Artıq onlayn müraciətlə də daşınmaz əmlakın qeydiyyatının həyata keçirilməsi mümkündür
Naxçıvan Muxtar Respublikasında elektron xidmətlər sahəsində daha bir yeniliyə imza atılıb. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlakın məlumat bazası yaradılaraq milli qeydiyyat sistemi proqramı vasitəsilə avtomatlaşdırılmış şəkildə lokal idarəetmə təşkil olunub və inkişaf etdirilməkdədir.
Bu, o deməkdir ki, müvafiq portalın istifadəyə verilməsi sayəsində bu gün vətəndaşlar əlavə vaxt sərf etmədən birbaşa olduqları yerdən daşınmaz əmlaklarını qeydiyyatdan keçirmək üçün internet vasitəsilə onlayn müraciət etməklə plastik kartlarla ödəniş edə bilirlər. Bundan başqa, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın təmin olunması və sosial amillərin gücləndirilməsi istiqamətində atılan addımlardan biri də mobil ofisin yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumata görə, xüsusi imtiyazlı təbəqədən olan insanlara (əlil, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət etmək çətinliyi olan vətəndaşlar) daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlərin yerində göstərilməsi məqsədilə “NAZ-Lifan-6401” markalı minik-vaqon avtomobili mobil ofis səviyyəsində dizayn edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən səyyar xidmətlərin göstərilməsi üçün tətbiq edilən bu yenilik qeydiyyat xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin etməklə yanaşı, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sahəsində səmərəliliyinin artırılmasına xidmət edir.
Vətəndaşların daha rahat və vaxt itkisinə yol vermədən qanunla nəzərdə tutulmuş ödəmələrini elektron formada aparmaları üçün bu xidmət onlayn elektron ödəmə sisteminə (Golden Pay) inteqrasiya edilib. Yaradılan sistem eyni zamanda əhalinin reyestrindən istifadə etməyə imkan verir ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsində bir sıra çətinliklərin aradan qaldırılmasına şərait yaradır. Belə ki, əmlaklar üzərində etibar edilməmiş vətəndaşlar tərəfindən əməliyyat aparılmasının qarşısı alınır. Həmçinin əgər əvvəllər vətəndaşlar şəxsiyyət vəsiqələri tələb olunduqda onu özləri ilə götürmədiyi halda, təkrar xidmətə gəlməyə məcbur olurdularsa, evdən onlayn müraciətlər zamanı vətəndaş bu problemlərlə qarşılaşmır. Bununla yanaşı, xidmətdə POS-terminal quraşdırılıb ki, bu da vətəndaşlara plastik kartlardan istifadə etməklə ödəniş aparmağa imkan verir.
Elektron xidmətlərdən istifadə etmək üçün vətəndaşlar və ya hüquqi şəxslər Naxçıvan Muxtar Respublikasının elektron portalına (e-hokumet.nmr.az) daxil olaraq “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözünü seçməli və ya dedrx.nakhchivan.az saytına qoşulub “elektron xidmətlər portalı” yazılmış bölməyə daxil olduqdan sonra müvafiq xidməti seçərək elektron xidmətlər portalına qoşula bilərlər. Orada “Dövlət rüsumunu ödə” hissəsinə daxil olduqda qanunla nəzərdə tutulmuş rüsum ödənilməsi ilə bağlı məlumat əks olunur. Məlumatda göstərilənlərlə razılaşdıqda “Bu ərizənin göndərilməsinə razıyam” sözünün qarşısına işarə qoyduqdan sonra “ödə” düyməsi aktivləşir. “Ödə” düyməsini vurduqda “Golden Pay” ödəmə sistemi açılır və göstərilən məlumatları doldurduqdan sonra vətəndaşın plastik kartından müvafiq məbləğ çıxılır. Bundan sonra istifadəçilər müraciət olunan xidmətə xidmət haqqı tələb olunursa, “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olaraq müraciətin nömrəsini yazmaqla xidmət haqqının məbləğini öyrəndikdən sonra “Xidmət haqqının ödənilməsi” bölməsindən müvafiq ödənişi edə bilərlər.
Qeyd edək ki, hazırda 21 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir və təqdim edilən xidmətlərin sayının artırılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, bu tədbirlər “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifə və tapşırıqların icrası istiqamətində həyata keçirilib. Yeni xidmətin yaradılması fəaliyyətdə səmərəliliyin artırılması, ehtimal olunan bürokratik əngəllərin aradan qaldırılması, əhalinin rahatlığının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Səbuhi HƏSƏNOV