23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvanın
regional cazibə mərkəzi olduğu bir daha təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infra­struktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir.

Tarixin son beş min ilində Naxçıvan torpağında neçə-neçə sivilizasiyanın izlərini qoymuş insanların çağdaş varisləri bu gün, sözün həqiqi mənasında, qədim diyarda xariqələr yaradırlar. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər də belə deməyə əsas verir. Qədim diyarın şanlı tarixinə “Muxtariyyət ili” kimi daxil olan 2014-cü ilin siyasi mənzərəsinə nəzər yetirdikdə isə bir daha aydın olur ki, mühüm geostrateji əhəmiyyətə malik olan Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafı onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib.

Məlum olduğu kimi, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam oldu. Bu səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planı”nın təsdiq olunması ötən il muxtar respublikada ictimai-siyasi əhəmiyyətə malik tarixi tədbirlərin keçiriləcəyindən xəbər verirdi.

Təbii ki, bu tədbirlərin zirvə nöqtəsi ötən il aprelin 8-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim idi.
Dövlət başçısı təntənəli mərasimdəki nitqində qədim diyarın tarixindən, Naxçıvana muxtariyyətin verilməsinin siyasi əhəmiyyətindən danışaraq dedi: “Naxçıvanın eyni zamanda qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi”.
Ölkə rəhbəri yubiley mərasimində muxtar respublikada əldə edilən uğurları yüksək qiymətləndirib: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır...”
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı növbəti möhtəşəm tədbir isə ötən il iyulun 4-5-də “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən Beynəlxalq Konfrans oldu. Mötəbər beynəlxalq tədbirdə Azərbaycanın görkəmli alim və tədqiqatçıları, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi-tədqiqat müəssisələrinin, ali təhsil məktəblərinin nümayəndələri, mütəxəssislər iştirak edirdilər.
Konfransda iştirak edən bütün qonaqlar məruzələrində Naxçıvanın bugünkü heyrətamiz inkişafı barədə də söz açdılar. Bildirildi ki, müasir Naxçıvan dünyaya yeni intibahın nümunəsini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər regionları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının da inkişafına göstərdiyi böyük qayğı burada sürətli inkişafa təkan vermiş­dir. ­
Yuxarıda qeyd olunduğu kimi, muxtar respublikada infrastruktur layihələrinin uğurla həyata keçirilməsi nəticəsində başda Naxçıvan şəhəri olmaqla, bütün rayon mərkəzlərinin və kəndlərin abadlaşması, bütün sahələr üzrə əhəmiyyətli nailiyyətlərin qazanılması burada yüksəksəviyyəli beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradıb.
Ötən ilin may ayında Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının keçirilməsi də bunu sübut edir. Doqquz ölkədən 300-dən artıq şahmatçının Naxçıvana gəlməsi festivala olan beynəlxalq marağın göstəricisi idi. 2014-cü ilin may ayında muxtar respublikada gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışın keçirilməsi regionumuzda beynəlxalq idman yarışlarının təşkili üçün ən müasir infrastrukturun qurulduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
2014-cü ildə Naxçıvan daha bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirildi. Biznes forumda dəfələrlə bildirildi ki, 23 il blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sürətli inkişafı, tərəqqisi, gündən-günə gözəlləşməsi türkdilli xalqların nümayəndələri tərəfindən rəğbətlə qarşılanır.
Naxçıvan Muxtar Respublikasının mühüm və həssas geosiyasi məkanda yerləşməsi elmi şəkildə əsaslandırılmış çevik, tarazlı və çoxtərəfli əlaqələrin qurulmasını, tarixi-mədəni bağlarımız olan qonşularla münasibətlərin inkişafını tələb edir. Bu baxımdan da 2014-cü il muxtar respublika üçün uğurlu oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinlə, Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Nihat Ərşənla, Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin mövcud olduğu diqqətə çatdırılıb, bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm əhəmiyyət daşıdığı bir daha vurğulanıb, ikitərəfli münasibətlərin inkişafı istiqamətində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə inam ifadə edilib.
Ali Məclis Sədrinin muxtar respublikaya səfərə gələn Türkiyə Respublikasının İqdır Vilayətinin valisi Davut Hanerlə, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətlə görüşlərində qonşu ölkələrin yaxın bölgələri ilə muxtar respublika arasındakı əlaqələrin inkişafının əhəmiyyəti xüsusi vurğulanıb.
Ötən il avqustun 18-də Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri İsmət Yılmazın və Gürcüstan Respublikasının Müdafiə naziri İrakli Alasaniyanın Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi Naxçıvanın həm də regional əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında da əlaqələr uğurla inkişaf edir. Muxtar respublikalar arasında qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə 2014-cü il iyulun 28-də Batumiyə səfəri, oktyabrın 4-də isə Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridzenin Naxçıvana səfəri zamanı keçirilən görüşlərdə qarşılıqlı, faydalı əlaqələrin gələcəkdə də sürətlə inkişaf edəcəyi qeyd olunub.
Ötən il Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono-Qrexin, Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqin, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin, Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pas­keviçin, Pakistan İslam Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnin muxtar respublikamıza səfərləri Naxçıvanın iqtisadi, siyasi, mədəni baxımdan regional mərkəzə çevrildiyinin göstəricisidir.
Naxçıvanda “Muxtariyyət ili” artıq geridə qalıb. Ötən il əldə olunan nəticələr, qazanılan uğurlar 2014-cü il dekabrın 27-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında bir daha qeyd olunub. Sessiyada Ali Məclisin Sədri deyib: “Muxtariyyət ili”ndə əldə olunmuş nəticələr sosial-iqtisadi inkişafa davamlı xarakter vermişdir. Qəbul olunmuş mühüm dövlət pro­qramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluğun artırılmasına nail olunmuş və bu inkişafın davamlı olması məqsədilə 2014-cü il sen­tyabrın 1-də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı qəbul olunmuşdur. Bütün bunlar muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, makroiqtisadi dinamikanın qorunub saxlanmasına səbəb olmuşdur”.

Bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Dünyanın heç bir yerində blokada şəraitində yaşayan bir məkan bu səviyyədə sürətli iqtisadi yüksəlişə nail ola bilməyib. Məhz bu yüksəlişin nəticəsində Naxçıvan həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR