23 Dekabr 2024, Bazar ertəsi

Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olan 35 hüquqi və 294 fiziki şəxs olmaqla, ümumilikdə, 329 vergi ödəyicisi qeydiyyata alınıb. Ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan 235 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib.
Vergilər İdarəsindən qəzetimizə verilən məlumatda bildirilir ki, ötən il 710 hüquqi və fiziki şəxsə bank hesabı açılıb ki, bu da ödəmələrin köçürmə yolu ilə aparılmasına əlverişli şərait yaradıb.

Vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərilməsi, işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağlanmaması və vergidənyayınma hallarının qarşısının alınması məsələləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il Naxçıvan şəhəri ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 47 obyektdə nəzarət-kassa aparatı quraşdırılıb. Bəhs olunan dövrdə idarəyə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına diqqət daha da artırılıb. Eyni zamanda xüsusi razılıq (lisenziya) olmadan 6, xarici valyutanı ödəniş vasitəsi kimi qəbul edən 15, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməyən 12, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış 3, vergi orqanlarında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 vergi ödəyicisinə maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilib, həmin vəsaitin tamamilə büdcəyə ödənilməsi təmin olunub. Həmçinin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması ilə əlaqədar reydlər davam etdirilib, 226 nəfərlə əmək müqaviləsinin bağlanmasına köməklik göstərilib. Bağlanmış əmək müqavilələrində işçilərə ödənilən aylıq əməkhaqqının məbləği 180 manatdan az olmayıb.
Qeyd edək ki, görülən tədbirlər nəticəsində ötən il bank orqanları tərəfindən Naxçıvan şəhərinin ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarında qoyulmuş 327 ədəd POS-terminalın vergi orqanında qeydiyyatdan keçirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi də verilən məlumatda öz əksini tapıb.
Məlumatda o da bildirilib ki, vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırıqda nəzərdə tutulmuş 11 milyon 170 min manata qarşı 12 milyon 301 min manat vəsait toplanılıb büdcəyə ödənilib. Bu da illik tapşırığın 110,1 faiz yerinə yetirilməsi deməkdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR