanda bir daha görürük ki, həm 1918-1920-ci illərdəki dövlət müstəqilliyimiz dövründə, həm də 70 ildən sonra həmin müstəqilliyin bərpası zamanı Azərbaycan əraziləri həmişə mənfur erməni daşnakları tərəfindən işğala məruz qalıb. Məhz bu baxımdan müstəqilliyimizin ilk illərində regionun digər dövlətlərinə nisbətən Azərbaycan daha güclü orduya ehtiyac duyurdu. Xalqın bu istəyini reallaşdırmaq, qüdrətli ordunun formalaşdırılmasına nail olmaq üçün isə dövlətə qüdrətli siyasətçinin rəhbərlik etməsi zərurətə çevrilmişdi. Həmin dahi şəxsiyyət ümummilli lider Heydər Əliyev idi.
Böyük dövlətçilik təcrübəsinə malik olan qüdrətli siyasi xadim Heydər Əliyev dövlətin, Vətənin varlığı üçün ordu quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayıb. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır. Böyük dövlət xadimi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi hissə və dəstələrə vahid rəhbərliyin əsasını qoymuşdur. Bu dövrdə yaradılan ilk milli ordu qurumlarından biri də 705 saylı Əlahiddə Gücləndirilmiş Motoatıcı Briqada idi. 1993-cü ildə ali hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində davamlı tədbirlər görmüşdür. Blokada şəraitində və düşmən dövlətlə sərhəddə yerləşən Naxçıvanın müdafiəsi də diqqətdə saxlanılmış, motoatıcı briqadanın bazasında diviziya, sonra isə ordu korpusu yaradılmışdır”.
Bəli, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər mütəşəkkil, nizami ordu quruculuğu sahəsində, Silahlı Qüvvələrin maddi-texniki təminatının artırılması istiqamətində əsaslı işlər gördü. Hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ordu quruculuğu sahəsində varislik prinsipinə də əməl olundu, bununla, müasir dövlətçiliyimizin tarixinin 1991-ci ildən deyil, məhz 1918-ci ildən hesablanmalı olduğu həm də beynəlxalq aləmin diqqətinə çatdırılmış oldu. Belə ki, ulu öndərin 22 may 1998-ci il tarixli Sərəncamı ilə hər il 26 iyun “Silahlı Qüvvələr Günü” kimi qeyd olunur. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası C.Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər 20 avqust 2001-ci il tarixli Fərman ilə müvafiq olaraq, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılmasına əhəmiyyətli töhfələr verdi.
Ümummilli liderimiz ərazi baxımından Azərbaycandan aralı düşmüş Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması və burada peşəkar hərbçi kadrların hazırlanması məsələsini də diqqətdən kənarda saxlamırdı. Dahi rəhbər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qədim diyarda C.Naxçıvanski adına Hərbi Liseyin filialını açmaq barədə təşəbbüsünü bəyənərək 1998-ci il martın 13-də “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında” Sərəncam imzaladı. Tarixi sərəncamın icrası, ümumilikdə, Azərbaycanda vətənpərvər və peşəkar hərbçilərin sayının artmasına rəvac verdi.
Bu gün ulu öndərin siyasi xətti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görə də dövlət başçısı təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji əhəmiyyətə malik olan Naxçıvanın müdafiə qabiliyyətinin artırılması üçün çox mühüm qərarlar qəbul edib: 2013-cü il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bununla da, qədim Naxçıvanın müdafiə qabiliyyəti daha da artırılıb, idarəetmə təkmilləşdirilib ki, nəticədə, daha effektiv müdafiə sistemi qurulub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən deyib: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza daha da gücləndirilib, həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji vəziyyətinin yüksəlməsinə səbəb olub.
Bu gün hərbi-strateji cəhətdən əməkdaşlıq etdiyimiz ölkələrin hamısının ekspertləri ən mötəbər beynəlxalq tribunalardan etiraf edirlər ki, Azərbaycan dövləti Qafqazda lider ölkə olduğu kimi, Azərbaycan Ordusu da ən yüksək səviyyədə təchiz olunmuş ordudur. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının müasirləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin yaradılması, ordudakı nizam-intizamın gündən-günə möhkəmləndirilməsi, Milli Orduda qabaqcıl Avropa ölkələrinin hərbi quruculuq təcrübəsinin və NATO standartlarının tətbiqi, eləcə də ordu ilə bağlı digər çoxsaylı faktlar bugünkü Azərbaycan həqiqətləri sırasında özünəməxsus yer tutur.
Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusu da qədim diyarın etibarlı müdafiə sistemini günümüzün ən yüksək tələbləri çərçivəsində qurub və düşmənə layiqli cavab verməyə tam hazırdır.
Rauf Əliyev