Əlahiddə Ümumqoşun Ordusunun Sədərək rayonundakı “N” hərbi hissəsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb.
Bildirilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizliyini nümayiş etdirdi.
Qeyd olunub ki, məhz həmin tarixi günlərdə mənfur ermənilər öz havadarları ilə əlbir olub Sədərək rayonuna da dəfələrlə hücum ediblər. Həmin döyüşlərdə Naxçıvan şəhid verdi, amma düşmənə bir qarış da torpaq vermədi. Bu gün isə Sədərək, eləcə də digər sərhəd məntəqələrimiz Silahlı Qüvvələrimizin yüksək hazırlıqlı bölmələri tərəfindən qorunur.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, Həsən Ağasoy, eləcə də Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşı Əmir İbrahimov çıxış ediblər. Bildirilib ki, 1990-cı il yanvarın 18-dən 25-dək muxtar respublikamızın strateji sərhəd yaşayış məntəqələrindən olan Sədərəyə erməni-rus hərbi birləşmələrinin davamlı hücumları intensiv xarakter alıb. Müasir döyüş silahları ilə hərtərəfli təchiz olunmuş düşmən çox qısa bir vaxtda Sədərəyi işğal etməyi planlaşdırırdı. Qanlı yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları nəticəsində burada ilk şəhidlər verildi. Buna baxmayaraq, muxtar respublika əhalisi səfərbər olaraq Naxçıvanı qoruyub saxladı. Düşmən önündə mərdliklə dayanan naxçıvanlılar qəhrəmancasına mübarizə apararaq bu torpaqlara işğalçıların ayağının dəyməsinə imkan vermədilər. Bu gün isə hər birimiz qürur duyuruq ki, bir zamanlar şəhid qanı ilə suvarılmış bu səngərlər indi Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı ordu birləşməsi tərəfindən qorunur. İstənilən an və istənilən vəziyyətdə düşmənə layiqli cavab verməyi bacaran əsgərlərimiz indi hər birimizin qürur mənbəyidir.
Tədbirdə mədəniyyət kollektivləri nümayəndələrinin və Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin şagirdlərinin təqdimatında şəhidlərimizə həsr olunmuş mahnı və şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Xəbərlər şöbəsi