Enerji təhlükəsizliyi hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın bütün ərazisi dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur. Elektrik enerjisinin 24 saat fasiləsiz verilişinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlər 2015-ci ilin yanvar ayı ərzində də davam etdirilmişdir.
Ötən ay ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 37 milyon 555 min 850 kilovat-saat elektrik enerjisi daxil olmuş, tələbat yerli istehsal hesabına ödənilmişdir. Son illər yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində muxtar respublikada elektrik enerjisi tələbatdan artıq istehsal olunur. Bu da muxtar respublikanın ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Yanvar ayı ərzində muxtar respublikadan İran İslam Respublikasına 4 milyon 228 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür.
İşlədicilərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, ilk növbədə, avadanlıqların və elektrik şəbəkələrinin saz vəziyyətdə olmasından asılıdır. Buna görə də bütün elektrik stansiyalarındakı aqreqat və generatorlar, elektrik verilişi xətləri daimi nəzarətdə saxlanılır. Ay ərzində Araz Su Elektrik Stansiyasında generatorlar 5-6 meqavat, Naxçıvan Modul Elektrik stansiyasında 35-40 meqavat, Biləv və Arpaçay Su Elektrik stansiyalarında 2-3 meqavat güclə işləmişdir.
Muxtar respublikada 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəlcədən zəruri tədbirlər həyata keçirildiyindən yanvar ayı ərzində elektrik enerjisi təchizatında çətinlik olmamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılır. Ötən ay Naxçıvan Modul Elektrik Stansiyasında sonuncu aqreqatın təmiri də başa çatdırılmış və sistemə qoşulmuşdur. Artıq stansiyadakı 10 aqreqatın hamısı işlək vəziyyətdədir. Kəngərli rayonunda tikinti-quraşdırma işləri davam etdirilən 35 meqavolt-amper güclü yeni 110 kilovoltluq “Qıvraq” yarımstansiyasındakı 25 və 10 meqavolt-amper güclü transformatorların 110 kilovoltluq eleqaz açarlarının, ayırıcıların, gərginlik və cərəyan transformatorlarının, boşaldıcıların, 35 və 10 kilovoltluq hücrələrin, idarəetmə və mühafizə qurğularının, akkumulyator batareyalarının quraşdırılması işləri yekunlaşdırılmışdır. Hazırda yarımstansiyada sınaq-sazlama işləri görülür.
Bu ilin yanvar ayı ərzində də tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin və digər sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi işləri davam etdirilmişdir. Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində yeni tikilən sosial obyektlərin enerji təchizatı üçün 400 kilovolt-amper güclü transformator yarımstansiyası qoyulmuş, 2 ədəd müxtəlif güclü transformator yarımstansiyası əsaslı təmir olunmuş, 0,5 kilometr uzunluqlu elektrik verilişi xətti çəkilmişdir. Bu istiqamətdə işlər muxtar respublikanın digər yaşayış məntəqələrində də yerinə yetirilmişdir. Belə ki, Şərur rayonunun Kürkənd və Babək rayonunun Şəkərabad kəndlərindəki 10/0,4 kilovoltluq transformator yarımstansiyaları, həmçinin Culfa rayonunun Bənəniyar kəndində 7 transformator yarımstansiyası əsaslı təmir edilmiş, yeni elektrik verilişi xətləri çəkilmiş və ya yenisi ilə əvəz edilmişdir. Ümumiyyətlə, yanvar ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 1 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 11,5 kilometr uzunluqlu 10 və 0,4 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Təmir işlərinin vaxtında və səmərəli təşkili üçün 2015-ci ilin yanvar ayı ərzində Naxçıvan, Şərur, Culfa transformator təmiri sexləri lazımi materiallarla təchiz edilmişdir.
Ay ərzində elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınması və istifadə qaydalarına düzgün əməl olunması məqsədilə maarifləndirici və profilaktik tədbirlərin təşkili də davam etdirilmişdir. Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birlikdə reydlər aparmış, sayğacdankənar müdaxilələrin və elektrik enerjisindən israfçılıqla istifadənin qarşısı alınmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin kollektivi növbəti aylarda da qarşıya qoyulan vəzifələrin icrası sahəsində səylə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti