23 Dekabr 2024, Bazar ertəsi

Özünü dünyaya sülh carçısı, xalqların qardaşlığının, humanizmin tərəfdarı kimi təqdim edən keçmiş Sovet İttifaqının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc, əliyalın əhaliyə qarşı həyata keçirdiyi terror aktı onun həqiqi simasını bir daha göstərdi. Təbii ki, bu hadisənin baş verməsinin arxasında həm də siyasi məqsədlər dayanırdı. Qətliamların törədildiyi həmin gündən 25 il keçməsinə baxmayaraq, faciənin səbəbləri barədə bu gün də müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər arasında Azərbaycan kimi, necə deyərlər, yağlı tikəni əldən vermək istəməyən keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimlərə məxsus olan yolu seçdiyi xüsusi qeyd edilir. Azadlıqsevər azərbaycanlıları qorxutmaq, onların mübarizə əzmini qırmaq, eyni zamanda imperiyanın digər ərazilərində də baş qaldırmaqda olan azadlıq, müstəqillik meyillərinə zərbə vurmaq da sovet rəhbərliyinin məqsədləri arasında yer alırdı. 

 Yanvar qırğınının başvermə səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, artıq həmin vaxtadək dünya tarixində analoqu olmayan qətliamın törədilməsindən keçən 25 il ərzində tam sübut olunub ki, qırmızı imperiyanın bu terror aktını törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti paytaxta yönəltmək, anklav şəraitdə yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaq idi. 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr məhz sovet imperiyasının bu çirkin niyyətinin reallaşmasına xidmət edirdi. 

1989-cu ilin sonlarından güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 20 Yanvar hadisələrindən 8 saat əvvəl daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. İlk dəfə həmin gün Sədərək top atəşinə tutuldu. Eyni vaxtda ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi. Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gələrək Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Bu vəziyyət sovet rəhbərliyini də çaşbaş saldı. Həmin günlərdə Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı.
1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək özünü müstəqil respublika elan etdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın ovaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi. Ulu öndərimiz Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? – Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”. Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu. Sovet İttifaqının rəhbərliyi şok vəziyyətinə düşmüşdü. Çünki onun mövcudluğunun 68 ilində ikinci belə siyasi hadisə baş verməmişdi. Türkiyə və İranla sərhəddə olan, haqlı olaraq Qars, Moskva kimi beynəlxalq müqavilələri əlində rəhbər tutan Naxçıvan MSSR-in bu addımı Qorbaçov rejiminin Azərbaycanı parçalamaqla bağlı planlarına güclü zərbə vurmuşdu. Bakıdakı Qanlı yanvar qırğınından sonrakı dövr – 1990-cı ilin fevral, mart, aprel, may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi.
Artıq hər şey geridə qalıb. Bu gün ulu öndərin qurduğu və ümummilli liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin regionun lider dövlətinə çevirdiyi müstəqil Azərbaycan Respublikası, onun istənilən hərbi təcavüzə qətiyyətlə cavab vermək gücündə olan qüdrətli Silahlı Qüvvələri, bir də xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı şanlı mübarizə tarixi var. Bugünkü tarixi gerçəklik bir daha sübut edir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil, həm də bizim üçün şan və şərəf, milli qürur günüdür.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR