Azərbaycan Respublikasında seçki sisteminin inkişafı istiqamətində mühüm işlər görülmüş, seçkilərin demokratik şəkildə keçirilməsinə xidmət edən qanunvericilik bazası yaradılmışdır. 2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri də ölkəmiz üçün növbəti uğurlu addım oldu.
Bələdiyyə seçkilərində muxtar respublikanın ərazisini əhatə edən 7 seçki dairəsi üzrə 2179 nəfər öz namizədliyini irəli sürmək üçün müvafiq dairə seçki komissiyalarına müraciət etmiş və onlardan 2149 nəfərin namizədliyi qeydə alınmışdır.
Seçki günü seçki dairələri üzrə 266 min 430 nəfər seçicidən 110 min 309 nəfəri, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak etmişdir. Seçkilərdə muxtar respublika üzrə 171 bələdiyyəyə 1453 nəfər üzv seçilmişdir. Seçilmiş bələdiyyə üzvlərinin 1074-ü və ya 74 faizi Yeni Azərbaycan Partiyasının, 222-si və ya 15,4 faizi bitərəflər, 65-i və ya 4,5 faizi BAXCP-nin, 59-u və ya 4 faizi BQP-nin, 28-i və ya 1,9 faizi ASRP-nin, 3-ü və ya 0,2 faizi AVP-nin, 1-i VHP-nin, 1 nəfər isə ÜP-nin üzvlərindən ibarətdir. Seçilmiş bələdiyyə üzvlərindən 475 nəfəri və ya 32,7 faizi gənclər, 294 nəfəri və ya 20,2 faizi qadınlardır. Bələdiyyə üzvlərinin 715 nəfəri və ya 49 faizi ali və ya orta ixtisas təhsillidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 12 yanvar tarixli qərarı ilə bələdiyyələrə seçilmiş üzvlərin adlı siyahısı təsdiq edilmiş və bələdiyyə üzvlərinin siyahısı rəsmi mətbuatda dərc edilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq, bələdiyyə sədrləri və sədr müavinləri seçilmişdir. Bələdiyyə sədri seçilmiş 171 nəfərdən 121-i və ya 70 faizi ali və ya orta ixtisas təhsillidir ki, onlardan da 14-ü qadınlardır.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri də şəffaf, ədalətli və heç bir qanun pozuntusu olmadan keçirildi. Bütün bunlar da ölkəmizdə, eləcə də muxtar respublikada demokratik dəyərlərə böyük əhəmiyyət verildiyini və seçkilərdə hər bir vətəndaş üçün sərbəst şəkildə seçib-seçilmək hüququnun yaradılmasından xəbər verir.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası