Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilmişdir.
İclasda komissiyanın 2014-cü ilə aid tədbirlər planının icrası və 2015-ci il üçün tədbirlər planının təsdiq olunması barədə məsələlər müzakirə olunmuşdur.
Birinci məsələ ilə əlaqədar komissiyanın sədri Azər Zeynalov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Qaçay Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Səhət Həbibbəyli və digərləri çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş mübarizə tədbirlərindən danışmış, komissiyanın 2014-cü ilə aid tədbirlər planının icrası barədə ətraflı məlumat vermişlər.
Komissiyanın sədri Azər Zeynalov iclasa yekun vuraraq bildirmişdir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutmaqla gənclər arasında sağlam həyat tərzinin formalaşması və asudə vaxtın səmərəli təşkil edilməsi istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimaiyyətin səylərini əlaqələndirərək narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirəcəkdir.
İclasda komissiyanın 2015-ci il üçün tədbirlər planı təsdiq olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti