Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Fəaliyyət göstərdiyi müddətdə nazirliyin səlahiyyətləri bir neçə dəfə məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, sabit fəaliyyət istiqaməti olmamışdır. 1956-cı ildə onun səlahiyyətləri Ali Məhkəmə, prokurorluq və digər orqanlara verilmişdir. Ulu öndər Heydər Əliyev ölkəmizdə ilk dəfə rəhbərliyə gəlişindən sonra respublikanın qanunvericilik sisteminə, hüquq-mühafizə orqanlarının statusuna, ədliyyə sisteminə diqqət göstərmiş, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. 1971-ci il mayın 5-də Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis edilmişdir. 1990-cı il noyabrın 17-dən etibarən isə qurum Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi adlanmışdır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatlar aparılmağa başlandı. Ümummilli liderin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş Sovetlər Birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi. Ulu öndərin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının və cəzaların icrası, normativ aktların qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, digər maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verildi. Bundan sonra azsaylı ştat vahidi ilə fəaliyyət göstərən nazirliyin aparatının yeni strukturu təsdiq edildi, yeni şöbə və bölmələr yaradıldı, gənc hüquqşünaslar ədliyyə orqanlarına işə qəbul olundular.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, mükəmməl normativ-hüquqi baza yaradılmışdır. Ötən müddət ərzində ölkəmizdə ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, gələcək perspektivlərə hesablanmış mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” fərman və sərəncamların imzalanması, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun qəbul olunması bu sahənin inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.
Muxtar respublikada da ədliyyə sahəsində sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulması təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmiş, nazirliyin muxtar respublikada ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı kimi geniş fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Əsasnaməyə əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və notariat orqanlarının fəaliyyətini tənzimləyir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və reyestrini aparır, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə qərarlarının icrasını, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir. Həmçinin bələdiyyələrin işinin təşkilinə kömək və metodoloji yardım göstərilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaq aparılması, məhkəmə ekspertizalarının keçirilməsi, hüquqi maarifləndirmə işi və digər məsələlər də Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinə aiddir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Məhkəmə və ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, qanun yaradıcılığı və hüquqi maarifləndirmə, insan haqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr durur”. Muxtar respublikada bu sahədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Ədliyyə Nazirliyinin rolu və əhəmiyyəti dövrün tələblərinə uyğun olaraq daha da genişlənmişdir. 2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmətin yaradılması muxtar respublikamızda cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərmişdir. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə muxtar respublika ərazisində penitensiar müəssisələr tikilib istifadəyə verilmişdir. Bu gün məhkumların sosial reabilitasiyası, məşğulluğu və sağlamlığı diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə ilk dəfə olaraq Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi muxtar respublikamızda istifadəyə verilmişdir. Bu, insan hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyətə malikdir. Çünki müasir tələblərə cavab verən bu müəssisələr istintaq altında olanların saxlanılması şəraitinin yaxşılaşdırılması ilə onların hüquqlarının təmin olunmasına, həm də məhkəmə baxışının və qərarlarının icrasının vaxtında icra edilməsinə əlverişli şərait yaradır. Burada məhkumların əmək vərdişlərinə yiyələnməsi, asudə vaxtın səmərəli təşkili məqsədilə istehsalat sahələri yaradılması məhkumların sosial adaptasiyasına köməklik göstərir.
Ekspertiza işinin təşkili ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biridir. Muxtar respublikanın hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların aparılmasını operativ və qanunamüvafiq qaydada təmin etmək məqsədilə 2005-ci il 5 oktyabr tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı yaradılmışdır. Filialın iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binası genişləndirilərək təmir etdirilmiş, ekspertiza prosesində elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsinə diqqət artırılaraq qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, ən müasir standartlara cavab verən kriminalistik avadanlıqlar alınmış, yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir.
Hazırda filialda məhkəmə ballistika, məhkəmə trasologiya, daktiloskopiya, sintetik təbiətli və bitki mənşəli narkotik vasitələrin ekspertizası, məhkəmə əmtəəşünaslıq, məhkəmə yol-nəqliyyat, məhkəmə xətşünaslıq və sənədlərin kriminalistik texniki ekspertizası, məhkəmə iqtisad, məhkəmə psixoloji ekspertizası, məhkəmə yanğın-texniki ekspertizası, məhkəmə tikinti-texniki ekspertizası, nəqliyyat vasitələrinin detallarının ekspertizası, pul nişanlarının məhkəmə ekspertizasını aparmaq mümkündür.
Nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 19 iyul tarixli “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” və 2011-ci il 18 fevral tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanlarına uyğun olaraq, Hüquqi Aktların Dövlət Reyestrini və sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrini də həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi əhalinin hüquqi maarifləndirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar ədliyyə sistemində həyata keçirilən islahatlar, görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır, normativ-hüquqi aktların izahı istiqamətində ardıcıl işlər görür. Eyni zamanda nazirliyin elektron səhifəsi yaradılmış və muxtar respublikanın elektron hökumət portalına qoşulmuşdur. Bu da vətəndaşların maneəsiz, vaxt itirmədən nazirliyə müraciət imkanlarını genişləndirmişdir.
Bu gün muxtar respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf nəticəsində müasir tələblərə cavab verən hüquq infrastrukturunun yaradılması nəticəsində əhalinin rahat və təhlükəsiz yaşayışına, hüquq və azadlıqlarının qorunmasına və ədliyyə orqanları qarşısında qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə nail olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəxsi heyəti bundan sonrakı fəaliyyətində də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikamızın qüdrətlənməsi və inkişafı yolunda yorulmadan çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti