Tarixinin heç bir dövründə Naxçıvanın bugünkü kimi yüksək səviyyədə infrastrukturu olmayıb. Muxtar respublikanın var olduğu tarixi dövr ərzində ilk dəfədir ki, ən ucqar dağ kəndlərinə belə, təbii qaz, internet xətləri çəkilib, yollar abadlaşıb, körpülər salınıb, inşa olunan kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, məktəb binaları həmin kəndləri, sözün həqiqi mənasında, şəhərləşən kəndlərə çevirib. 2014-cü ildə də quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişlənib, 30-a yaxın kənd yaşayış məntəqəsində müxtəliftəyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ardıcıl şəkildə aparılan quruculuq işləri kəndlərdə infrastrukturun yenilənməsinə, əhalinin rahatlığının təmin olunmasına səbəb olub.
Sevindirici haldır ki, 2015-ci ilin ilk ayında – yanvar ayında da bu istiqamətdə əsaslı işlər görülüb. Ötən ayın əvvəlində muxtar respublikanın daha bir kəndi abadlaşan yaşayış məntəqələrinin sırasına qoşulub. Belə ki, yanvarın 6-da Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Yeni məktəb binasının, həmçinin müasir standartlar səviyyəsində həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin inşa olunması püsyanlıların sevincinə səbəb olub. Bu, təbiidir. Çünki həmin obyektlərin hər biri ayrı-ayrılıqda kənd sakinləri üçün çox böyük əhəmiyyətə malikdir.
Ancaq gəlin qəbul edək ki, tikililər arasında ən əhəmiyyətlisi məktəb binasıdır. Ona görə ki, təhsilə göstərilən diqqət həm bu günümüzə, həm də gələcəyimizə göstərilən diqqətdir. Təhsil elə strateji bir sahədir ki, bununla, bütövlükdə, milli yüksəlişə nail olmaq mümkündür. Püsyanda istifadəyə verilən yeni məktəb binası da həyata keçirilən mühüm strateji xəttin tərkib hissəsidir. Dörd mərtəbədən ibarət olan məktəb binasında yaradılan şərait təhsilli və sağlam, vətənpərvər gənc nəslin yetişdirilməsinə geniş imkanlar açır.
Püsyan kənd tam orta məktəbinin kollektivi ilə görüşündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir. Bu amili yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.
Kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Sədərək magistral avtomobil yolundan Püsyan kəndinədək, eləcə də 5,4 kilometr kənddaxili yola asfalt örtük salınması, 10 kilometr məsafədə məhəllələrarası yolların təmir olunması, 478 metr suvarma kanalının inşası kənd sakinlərini bir sıra problemlərdən birdəfəlik xilas edib.
Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri muxtar respublikanın şəhərlərini, kəndlərini tamamilə əhatə edib. Bu səbəbdən paytaxt Naxçıvan şəhəri ilə yanaşı, şəhərin ətraf qəsəbə və kəndləri də yeniləşmə prosesinə qoşulub. Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndi ötən ay yekunlaşan kompleks tikinti işlərindən sonra müasir qəsəbə görkəmi alıb.
Qaraçuqda yol şəbəkəsi müasir standartlara uyğunlaşdırılıb, 5,5 kilometr kənddaxili yola asfalt örtük salınıb, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunub. Yolun uzunmüddətli istismarı məqsədilə zəruri tədbirlər görülüb, 51 su keçidi və 1036 metrlik beton kanal çəkilib. Yanvarın 14-də Qaraçuq kənd avtomobil yolunun açılışı olub. Bu, kəndin infrastrukturunun möhkəmlənməsi, insanların rahatlığının təmini üçün əhəmiyyətlidir.
Yol həm də mədəniyyət deməkdir. Ancaq bir həqiqət də var ki, infrastrukturun yaradılması, binaların tikilməsi təhsilin, mədəniyyətin inkişafı üçün kifayət etmir. Buna nail olmaq üçün yeni nəslin bilik səviyyəsinin artırılması, mədəniyyətin, incəsənətin ən mühüm sahələrindən biri olan musiqi təhsilinin lazımi səviyyədə aparılması gələcək inkişafımızın müasir dövrün tələblərinə uyğun şəkildə qurulmasında böyük rol oynayacaqdır. Yanvarın 14-də Qaraçuq kənd Uşaq musiqi məktəbinin istifadəyə verilməsində əsas məqsəd də regional mədəniyyətin inkişafına töhfə verməkdir.
Qaraçuqda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb binasının, yeni kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi yaşayış məntəqəsinin şəhərləşən kəndlərimizin sırasına qoşulması deməkdir. Tikinti-quruculuq tədbirləri zamanı kənddə bir sıra abadlıq işləri də görülüb, rabitə və enerji təchizatı yaxşılaşdırılıb.
1990-cı ilin yanvar ayında Azərbaycanın qəhrəmanlıq tarixinə qanla yazılmış dəhşətli bir hadisə – 20 Yanvar faciəsi baş verib. Bu gün muxtar respublikada 1990-cı ilin 20 yanvar gecəsi və bədnam qonşularımızın hücumlarını dəf edərkən şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanının yaxınlığında xüsusi memarlıq üslubunda yeni bina – Xatirə Muzeyi inşa olunub.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yeni tikilmiş Xatirə Muzeyinə gəlib, burada yaradılan şəraitlə maraqlanıb.
Ali Məclisin Sədri Xatirə Muzeyinin məktəb-muzey şəbəkəsinə qoşulması və interaktiv dərslərin keçilməsi, muzey fondunun qəhrəmanlıq tariximizdən bəhs edən kitablarla zənginləşdirilməsi barədə tapşırıqlar verib.
Qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndlərində də yeni sosial obyektlər istifadəyə verilir, insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün işlər görülür. Zirvəsi qarla örtülmüş hündür dağ silsilələrinin ətəyində yerləşən Culfa rayonunun Şurud kəndi də bu gün artıq müasir kənd görkəmi alıb. Yanvarın 22-də burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Şurud kənd tam orta məktəbi istifadəyə verilib, kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şurud kəndində aparılan abadlıq-quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: “Muxtar respublikada dağ və sərhəd kəndlərinin abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır, kompleks tikinti-quruculuq işləri aparılır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Kəndin abadlaşması və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq qaz xətti çəkilmiş, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, ucqar dağ kəndi olmasına baxmayaraq, bu gün Şuruda fiber-optik kabel çəkilmiş, yeni ATS quraşdırılmış, sakinlərin internetə çıxış imkanı yaradılmışdır”.
Ucqar dağ kəndlərində bu cür şəraitin yaradılmasına ancaq inkişaf etmiş dövlətlər nail ola biliblər. Həmin dövlətlərin isə onilliklərlə müstəqillik tarixi vardır. Apardığımız ümumi araşdırmalar nəticəsində tam əmin olduq ki, son 20 ildə Naxçıvanda görülən işlər bir sıra Avropa ölkələrində 100 ildə görülüb.
Aparılan məqsədyönlü siyasət nəticəsində əldə olunmuş sosial-iqtisadi inkişafla yanaşı, muxtar respublikada həm də insan amilinə xüsusi diqqət yetirildiyini qeyd etməliyik. Bu gün muxtar respublikada insanların rahat yaşayışı təmin olunub. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu gün də ardıcıl tədbirlər görülür. Günü-gündən öz görkəmini dəyişən paytaxt Naxçıvan şəhərində də bu məsələ diqqət mərkəzində saxlanılır. Yanvarın 23-də Naxçıvan şəhərinin Kazım Talıblı küçəsində 20 nömrəli yaşayış binası istifadəyə verilib.
Bu yaşayış binasında mənzil sahibi olanlar şəhərin Kalbalıxan və Cəlil Məmmədquluzadə küçələrində fərdi evləri plana düşən ailələrdir. Sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edirlər.
İnsan əməyinin, zəhmətinin düzgün qiymətləndirilməsi bizim milli adət-ənənələrimizin, həm də dövlət siyasətimizin tərkib hissəsidir. Muxtar respublikada da müxtəlif sahələrdə ölkəmizin inkişafı, tərəqqisi yolunda daha çox çalışan və fəaliyyətləri ilə fərqlənən insanların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir. Çünki vəzifələrini layiqincə yerinə yetirən, fədakarlıq göstərən belə insanlar daim öz fəaliyyətləri ilə cəmiyyətimizin digər üzvlərinə nümunə olurlar.
Ötən ayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilib.
Bütün bunları nəzərə alaraq əminliklə qeyd edə bilərik ki, 2015-ci ilin ilk ayı da muxtar respublika üçün uğurlu nəticələrlə yadda qaldı. İstifadəyə verilən yeni sosial obyektlərdə 20 nəfərədək insanın işlə təmin olunması isə məşğulluğun artırılması istiqamətində atılan addımların davamlı xarakter aldığını göstərir. Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikada Ali Məclis Sədrinin diqqət və qayğısı, vətənpərvər, sağlam düşüncəli, əqidəli, işgüzar insanların birliyi gələcəkdə də qarşıda duran hər bir vəzifənin vaxtında, yüksək keyfiyyətlə icrasını təmin edəcək.
Bu gün qürurla deyə bilərik ki, muxtar respublikanın yüksək inkişafı təmin olunub. Ancaq qarşıda bizi yeni-yeni işlər gözləyir. Bu gün qarşıda duran əsas vəzifə qazandığımız uğurlara yenilərini əlavə etməklə, qurulanları, yaradılanları qoruyub saxlamaqla, dövlətimizin göstərdiyi diqqət və qayğıya layiqli bir vətəndaş kimi öz əməli işimizlə cavab verməklə, Vətənimizə, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətli gənclik yetişdirməklə Heydər Əliyev siyasi məktəbinin tələblərini yerinə yetirməkdir. Bu gün bütün bunlar intibah dövrünü yaşayan, yüksələn Naxçıvanın reallıqlarıdır.
Rauf ƏLİYEV