Və ya insan amilinə dövlət qayğısının ifadəsi
Hələ ötən əsrin 90-cı illərində muxtar respublikada ilk özəl nümunəvi təsərrüfat Püsyanda yaradılıb, kənddə yeraltı suvarma şəbəkəsi qurulub. Kənddə güclü təsərrüfatçılıq ənənələri formalaşdırılıb, hər il tonlarla kənd təsərrüfatı məhsulları istehsal edilib. Ancaq belə bir imkanlı yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatlar uyğunlaşdırılmış binalarda yerləşdirilib. Yəni Püsyanda dövlət tərəfindən müasir tələblərə cavab verən binalar inşa edilməyib. Mövcud binalar isə dövrün tələblərinə cavab verməyib.
Ötən ildən yenidən qurulmasına başlanılan, yanvar ayının 6-da istifadəyə verilən məktəb binası, həmçinin müasir standartlar səviyyəsində inşa olunan həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Sədərək magistral avtomobil yolundan Püsyan kəndinədək, eləcə də 5,4 kilometr kənddaxili yola asfalt örtük salınması, 10 kilometr məsafədə məhəllələrarası yolların təmir olunması, yeni tikililərə 360 metr uzunluğunda qaz xəttinin, 940 metr məsafədə beton kanalın, kənddaxili 400 metr fiber-optik, ümumi uzunluğu 14,7 kilometr olan yerüstü və 2,5 kilometr olan yeraltı rabitə, 1,5 kilometr elektrik xətlərinin çəkilməsi, 478 metr suvarma kanalının inşa olunması püsyanlıların üzləşdikləri problemlərə son qoyub.
Bütün bunlar barədə kənd adamlarının fikirlərini öyrənmək məqsədilə, ilk olaraq, məktəb binasına üz tutduq. Kəndin ziyalı potensialının cəmləşdiyi 4 mərtəbəli bu təhsil ocağı 792 şagird yerlikdir. Hazırda burada 310 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur. Təhsil ocağının yeni binasında 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuş 2 kompüter otağı, 2 müəllimlər otağı, 4 elektron lövhəli sinif, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Məktəbin müəllimi Fəranə Bağırova bildirdi ki, Ali Məclis Sədrinin açılış mərasimində dediyi sözlər pedaqoji kollektivin hər bir üzvünün fəaliyyət proqramına çevrilib: “Təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğı, təhsilə qoyulan sərmayə isə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu amil hər bir ölkənin gələcək inkişaf yolunun təhsildən keçdiyini bir daha təsdiq edir. Püsyan kənd tam orta məktəbi üçün yeni binanın istifadəyə verilməsi, yaradılan müasir tədris şəraiti də ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Məktəbdə elektron lövhəli siniflər, internetə qoşulmuş kompüter otaqları, laboratoriyalar, hərbi kabinə, idman qurğuları və digər müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Bütün bunlar da məktəbdə təhsilli və sağlam gənc nəslin yetişdirilməsinə imkan verəcəkdir. Gənclərə yaxşı təhsil vermək, onları gələcəyə hazırlamaq, hər bir şagirdə bacarığına uyğun olaraq peşə seçimində köməklik göstərmək müəllimlərin qarşısında duran əsas vəzifələrdir”.
Bu məqamda oxucuların nəzərinə onu da çatdırmağı vacib sayırıq ki, bu gün Amerika Birləşmiş Ştatlarında çalışan tibb elmləri doktoru Gümrah Əliyev, Azərbaycan filologiya elminə öz töhfələrini verən professorlar Kamil Əliyev, Cəlal Qasımov, eləcə də tibb üzrə fəlsəfə doktoru Alı Əliyev, bir neçə kitab müəllifləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair Asim Yadigar, yazıçı Əbülfəz Əsgərov, şair Allahverdi Aqil və başqaları orta təhsillərini Püsyan kənd tam orta məktəbində alıblar. Məktəbin məzunu Fərhad Mirzəyev Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Bu gün püsyanlılar haqlı olaraq onlarla fəxr edirlər.
Təhsil ocağının belə yetirmələri haqqında qürurla danışan məktəbin direktoru Ülkər Nağıyeva Ali Məclis Sədrinin kollektiv qarşısında qoyduğu vəzifələri xatırlatdı: “Püsyan kənd tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumtəhsil məktəblərinin orta göstəricilərindən aşağıdır. Ona görə də müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbin nailiyyətləri artırılmalıdır. Bu işdə məktəb kollektivi ilə yanaşı, kənd ictimaiyyətinin nümayəndələri, xüsusilə ailələr yaxından iştirak etməli, məktəb-ailə münasibətləri düzgün qurulmalı, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir”. Bu vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirən Ülkər Nağıyeva dedi:
– Püsyan kəndində bir gündə belə böyük həcmdə sosial obyektlərin istifadəyə verilməsi münasibətilə dərin minnətdarlığımızı bildirir, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyimizə söz veririk. Məktəbdə yaradılan şərait çox yüksək səviyyədədir. Bu şəraitdən səmərəli istifadə etməklə gözəçarpan nailiyyətlərə imza atmaq heç də çətin deyil. Kollektivin də qarşısında məhz bu vəzifə durur: ölkəmiz üçün layiqli vətəndaşlar tərbiyə etmək. Elə vətəndaşlar ki, dövlətçiliyimizi, müstəqilliyimizi ən böyük, ən qiymətli sərvət sayaraq onların keşiyində durmağı bacarsınlar.
“Son illər Naxçıvanda sayı artan səhiyyə obyektləri insanların sağlamlığına qayğının ifadəsi kimi diqqəti çəkir. Bu obyektlərdə ilkin müayinə və müalicə üçün hərtərəfli şərait yaradılır, həmin səhiyyə ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması diqqətdə saxlanılır”, – bu sözləri Püsyan kənd həkim ambulatoriyasının baş həkimi Aydın Əliyev deyir və ambulatoriya haqqında məlumat verir:
– Püsyan kənd həkim ambulatoriyası xəstəxanatiplidir. İstifadəmizə 13 otaq verilib. Yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstəririk. Əhali arasında maarifləndirici tədbirlərin aparılmasını diqqət mərkəzində saxlayır, müxtəlif kütləvi tibbi prosedurların keçirilməsinə çalışırıq. Kollektivimiz unutmur ki, bizə ən şərəfli bir vəzifə tapşırılıb. Və bu vəzifəni yerinə yetirmək üçün müasir iş şəraiti ilə təmin olunmuşuq. Bu da ambulatoriyada çalışanların məsuliyyət hissini daha da artırıb.
Elə buradaca kənd ağsaqqalı Zahid Süleymanovla görüşürük. O, Püsyanda belə nümunəvi səhiyyə müəssisəsinin yaradılmasından məmnunluğunu bildirir, bunu kənd adamlarına göstərilən qayğı kimi dəyərləndirir. Vurğulayır ki, insana diqqət və qayğı olan yerdə onun qurub-yaratmaq, yaşamaq əzmi də yüksəlir. Deyir ki, püsyanlılar zəhmətkeş insanlardır. Necə deyərlər, daşdan çörək çıxarmağı bacarırlar.
El ağsaqqalı bir qədər dayanır, üzünə təbəssüm qonur. Sözünə davam edir:
– Heç daşdan çörək çıxarmağa ehtiyac yoxdur. Püsyanın məhsuldar torpaq sahələri var. Kənd adamları bunu bilir, gün-güzəranlarını daha da yaxşılaşdırmaq üçün dövlətimizin yaratdığı şəraitdən səmərəli istifadə edirlər.
Yazımızın əvvəlində bildirdik ki, sovet dönəmində kənddəki qurumlar uğunlaşdırılmış binalarda fəaliyyət göstəriblər. Artıq Püsyanda ikimərtəbəli kənd mərkəzi istifadəyə verilib. Burada rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi fəaliyyət göstərir.
Püsyanlılara sevinc bəxş edən yeni obyektlərdən biri də xidmət mərkəzidir. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin lazımi ərzaq və sənaye mallarına olan tələbatları öz kəndlərində ödənilir.
Xidmət mərkəzində kənd sakinlərindən Firudin Quliyev, Ceyhun Zeynalov, İmanverdi Quliyevlə həmsöhbət oluram. Hər biri razılıqla danışır, kənddə aparılan kompleks quruculuq işlərinə görə minnətdarlıq edir.
Beləcə, muxtar respublikamızda yeniləşən yaşayış məntəqələri sırasına Püsyan kəndi də əlavə olundu. Diyarımızın davamlı inkişafı, burada gündən-günə yüksələn həyat tərzi isə qədəm qoyduğumuz 2015-ci ildə belə ünvanların sayının daha da artacağını göstərir.
Muxtar MƏMMƏDOV